8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan qədim diyardır. Vətənimiz yerləşdiyi siyasi məkana görə tarixən yadellilərin işğal obyekti olmuşdur. Azərbaycan xalqının qəhrəmanlıqlarla zəngin olan şərəfli tarixi vardır. Bu tarixlə həqiqətən də qürur duymaq olar. Bu tarixdə vətən oğullarımızın hərbçilik, sərkərdəlik bacarıqları, milli vətənpərvərlik ruhu da bugünkü baxımdan çox önəmlidir. 9 may bəşər tarixinə Qələbə günü kimi düşüb. Məhz bu gündə yekunlaşmış Faşizm üzərində qələbə (1941-1945) dünya tarixinin ən ağır və qanlı müharibələrindən biri olub. 22 iyun 1941-ci ildə faşist Almaniyası SSRİ-yə hücum keçir. “Barbarosa” planına əsasən, alman hərbi qüvvələri Sovet ordusuna ildırım sürəti ilə zərbə vurmalı idi və Almaniyanın işğal planlarında Azərbaycana xüsusi yer verilirdi. Azərbaycanın zənginliyi, xüsusən onun neft ehtiyyatları, eləcə də Şərq ilə Qərb arasında strateji baxımdan əlverişli mövqeyi faşistlərin diqqətini cəlb edirdi. Müharibənin ilk günlərindən etibarən Azərbaycan xalqı keçmiş SSRİ-nin bütün xalqları ilə çiyin- çiyinə faşist işğalçılarına qarşı döyüşüb. Hərbi əməliyyatların başlamasından etibarən ilk 3 gün ərzində 18 min nəfər könüllü olaraq cəbhəyə yola düşüb, 40 min nəfər gənc oğlan və qızlar isə ön cəbhəyə göndərilmələri üçün müraciət edib. Müharibə dövründə Azərbaycandan Sovet ordusunun sıralarına 600 mindən çox insan səfərbər olunub ki, onların da 11 min nəfərini qadınlar təşkil edirdi. Azərbaycan əməkçilərinin qəhrəmancasına göstərdiklərə səylər sayəsində respublika Sovet ordusunun güclü arsenallarından birinə çevrilib.
Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə 75.2 mln. ton neft göndərib. Respublikada 130 növ silah, döyüş sursatı və ləvazimatlar, o cümlədən “Katyuşa” raketləri, “Şnakin” pulemyotları, “UTİ-4” və “Yak-3” qırıcı təyyarələri, habelə hərbi aeroplanlar üçün xizəklər istehsal edilib. 1941-ci ildə vacib hərbi-təsərrüfat əhəmiyyəti olan Culfa-Mincivan, Salyan-Neftçala, Şirvan-Hacıqabul dəmiryolları istismara verilib, Bakı avtomobil zavodunun əsası qoyulub. Azərbaycan kənd işçiləri cəbhəyə yüz minlərlə ton qida məhsulları göndərib. 1941-1945- ci illərdə Azərbaycan xalqı ölkənin müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş və 311 mln. rubl məbləğində istiqraz vərəqəsi vermiş, cəbhəyə 1,6 mln. ədəd zəruri əşya və 125 vaqon isti geyim göndərmişdir. Həmin dövrdə yüzlərlə atıcı batalyon, özünümüdafiə, eləcə də hava hücumundan müdafiə dəstələri yaradılmışdır. Azərbaycanda 402-ci, 223-cü, 416-cı, 217-ci və 77-ci diviziyaların yaradılması faşizm üzərində böyük qələbənin əldə olunmasında mühüm rol oynayıb. 1941-ci ilin dekabrında İsrafil Məmmədov Pustinka (Novqorod yaxınlığında) kəndi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək, Azərbaycanlılar arasında ilk dəfə olaraq Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. 9 sentyabr 1942-ci il tarixində SSRİ Ali Komandanlığı bütün Cənubi Qafqazda, o cümlədən Azərbaycanda hərbi vəziyyət elan edib. Bakı müdafiə rayonu yaradılıb. 1942-ci ilin oktyabr ayında Sovet Ordusunun Azərbaycanlılardan ibarət olan 402-ci, 416-cı və 223-cü Milli diviziyaları Şimali Qafqaz uğrunda gedən döyüşlərdə güclü dözüm və qəhrəmanlıq nümayiş etdirib. Həmçinin 77-ci diviziya Kerç, Rostov, Stavropol şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin azad edilməsində iştirak edib.
Azərbaycanın 402-ci diviziyası Mozdok şəhəri ətrafında yerləşən 10 yaşayış məntəqəsini azad edib. Şimali Qafqazın və Azov dənizinin sahilində yerləşən rayonların azad edilməsində Azərbaycanın 416-cı milli diviziyası həlledici rol oynayıb. Tuapse uğrunda gedən döyüşlərdə 13 alman faşistini məhv etmiş Qafur Məmmədov öz həyatı bahasına komandirini xilas edib (Q. Məmmədov bu şücaətinə görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb). Alman ordusunun Qafqazdakı məğlubiyyəti Azərbaycanı işğal təhlükəsindən xilas etdi. Azərbaycan döyüşçüləri Stalinqrad altında gedən döyüşlərdə də iştirak ediblər. 1942-ci ilin qışında Stalinqrad cəbhəsində yerləşən polkovnik-leytenant Həzi Aslanovun tank alayı xüsusi qəhrəmanlıq nümayiş etdirib. 22 dekabr 1942-ci il tarixində göstərdiyi cəsarət və şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Sonradan, 1991-ci ildə 3-cü Belorus Cəbhəsinin komandiri İ.A.Çernyaxovskinin imzaladığı 4 iyul 1944-cü il tarixli yenilənmiş təqdimatı əsasında ona (ölümündən sonra) ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Baloğlan Abbasovun komandanlığı altında snayperlər qrupu iki ay ərzində alman ordusunun 3000 nəfərədək əsgər və zabitini məhv edib. 1943-cü ilin fevralında alman ordusunun Stalinqrad altında məğlubiyyəti faşist Almaniyasına qarşı müharibədə əsaslı dönüş nöqtəsi oldu. Hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlığa görə 271-ci diviziyaya “271-ci Qorlov diviziyası”, 77-ci diviziyaya isə “77-ci Simferopol diviziyası” adı verilib. 416-cı Taqonroq və 77-ci Simferopol diviziyalarına 2-ci dərəcəli Suvorov ordeni verilib. Böyük Vətən Müharibəsi iştirakçısı, Kontr-admiral Cəlil Cavadov müharibənin ilk günlərindən alman-rumın işğalçılarına qarşı döyüşlərdə iştirak edib. C. Cavadov qarşısına qoyulmuş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib, Dunay Hərbi Donanmasının bir sıra uğurlu əməliyyatlarında iştirak edib. Həmçinin C. Cavadov Sevastopolun qəhrəmancasına müdafiəsinin iştirakçısıdır. C. Cavadov xidmətlərinə görə iki Qırmızı Ulduz ordeni, eləcə də bir çox medal, fəxri fərman və digər fərqlənmə nişanları ilə təltif edilib. Azərbaycan diviziyaları Şərqi Avropada keçirilən hərbi əməliyyatlarda fəal iştirak edib. Yuqoslaviyanın paytaxtı Belqrad şəhərinin azad edilməsində fəal iştirak etdiyinə görə Azərbaycanın 223-cü diviziyasına “223-cü Belqrad diviziyası” fəxri adı verilib. Azərbaycanın 271-ci milli diviziyası Polşa və Çexoslovakiyanın azad edilməsində birbaşa iştirak edib. Bu döyüşlərdə iyirmi Azərbaycanlıya, o cümlədən Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilib. Azərbaycanın 416-cı Milli diviziyası 1945-ci ilin fevralında Berlin istiqamətinə irəliləyib. Azərbaycan döyüşçüləri 2 may 1945-ci il tarixində qələbə bayrağını Brandenburq darvazasına sancıb. Reyxstağın alınmasında göstərdiyi qəhrəmanlığa görə Azərbaycan döyüşçüsü Yusif Sadıqov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bir çox Azərbaycanlı partizan hərəkatında, eləcə də Avropa xalqlarının faşizm əleyhinə mübarizəsində və partizan hərəkatlarında fəal iştirak edib. Fransa müqavimət hərəkatının iştirakçısı Əhmədiyyə Cəbrayılov Fransa qarşısındakı xidmətlərinə görə bu ölkənin ən ali hərbi mükafatı – Fəxri Legion Ordeni ilə təltif edilib. Mehdi Hüseynzadə Yuqoslaviya partizanlarına qoşulub. O, cəsarət möcüzələri göstərib. 1957-ci ildə Mehdi Hüseynzadəyə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib. Azərbaycanın elm xadimləri də ümumxalq qələbəsinə nail olmaq üçün durmadan çalışıb.
Müharibə illərində Yusif Məmmədəliyev qısa vaxt ərzində Dövlət Müdafiə Komitəsinin daha bir sifarişi yerinə yetirilib – aviasiya üçün böyük əhəmiyyət kəsb edən yüksək oktanlı aviasiya yanacağı əldə etməyin sənaye üsulunu hazırlayıb və onun istehsalına başlanılıb. Yusif Məmmədəliyev bu ixtirasına görə SSRİ dövlət mükafatına layiq görülüb. Müharibə dövründə Yusif Məmmədəliyev tərəfindən görülmüş işlər neft-kimya sahəsinin bir çox istiqamətlərinin əsasını qoyub və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində böyük əhəmiyyət kəsb edib. Uyğun olmayanları bir araya gətirmək və qeyri-mümkün olanı mümkün etmək kimi fantastik bacarığına görə Yusif Heydər oğlu Məmmədəliyev həmkar alimlər tərəfindən “Alkilləşdirmə kralı” adlandırılıb. Geoloqlar Mirəli Qaşqay, Şamil Əzizbəyov və başqaları yeni strateji xammal yataqlarını kəşf ediblər. Tanınmış cərrah Mustafa Topçubaşov hərbi cərrahiyyə sahəsində yeni müalicə metodlarını işləyib hazırlamaqla, minlərlə yaralını ölümdən xilas edib. Ölkə ərazisində 70 hərbi hospital yaralılara xidmət edib. Sosioloq alimlər Azərbaycan xalqının qəhrəmanlıq keçmişinə həsr olunmuş elmi əsərlər yazıblar. 1945-ci ilin martında Azərbaycan SSR Elmlər Akademiyası yaradılır və bu, respublikanın elmi-mədəni həyatında çox əhəmiyyətli bir hadisəyə çevrilir. Müharibə illərində Azərbaycan mədəniyyəti müharibə dövrünün qanunlarına uyğun olaraq inkişaf edib. Azərbaycan bəstəkarları müharibə illərində onlarla yeni marş, simfoniya, mahnı, opera yaradıb. SSRİ xalq artisti Bülbül Məmmədovun rəhbərliyi ilə Azərbaycan artistlərinin cəbhə briqadası konsert proqramları ilə cəbhə xəttinə, hospitallara yola düşürdülər. Bülbülün mahnıları döyüşçülərin döyüş əhvalını yüksəldir, yaralıların sağalmasına kömək edirdi. Ümumilikdə isə Azərbaycanlı artistlər hərbi hissələrdə 35000 konsert veriblər. Müharibə mövzusu ədəbiyyatın əsas mövzusuna çevrilib. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Əhməd Cəmil, Mir Cəlal və başqalarının əsərləri bu baxımdan xüsusi təsir gücünə malik olub. Müharibə illərində bir qrup Azərbaycanlı sənədli film istehsalçıları - rejissor və operatorlar cəbhəyə yola düşüb və əsgərlərin qəhrəmanlığından bəhs edən filmlər çəkiblər. Azərbaycanın təsviri incəsənət ustadları hərbi-vətənpərvərlik mövzusunda fəal iş görüblər.
1943-cü ildə Azərbaycan rəssamlarının əsərləri Moskva şəhərindəki Tretyakov qalereyasında nümayiş olunub. 9 may 1945-ci il tarixində Faşizm üzərində mübarizə qələbə ilə sona çatır və həmin gün tarixə Qələbə günü kimi düşür. Bu qələbənin əldə edilməsində Azərbaycan xalqı böyük əməyi var. Həmçinin demək olar ki, bütün sovet texnikası Bakı nefti ilə işləyirdi. Onlarla Azərbaycanlı komandir – Həzi Aslanov, Akim Abbasov, Mehdi Mahmudov, Yaqub Quliyev, Həbibulla Hüseynov, Aslan Vəzirov və başqaları ölkəni faşizm əsarəti təhlükəsindən xilas etmək üçün böyük hərbi-təşkilati bacarıq və hərbi qəhrəmanlıq nümayiş etdiriblər. Xalqımızın cəsur övladlarından 123-ü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər Şöhrət ordeninin hər üç dərəcəsi ilə, 176 min nəfər isə müxtəlif orden və medallarla təltif edilib. Qələbənin təmin edilməsində Azərbaycanın böyük xidmətləri haqqında xalqımızın Ümummilli lideri Heydər Əliyev demişdir: "Əgər Bakının nefti olmasa idi, Sovetlər İttifaqının qələbəsi mümkün deyildi".
Ulu Öndər Heydər Əliyev başqa bir çıxışında xalqımızın xidmətləri haqqında demişdir: "Tarix bu gün də bilməlidir ki, İkinci dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur". İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq. Veteranlarımızın hər biri bizim üçün çox əziz insan, əsl həyat məktəbi, canlı tarixdir. Bu qələbə bayramının şərəfini uca tutmaq, hər bir veterana diqqət və qayğı göstərmək, onları anmaq hər birimizin müqəddəs borcudur. Prezident İlham Əliyev:” Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk”.
Məcid Rəsulov
Suraxanı rayonu, 140 nömrəli tam orta məktəbin direktorusozcu.info