20 Oktyabr – Zəngilan Şəhəri Günü

Azərbaycanın ən qədim və strateji bölgələrindən biri olan Zəngilan rayonu tarix boyu mühüm hadisələrin şahidi olmuşdur. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılan inzibati bölgü nəticəsində Zəngilan, Zəngəzur qəzasının tərkibinə daxil edilmişdi. 1920-ci il aprelin 28-də Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra, Zəngəzurun bir hissəsi Ermənistana verilmiş, yalnız Zəngilan, Qubadlı və Laçın bölgələri Azərbaycanın tərkibində qalmışdı.

         Zəngilan zəngin təbii sərvətləri, tarixi və dini abidələri ilə seçilir. Ərazidə Araz, Oxçuçay, Həkəri və Bəsitçay kimi mühüm çaylar axır. Rayonun torpağında qızıl, qara mərmər, əhəng və digər faydalı qazıntılar mövcuddur. Tarixi memarlıq irsinə XVII əsr İmam Hüseyn məscidi, XIV əsrə aid Məmmədbəyli türbəsi, Bartaz Qız qalası, Şərifan sərdabəsi və bir çox digər abidələr daxildir. Təəssüf ki, 1993-cü ilin oktyabrında Zəngilan Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi, yüzlərlə sakin şəhid oldu, tarixi-mədəni abidələr isə vandallıqla dağıdıldı.

          27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək Zəngilanı 20 oktyabr 2020-ci ildə işğaldan azad etdi. Həmin gün Prezident cənab İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin və 7 kəndin azad olunduğunu elan etdi. Bununla da Azərbaycan-İran sərhədinin 132 kilometrlik hissəsi tam bərpa olundu. Döyüşlərdə fərqlənən 6974 hərbçi “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi.

          Zəngilanın azad edilməsindən sonra bölgə “Böyük Qayıdış” proqramı çərçivəsində yenidən qurulur. İlk pilot layihə – “Ağalı Ağıllı Kəndi” dayanıqlı inkişaf prinsiplərinə əsaslanaraq inşa edilib. Burada 200-dən çox müasir ev, məktəb, bağça, tibb məntəqəsi, “ASAN” və “DOST” xidmətləri, bərpa olunan enerji mənbələrindən istifadə edən sistemlər yaradılıb. Kənddə tele-səhiyyə, e-təhsil kimi innovativ xidmətlər tətbiq olunur.

          Eyni zamanda, Zəngilan rayonunun 2040-cı ilədək inkişafına dair Baş Plan təsdiqlənib. Bu plan çərçivəsində Zəngilan şəhəri yenidən salınır, yeni yaşayış massivləri, sosial obyektlər və infrastruktur layihələri həyata keçirilir. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və avtomobil yolları bölgəni mühüm nəqliyyat qovşağına çevirir.

          Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidi bərpa olunaraq ibadətə açılmışdır. 2024-cü ildə Ağalı kəndində “Ağalı” hoteli istifadəyə verilmiş, “Dost Aqropark” layihəsi ilə 500-dən çox yerli sakin üçün iş yerləri yaradılmışdır. Bu aqropark Qarabağın kənd təsərrüfatı və “Made in Qarabağ” brendinin inkişafında mühüm rol oynayacaq.

Prezident cənab İlham Əliyev Zəngilanın azad edilməsindən sonra dəfələrlə rayona səfər edərək burada aparılan işlərə şəxsən rəhbərlik etmiş, 2021-ci ildə “Ağıllı kənd” və hava limanının təməlini qoymuşdur.

           Azərbaycan Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr “Zəngilan şəhəri günü” elan edilmişdir. Bu gün, həm qəhrəmanlıq tariximizin, həm də işğaldan azad olunmuş torpaqlarımızda başlayan yeni həyatın rəmzidir. Zəngilan bu gün dirçəlişin, yenidənqurmanın və “Böyük Qayıdış”ın simvoluna çevrilib.


Səadət  Məmmədova  

Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti