8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Allah insan üçün gözəl bir dünya, bu dünyanın içində də hər cür naz-nemət yaratdı ki, insan övladı daha yaxşı yaşaya, qurub-yarada bilsin. Lakin heç də düşünülən kimi olmadı. İnsan övladının istəkləri, nəfsi, gözü o qədər ac oldu ki, qurub-yaratdıqlarından daha çox dağıtmağa meyilli oldu. Təbiətə və insanlara ziyan vuraraq daha artığını, daha çoxunu istəməyə, bunun üçün hər cür vəhşiliklər etməyə başladılar. Məhz buna görə də müharibələr əsrlərdir ki, səngimək bilmir. İnsan övladı daha çox torpaq, daha çox sərvət istəyir, bu hərislik isə milyonlarla insanların ölümünə bayis olur.
İllər əvvəl torpaqlarımıza köçürülən bu bədnam qonşular elə məhz həmin torpaqlara göz dikən acgözlərdən idilər. Köç başlanandan bir neçə il sonra artıq onlar insanlarımıza hücumlar edir, vəhşiliklər törədir, camaatın mal-mülkünə ziyan vururdular. Ermənilər Azərbaycan torpaqlarına ayaq basdıqları gündən xalqımızın qara günləri başlamış oldu. Ən dəhşətli faciə isə 25-dən 26-sına keçən gecə Xocalımızda yaşandı. Dağlıq Qarabağda artıq münaqişə başlamışdı. Bu yolun açarı isə Xocalıdan keçirdi. Xocalının seçilməsi təbii ki, təsadüfən olmamışdı. Çünki strateji əhəmiyyətli yer idi. Ermənilər bu maneəni aradan qaldırmaq üçün yerli-dibli Xocalını yox etməyə çalışdılar. Demək olar ki, niyyətləri də baş tutdu.
Mənfur düşmən tərəfindən artıq əvvəlcədən qərarlaşdırılan Xocalıya hücum- qətliyam fevralın 25-də axşam saatlarından 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə, yəni şəhərə toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı.
İnsanlar əvvəlcə elə düşündülər ki, bu da aylardır baş verən kiçik, qorxuducu həmlələrdən biridir. Lakin sonradan səngimək bilməyən güclü top atəşlərini, artileriya hücumlarını gördükdə, hər şeyi anladılar. Şəhər 3 istiqamədən hücuma məruz qaldığından əhali Əsgəran rayonu tərəfə qaçmağa başladı. Lakin erməni dəstələri onları burada gözləyərək xüsusi amansızlıqla gülləbaran etmişdilər. Silahın az olması, texnikanın olmaması şəhərin müdafiəsini xeyli çətinləşdirmişdi. İnsanlar bu qarlı qış günündə meşəyə səpələnmişdi. Bundan sonra əsl dəhşət başladı. Ermənilər əliyalın əhaliyə amansızlıqla divan tutdular. İnsanlara misli görülməmiş işgəncələr etdilər. Xocalıların ahı-naləsi, qışqırıqları, ağlaşma səsləri həmin gecə yeri-göyü inlətdi. Vəhşi, gözü dönmüş ermənilər qadınlara, körpələrə, qocalara rəhm etmirdi. Əsir götürlən insanlara dəhşətli işgəncələr verilərək öldürülürdü. Meşədə də xüsusi qruplaşmalar vardı ki, qarşılarına kim çıxsa güllələyir, bundan da ürəkləri soyumur ölmüş insanların bədən üzvlərini, orqanlarını kəsib eybəcər hala salırdılar. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilmişdir. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov götürüldü. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv oldu…
Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu əsl soyqırım idi. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
Ermənilər yalnızca insanlarımıza deyil, tarixi abidələrimizə qarşı da vəhşiliklər törətmişlər. Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi-düzənlik cəsədlərlə dolu idi.
Xocalı faciəsi əsrin bəlası, əsrin faciəsi hesab olunur. Çünki bu tarix, bu dəhşətli gün qanla yazıldı Azərbaycanın tarixi səhifələrinə. Xocalıda yaşanan o dəhşətli günlər bu gün də yadımızdan çıxmır, əsrlər boyunca da unuda bilməyəcəyimiz dəhşətdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, Xalq-Lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuzillik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün xalqımız Xocalı faciəsi qurbanlarının xatirəsini alnıaçıq, başıuca yad edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin rəmzinə çevrilib.
Ellada İbadova
Bakı şəhəri B.Qulamoğlu adına 285 saylı tam orta məktəbin tarix müəllimi
Sozcu.info