18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Azərbaycanın dövlətçilik tarixində 2020-ci ildə əldə olunan Zəfərdən sonra həyata keçirilən böyük quruculuq və bərpa işləri xalqın doğma yurdlarına dönüşünü təmin edən mühüm mərhələdir. Bu kontekstdə Prezident cənab İlham Əliyevin Kəlbəcər rayonuna etdiyi səfərlər xüsusi tarixi və siyasi əhəmiyyət kəsb edir. 2025-ci il avqustun 21-də baş tutan son səfər həm “Böyük Qayıdış” proqramının gerçəkləşməsi, həm də Azərbaycanın işğaldan azad olunmuş torpaqlarda yaratdığı yeni reallıqların təsdiqi baxımından əlamətdar oldu.
Dövlət başçısının Kəlbəcər şəhərində keçirdiyi görüşdə sakinlərin doğma yurdlarına qayıdış sevinci, yeni yaşayış komplekslərinin təməlqoyma mərasimləri və infrastrukturun sürətli inkişafı vurğulandı. Prezident qeyd etdi ki, Kəlbəcər şəhəri artıq dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Burada salınan yeni məhəllələr, məktəblər, yollar, enerji infrastrukturu, içməli su və qaz xətləri sakinlərin rahat yaşayışı üçün şərait yaradır. Bu, işğaldan əvvəl tamamilə dağıdılmış şəhərin müasir üslubda bərpasının bariz göstəricisidir.
Prezident çıxışında həmçinin Kəlbəcərin işğal dövrünə və həmin illərdə Azərbaycan xalqının üzləşdiyi çətinliklərə toxundu. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı Ermənistan üçün strateji üstünlük yaratmış, Azərbaycan üçün isə böyük faciəyə çevrilmişdi. Lakin dövlətin güclənməsi, ordunun modernləşdirilməsi və xalqın milli həmrəyliyi nəticəsində bu ədalətsizlik aradan qaldırıldı. 44 günlük Vətən müharibəsi və sonrakı antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edildi. Bu hadisələr Kəlbəcərin bir güllə atılmadan geri qaytarılmasını təmin etdi.
Səfər zamanı Prezident сənab İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan tam və qəti qələbə qazanan nadir ölkələrdəndir. Ermənistanla imzalanmış sənədlər sülhün təmin olunmasına, Naxçıvanla quru bağlantısının yaradılmasına və regionun beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsinə xidmət edir. Bu uğurlar Azərbaycanın diplomatik və hərbi gücünün nəticəsi kimi qiymətləndirilir. Eyni zamanda, dövlət başçısı Azərbaycanın hər zaman sülh tərəfdarı olduğunu, lakin eyni zamanda təhlükələrə qarşı daim hazır vəziyyətdə qalacağını bəyan etdi.
Kəlbəcərdə aparılan genişmiqyaslı bərpa işləri və yaradılan müasir infrastruktur Azərbaycanın yalnız hərbi qələbə ilə kifayətlənməyib, həm də iqtisadi, sosial və mədəni baxımdan güclü dövlət quruculuğu apardığını sübut edir. Bu gün Kəlbəcərdə açılan su elektrik stansiyaları, yeni məktəblər, yaşayış kompleksləri və turizm obyektləri Azərbaycanın gələcək inkişaf strategiyasının ayrılmaz hissəsidir. Dağıdılmış kəndlərin və şəhərlərin bərpası həm iqtisadi tərəqqiyə, həm də xalqın mənəvi gücünün bərpasına xidmət edir.
Nəticə etibarilə, Prezident сənab İlham Əliyevin Kəlbəcərə səfəri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən quruculuq siyasətinin bariz nümunəsi və milli həmrəyliyin təntənəsi kimi tarixə düşür. Bu səfər bir daha göstərdi ki, Azərbaycan dövləti güclü, xalqı isə qətiyyətli və iradəlidir. “Böyük Qayıdış” proqramı təkcə keçmişin ədalətsizliklərini aradan qaldırmaq deyil, həm də gələcək nəsillərə müasir, firavan və təhlükəsiz həyat miras qoymaq məqsədi daşıyır.
Elnur Hüseynov
Suraxanı rayonu, 275 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info