Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq

Xocalı qətliamından 32 il keçir. Lakin illər ötdükcə bu dəhşətli hadisə-faciə hər birimizin yaddaşına əbədi həkk olunur. 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görülməmiş qəddarlıqla divan tutdu. Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi.
Xocalı soyqırımı dünənin, bu günün işi deyildi. Ermənistanın uzun müddət “Böyük Ermənistan” dövləti yaratmaq ideyasını reallaşdırmaq uğrunda apardığı qanlı mübarizənin dəhşətli nəticələrindən biridir. İki yüz ildən çox davam edən erməni düşmənçilik siyasəti nəticəsində ərazilərimiz zaman-zaman işğala məruz qalıb, soydaşlarımız vəhşicəsinə qətlə yetirilib. Bu düşmənçilik hələ çar Rusiyası zamanı ermənilərin əzəli  Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Ermənilər məskunlaşdığı ilk gündən Azərbaycan topanimlərini dəyişərək özününküləşdirməyə cəhd etmiş, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yerlərdə azərbaycanlıları sıxışdırmış, onlara qarşı qəddarlıq nümayiş etdirmişlər.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan  Xocalı şəhərini yerlə yeksan etdi, dinc əhalini güllə baran etdi, canlarını güclə qurtaranlar qışın soyuğunda, qarda, şaxtada dağlarda, meşələrdə gizləndi.
Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.  Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı cinayətdir”- deyə bildirmiş, eləcə də bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi -siyasi qiymət verilmişdir. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etmişdir. 
2020- ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı ordumuzun parlaq  Zəfəri  ilə başa çatdı.  Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistanın siyasi və hərbi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq.
Gülnar Məhərrəmova 
Bakı şəhəri 315 nömrəli tam orta məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti