Dünən, 11:11
Dünən, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
31-10-2025, 14:12
Azərbaycan xalqı öz çoxəsrlik tarixinin ən şərəfli və qürurlu dövrlərindən birini yaşayır. 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatları ilə ərazi bütövlüyümüzün tam bərpası və dövlət suverenliyinin ölkəmizin hər bir qarışında təmin olunması, müstəqil Azərbaycan dövlətinin ən böyük tarixi qələbəsidir. Bu möhtəşəm zəfərin hüquqi və mənəvi müstəvidə təsbit olunması, xalqın birliyinin daha da möhkəmləndirilməsi üçün Prezident cənab İlham Əliyev tərəfindən 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi xüsusi rəmzi məna daşıyır. Bu tarixi il çərçivəsində, 15 dekabr tarixində dövlət başçısı tərəfindən irəli sürülən növbəti amnistiya təşəbbüsü, qalib dövlətin həm də mərhəmətli, ədalətli və humanist olduğunu bütün dünyaya nümayiş etdirir. Bu addım sadəcə hüquqi prosedur deyil, həm də dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələrinin təntənəsidir.
Azərbaycanın bugünkü suverenliyinin və amnistiya ənənələrinin kökündə Ümummilli Lider Heydər Əliyevin sarsılmaz siyasi iradəsi və xilaskarlıq missiyası dayanır. Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır. Heydər Əliyev humanizm prinsiplərini dövlət siyasətinin mərkəzinə gətirərək, cəmiyyətdə sosial ədalət və barış mühitini bərqərar etmişdir. Onun rəhbərliyi dövründə, 1995-2003-cü illər ərzində 7 amnistiya aktının qəbuluna və 32 əfv fərmanının imzalanmasına nail olunmuşdur ki, bu da on minlərlə insanın həyata yeni ümidlərlə bağlanmasına səbəb olmuşdur. Ulu Öndər hər zaman vurğulayırdı ki, dövlət öz vətəndaşına qarşı nə qədər tələbkardırsa, bir o qədər də mərhəmətli olmalıdır.
Azərbaycanda amnistiya institutunun zənginləşməsində və humanizm dəyərlərinin cəmiyyətin bütün təbəqələrinə sirayət etməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Mehriban xanım Milli Məclisin deputatı olduğu illərdə özünün humanitar fəaliyyəti və dərin vətənpərvərliyi ilə seçilərək, amnistiya aktlarının hazırlanmasında aparıcı rol oynamışdır. Onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə qəbul edilən amnistiya aktları Azərbaycanın hüquq tarixinə "mərhəmət səhifələri" kimi yazılmışdır. Mehriban xanım bu təşəbbüsləri ilə sübut etdi ki, güclü dövlət həm də öz vətəndaşına şəfqət əlini uzatmağı bacaran dövlətdir. Onun irəli sürdüyü "Mərhəmət" fəlsəfəsi bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mənəvi dayaqlarından birini təşkil edir.
Prezident cənab İlham Əliyev bu gün Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dövlət siyasətini uğurla və qətiyyətlə davam etdirir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində hər zaman insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. 2025-ci il amnistiya təşəbbüsü məhz bu humanist yanaşmanın məntiqi davamıdır. Bu akt tətbiq ediləcəyi şəxslərin sayına görə müstəqil Azərbaycan tarixinin ən böyük amnistiyası olacaqdır. Ümumilikdə 20 mindən çox şəxsin bu aktdan yararlanması gözlənilir ki, bu da dövlətin öz vətəndaşına olan inamının ən ali təzahürüdür. Suverenliyimizin bərpasını xalqımızın ən böyük tarixi qələbəsi kimi qiymətləndirən Cənab Prezident, bu sevinci cəzaçəkmə müəssisələrində olan və islah yoluna qədəm qoyan şəxslərlə də bölüşür.
Prezident cənab İlham Əliyevin bu tarixi təşəbbüsü Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi yeni bir şansdır. Amnistiya olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına töhfə verəcəklərinə olan ümid, cəmiyyətdə qarşılıqlı etimad mühitini daha da dərinləşdirir. Bu akt həm hərbi, həm hüquqi, həm də mənəvi cəhətdən tam suveren Azərbaycanın gələcəyə daha inamlı addımlarla irəlilədiyini göstərir.
Maqsud Əhmədov
Suraxanı rayonu 85 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info