Füzuli şəhəri günü — Böyük Qayıdışın ilk işığı

17 oktyabr 2020-ci il tarixində Füzuli yalnız bir şəhər olaraq azad olunmadı; o, 27 illik həsrətə son qoyan insanların ümidinin, arzularının, qəlbindəki vətən sevgisinin simvoluna çevrildi. Hər bir küçəsi, hər bir daşında xalqın səbrinin və igidliyinin izi qaldı.

Füzuli rayonu Qarabağ dağlarının cənub-şərq ətəklərindən  Araz çayına qədər uzanan maili düzənliklərdə yerləşir. Burada axan Quruçay, Köndələnçay və Çərəkən çayları torpağı yaşadır, insanın qəlbini sərin su kimi doyurur. Rayonun əsası 1827-ci ildə qoyulmuş, 1959-cu ildə böyük şair Məhəmməd Füzulinin 400 illiyi şərəfinə Füzuli adını almışdır.

Tarixi abidələr — Şeyx Babi Yaqub türbəsi, Mirəli türbəsi, sənduqə formalı Əhmədalılar türbəsi, Cəlil türbəsi — bu torpağın keçmişinə şahidlik edirdi. Amma 1993-cü il avqustun 23-ü Füzuli qaraldı; 663 şəhid, 400-dən çox əlil, 181 əsir və itkin… İnsan qəlbi susdu, amma ümid heç vaxt sönmədi.

Və gəldi 17 oktyabr 2020. Azərbaycan Ordusu Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini, Füzuli şəhərini azad etdi. 62 yaşayış məntəqəsi düşməndən təmizləndi. Şəhərin küçələrində üçrəngli bayraq dalğalandı, vətən sevgisi qəlblərdə alovlandı. Bu döyüşlərdə göstərilən igidlik və peşəkarlıq bütün dünyaya  Azərbaycanın ordusunun gücünü göstərdi.

“Füzulinin azad olunmasına görə” medalı ilə 25 325 hərbçimiz şərəfləndi. 31 iyul 2023-cü il tarixində isə Prezident cənab  İlham Əliyevin Sərəncamı ilə 17 oktyabr Füzuli şəhəri günü elan edildi.

Füzuli minalarla çirklənmiş torpaq olsa da, dövlət bu torpağa həyat qaytarmaq üçün yorulmadan çalışır. Bərpa işləri, yeni yollar, su anbarları, “Füzuli” yarımstansiyası, Beynəlxalq Hava Limanı — hər biri şəhəri yenidən doğan vətənga çevirdi.

2023-cü ilin avqustunda köçkünlər qayıtdı; ilk mərhələdə 144 ailə, indi isə 824 ailə Füzulidə daimi yaşayır. 2026-cı ilə qədər 22 000 nəfərin şəhərdə məskunlaşması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda isə ümumilikdə 140 000 nəfərin həyat tapacağı gözlənilir.

Qardaş ölkələrin dəstəyi də ürəkdən gəlir: Özbəkistan Mirzə Uluqbəy adına tam orta məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa etdi — bu layihələr həm dostluğun, həm də mədəni əməkdaşlığın simvoludur.

Prezident cənab  İlham Əliyev Füzuliyə dəfələrlə səfər etdi, həyatın bu torpağa qayıtmasının hər addımını izləyərək, yenidənqurmanın canlı şahidi oldu.

Füzuli artıq sadəcə azad edilmiş bir şəhər deyil. O, doğulmuş, nəfəs almış, həyatla dolmuş bir vətən torpağıdır. Şəhidlərimizin müqəddəs qanı, xalqımızın birliyi və dövlətimizin iradəsi ilə Füzuli azadlığa, bərpaya və əbədiyyətə qovuşmuşdur.

    

Ləman Hacıyeva

Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti