17 oktyabr 2020-ci il: Füzulinin əbədi azadlıq günü!


Musavat.com Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın yazısını təqdim edir.

Füzuli rayonunun azad olunması

Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərinin Ermənistanın 27 illik işğalından azad olunması şanlı Ordumuz tərəfindən iki il öncə - 17 oktyabr 2020-ci ildə həyata keçirildi. Həmin gün Ermənistan Gəncəni 5-ci dəfə raket atəşinə tutmuşdu. Beləliklə, Füzuli şəhərinin azad olunması 27 illik işğala son verilməsi ilə yanaşı Ermənistanın təxribatlarına tutarlı cavab dəyərini də daşımış oldu.

Bəli, Ali Baş Komandan İlham Əliyevin Əmri ilə 27 sentyabr 2020-ci ildə bütün cəbhə boyu başlayan əks-hücumun gedişində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan qurtuldu. Füzuli əməliyyatı Azərbaycan Ordusunun II Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən önəmli döyüşlərdən biri oldu. Bəs ən əhəmiyyətli deyərkən nə nəzərdə tutulur? – İlk növbədə onu deyək ki, Füzulinin təmas xəttində yerləşən bir neçə “müdafiə xətti”nin yarılması Azərbaycana strateji üstünlüklər verdi. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən oldu. Hər kəs bilir ki, 30 il içində düşmən təmas xəttində yetərincə möhkəm istehkam qurmuşdu. Təsəvvür edin: Ermənistan hərbi rəhbərliyi, hətta (Ermənistanın generalları qalsın bir yana), ümumən bir çox tanınmış hərbi mütəxəssis belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün Azərbaycana aylarla vaxt lazım olacaq. Demək, Füzulinin azad olunması mümkünsüzün mümkün edilməsi kateqoriyasında bir hadisə dəyərindədir. Qəhrəman şəhidlərimizi bu anlamlı gündə dərin sayğılarla anır, ruhlarına dualar oxuyuruq. Qəhrəman qazilərimizə ehtiramımızı bildirir, müharibənin iştirakçılçısı olmuş bütün Vətən oğullarına möhkəm cansağlığı, iş avandlığı diləyirik! Müzəffər Silahlı Qüvvələrimiz öz Ali Baş Komandanının etimadını, xalqın və dövlətin etimadını Füzulini azad etməklə bir daha yüksək səviyyədə doğrultdu!

Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmənin dirənişi qırıldı, nəhayət, son mərhələdə silahlarını yerə qoyan işğalçılar qaçmağa məcbur qaldı. Bəli, Ermənistan ordusu toplam 10 min fərari “istehsal” edərkən və məğlub olarkən, onun uzun illər formalaşdırılmış saxta “yenilməz”, “qəhrəman”, “qalib” obrazı məhv oldu! Bir daha bəlli oldu ki, bizim torpaqları işğal altında saxlayan Ermənistan ordusunun qüdrəti, erməni əsgərinin şücasəti deyil qətiyyən; birmənalı şəkildə, Ermənistana göstərilən açıq və gizli hərbi-texniki dəstək, dünya erməniliyinin, erməni havadarlarının qurduğu beynəlxalq siyasət, maliyyə torudur. Və 44 günlük müharibədə, o cümlədən Füzuli döyüşlərində bir əsgəri belə fərarilik etməyən, yaralısı da irəli atılan, şəhid olan döyüş yoldaşını çiynində daşıya-daşıya hücumu davam etdirən şanlı Azərbaycan Ordusu meydandaydı! Azərbaycan Ordusu xarici dəstəyə bel bağlamadan, necə deyərlər, öz daxili resursları hesabına, öz Ali Baş Komandanına, dövlətinə, xalqına sədaqəti hesabına tarixi Zəfərə imza atdı! Füzuli şəhərinin qurtuluşu bu tarixi Zəfərdə ən önəmli günlərdəndir!

Obyektiv hərbi mütəxəssislər artıq açıq şəkildə bildirir ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik Ordudur. Biz texnikanın, texnologiyanın gətirdiyi üstünlükləri danmırıq, lakin Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi, o silahı, o texnologiyanı biz öz paramızla təmin etmişik, Ermənistandan fərqli olaraq, kimsə bizə pay verməyib. Digər tərəfdən yeni silahları, texnologiyanı işlədən vətənpərvər hərbçi faktoru var və bu faktor danılmazdır! – Biz Füzuliyə də, digər şəhər və kəndlərimizə də belə qayıtdıq. – Dövlət başçısının məşhur sözləri ilə desək, “Bu torpaqların sahibləri qayıdıb - əlində silah, əlində bayraq, ürəyində Vətən sevgisi. Vətən sevgisi bizi qələbəyə gətirdi”.Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin fədakarlığı, hərbi xidmətləri, qəhrəmanlığı həm daha öncələrdən mövcud olan dövlət təltifləri ilə həm də Vətən müharibəsindəki tarixi Zəfərdən sonra təsis edilmiş orden və medallarla dəyərləndirildi. Onlardan biri sırf Füzulinin adı ilə bağlıdır: Bu, 2020-ci il noyabrın 26-da təsis edilmiş “Füzulinin azad olunmasına görə” medalıdır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 25301 hərbi qulluqçumuz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Füzuli işğal illərində

İşğaldan öncə Füzuli rayonunda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud idi. Füzuli rayonunun əhalisi isə təxminən 144 min nəfərdir. Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunub. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi, Şərq ədəbiyyatının klassiki Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonunun adı (Qaryagin) dəyişdirilərək Füzuli adlandırılıb.
İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, özəlliklə türbələrlə zəngin idi. Bu abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII yüzil) türbəsini, Aşağı Veysəlli kəndində XIV yüzilə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta yüzillikdə salınmış qəbristanlığın ərazisində (sənduqə formalı qəbirdaşının üzərindəki) türbəni, XIX yüzilin Cəlil türbəsini aid etmək olar.

Rəsmi İrəvan törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır. Və daşıyacaqdır! Ermənistanın işğalı, işğal illərindəki müharibə cinayətləri nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə külli miqdarda ziyan dəyib. Ermənilər Füzulidə də vandalizm aktları törədib.
Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. – Ermənistan hərbçiləri Füzulidə yüz mindən çox (!) mina basdırıb.

Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən təqribən 400 nəfəri müharibədə sağlamlığını itirib, 663 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb.

Füzuli: azadlıqdan abadlığa

Füzuli rayonunun yeni inkişaf dövrü, əlbəttə, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə slıx bağlıdır. Biz bu yerdə, Prezident İlham Əliyevin irsini ləyaqətlə davam etdirdiyi Ümummili liderimiz Heydər Əliyevi rəhmətlə anırıq. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ümummilli liderin Əmri ilə 5 yanvar 1994-cü ildə təşkil olunmuş hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunub. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə ilk səfəri 10 noyabr 2020-ci il tarixli məlum Üçtərəfli Bəyanatın imzalanmasından az sonra – 16 noyabrda baş tutdu. Prezident Füzuli şəhərində Azərbaycan bayrağını ucaltdı, eləcə də, Zəfər yolunun (Füzuli-Şuşa avtomobil yolu) təməlini qoydu. Prezidentin Füzuliyə ikinci səfəri 2021-ci il yanvarın 14-də oldu. Bu səfər çərçivəsində, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci km.-də Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda Hava limanının təməlləri qoyuldu.

Üçüncü səfər 1 ay sonra – 14 fevral 2021-ci ildə oldu. Prezident Füzuli şəhərinin Baş planın təsdiqlədi, Horadiz-Ağbənd, Ağdam-Füzuli yollarının inşası ilə tanış oldu, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimini keçirdi.
Azad Füzuliyə növbəti səfər Novruz bayramı öncəsi – 15 martda baş tutdu. Bu dəfə Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi təşkil edildi.

Dövlət başçısı 29 avqust 2021-ci il səfərində Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi və Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış oldu.

Şəhərin qurtuluşunun ilk ildönümündə - 17 oktyabr 2021-ci il tarixində isə: Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə yaddaqalan görüş oldu, dörd (Füzuli-Ağdam avtomobil yolu, Dövlətyarlı kəndində “Ağıllı kənd”, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi və çoxmənzilli yaşayış məhəlləsinin) təməlqoyma mərasimi baş tutdu.

Və nəhayət 26 oktyabr 2021-ci il! Cəmi 8 ay içində (!) inşa olunan və haqlı olaraq, “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. Açılış mərasimində Azərbaycan Prezidenti ilə yanaşı qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi – dosta da, düşmənə də Azərbaycanla Türkiyənin sarsılmaz birliyinin, bu birliyin qüdrətinin ismarıcları verildi!

2022-ci ildə İlham Əliyevin Füzuliyə daha iki səfəri gerçəkləşib. – Prezident 10 mayda Peşə Liseyinin təməlini qoydu, 27 sentyabrda isə Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin ziyarət etdi, bu anlamlı abidə önündə tarixi nitq söylədi. – “Bu istiqamətdən düşmənin birinci müdafiə xəttini yararaq bizim Zəfər yürüşümüz başlamışdır. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur.

Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”.

DÖVLƏTİMİZ VAR OLSUN!



Oxşar Xəbərlər

Xəbər lenti