Gələcək əməkdaşlıq üçün zəmin yaradan amillər

2022 -ci il dekabrın sonlarında Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəmizə işgüzar səfər etmişdir.Serbiya Prezidenti öz çıxışında qeyd etmişdir: “Yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və Serbiya ilə səmimi dostluğa görə Azərbaycan xalqına təşəkkür edirəm. Hər dəfə Bakıya gələndə çox böyük və inanılmaz irəliləyiş görürəm. Bu da liderliyin gücünün, Prezident İlham Əliyevin uzaqgörənliyinin və ölkəsinə böyük sevgi ilə rəhbərlik etməsinin göstəricisidir. Azərbaycanın səmimi dostları olaraq bu, bizi çox sevindirir”.
Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Ölkələrimiz arasında əlaqələrin qurulmasının 25 illiyi münasibətilə bu il avqustun 21-də Azərbaycan və Serbiya Prezidentləri arasında telefon danışığı olub. Telefon danışığı zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, Azərbaycan və Serbiyanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub.
Ümumiyyətlə, son vaxtlar Serbiya və Azərbaycan Respublikası arasında qarşılıqlı səfərlər və çoxtərəfli əlaqələr artan tempdə davam etməkdədir. Elə bu il ərzində ölkələrimiz arasında qarşılıqlı yüksək səviyyəli səfərlər həyata keçirilmişdir. Bu səfərlər ölkəmiz üçün siyasi və iqtisadi baxımdan əhəmiyyətlidir. Ölkəmizin həm nəqliyyat-logistika, həm  enerji resursları ilə zəngin olması onun qərb ölkələri üçün əhəmiyyətini xeyli artırmışdır. Bugün gərgin beynəlxalq vəziyyət, xüsusilə Rusiya-Ukrayna müharibəsi Avropa ölkələrini öz enerji mənbələrini şaxələndirməyə məcbur edir. Belə olan halda onlar üçün ən etibarlı tərəfdaş Azərbaycan Respublikasıdır. Dekabrın 18-19-da Ruminiyada Qara dənizin altı ilə elektrik enerji xəttinin çəkilməsilə bağlı bir neçə qərb ölkəsi və Azərbaycan arasında müqavilə imzalanmışdır. Nəzərə alsaq ki, ölkəmizin zəngin enerji ehtiyatları var ki, bura yaşıl enerjini də daxil etsək ölkəmiz üçün böyük ixrac potensialı yaranır. Serbiya Prezidentinin hər rəsmi görüşdə Azərbaycanın enerjiehtiyatlarını önə çəkməsi yaxın gələcəkdə bu ölkənin əsas enerji mənbəyinin ölkəmiz olacağı haqqında təsəvvür yaradır. Azərbaycan kimi, Serbiyanın da müstəqil siyasət yürütməsi əlaqələrin inkişafına daha da təkan verir. Ərazi bütövlüyü məsələsində də ölkələrimiz həmfikirdir. Serbiya Qarabağ məsələsində, Azərbaycan isə Kosova məsələsində bir-birini dəstəkləmişdir. 
44 günlük Vətən müharibəsinin ilk günlərində bir sıra serb silah alverçisinin Serbiya silahlarını Ermənistana keçirmək cəhdi isə münasibətlərə soyuqluqgətirmişdi. Lakin Serbiya dövlət xadimlərinin səhvlərini etiraf etməsi və rəsmən ölkəmizdən üzrxahlıq etməsi münasibətlərin yenidən dirçəlməsinə səbəb oldu. Bu işdə beynəlxalq siyasəti çox yaxşı bilən və təhlil edəncənab Prezident İlham Əliyevin də böyük rolu var. 21 dekabrda Bakıda baş tutmuş danışıqlarda artıq Serbiya dövləti ölkəmizin Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi bir sıra silahlara və məhsullara  maraq göstərdiyini bildirmiş və hətta imzalanmış sənədlər içində bununla bağlı da məsələlər öz əksini tapmışdır. Beləliklə də Serbiyanı Ermənistandan daha çox uzaqlaşdırmağı bacarmışıq. Əlbəttə bu da cənab Prezident İlham Əliyevin daha bir diplomatik uğuru sayılmalıdır. Serbiya ilə ölkəmiz arasında imzalanmış strateji əməkdaşlıq haqqında müqavilə ölkələrimiz arasında, ümumən ölkəmizlə Balkan ölkələri arasında əlaqələrin artan dinamika ilə gedəcəyi haqqında tam təəssürat yaradır.Diplomatiyamız üçün xeyirli,uğurlu olsun !
Gülnarə Hənifəyeva
Bakı şəhəri 316 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti