YAZILMAMIŞ SSENARİ

Sizə haradan və kimdən xəbər verim, sizə xəbər verim Borçalı mahalının qədim-qayım kəndində yaşamış, adı bu gün bir nəsil adı olan Koxa Alıdan.

Koxa Alı qocalıb əldən düşmüşdü, koxalığını oğlu Qurbana verib evdə nəvələri ilə güzəranını keçirirdi. Koxa Qurbanın Məmməd, Hasan, Musa, Allahverdi, İsa, Şaban və ...(?) adlı yeddi oğlu, Hürü və Fatma adlı iki qızı vardı. Həyat yoldaşı Yetər xanım isə evdar qadın idi.

Necə deyərlər, ay dolandı, il keçdi, Koxa Qurban dünyasını dəyişdi. İllər bir-birini əvəz elədi, onun övladlarının hərəsi bir ailə sahibi oldu. Koxa Qurbanın adını oğlu Həsən oğluna, Yetər xanımın adını da o biri oğlu İsa qızına qoydu. Musa da atası Qurbanın yerinə Koxa oldu. Musadan sonra babadan ataya, atadan oğula keçən koxalıq bu dəfə isə qardaşdan qardaşa, Saraçlı kənd İcmasının (Molla Əhmədli və Qoşakilsə kəndləri də bu icmanın daxilində idi) qlavası olan İsaya verildi. O zaman Həmidağa Vəkilov (Səməd Vurğunun əmisi) da Koxa İsanın mirzəsi (Bu haqda H.Saraçlının danışığı var) təyin olunmuşdu. 

Məşhur şair-aşıq Qul Qaranının (Qaranı-Vəli-Hacı-Fatma-Gülpəri-Yetər-Hüseyn) kötücəsi Gülpəri Məmməd qızı ilə ailəli olan Koxa İsanın, Yetər, Güllü, Bəsdi, Sona, Lala, Cəvahir adlı altı qızı və Abdulla adlı oğlu olsa da, Sona xəstəlikdən, Abdulla isə ocaqda qaynayan bəhməz qazanına düşüb yanaraq ölür. 

İllər ötür Koxa İsanın ailəsində şadlıq baş verir. Belə ki, mərhum qardaşı Hasanın oğlu – atası Koxa Qurbanın adını daşıyan Qurbanla, anası Yetər xanımın adını daşıyan qızı Yetər xanıma toy edir. 

1910-cu ildə Qurban Hasan oğlunun və Yetər xanımın ilk övladı dünyaya gəlir. Qurban Hasan oğlu əmisi və qayınatası Koxa İsanın məsləhəti ilə dünyaya yeni göz açan oğluna atası Hasanın adını qoyur. 15 fevral 1916-cı ildə isə XX əsrin böyük ozanı Hüseyn Saraçlı dünyaya gəlir. Körpəliyindən ağalar, bəylər arasında böyüyən, el-obada, mahalda böyük hörmət sahibi olan, 1918-ci ildə Bakını xilas etməyə gələn Qafqaz İslam ordusunun paşası Mürsəl Paşaynan görüşən və ağa kimi tanınan Qurban kişi 8 iyun 1919-cu ildə Hümmət-Sosial Demokratlar Partiyasından Borçalı mahalı bələdiyyə məclisinə deputat seçilir. İki gün (10 iyun) sonra isə üçüncü oğlu dünyaya göz açır. Kürəkəni Qurbanın deputat seçilməsindən və nəvəsinin dünyaya gəlməsindən sevinən Koxa İsa nəvəsinə vaxtı ilə bəhməz qazanına düşüb yanaraq ölən oğlu Abdullanın adını qoyur və öz himayəsinə götürür. Ailədə böyük şadlıq məclisi qurulur. Dostu şair Nəbi Faxralı ilə birlikdə Aşıq İsmayıl Saraçlı məclisdə dövran edir. Deputat Qurbanın bu şad gününə ürəkdən sevinən şair Nəbi Faxralının təbii coşa gəlir və Aşıq İsmayıl Saraçlının müşayiətilə dostunun şəninə bədahətən bu şeiri söyləyir:


Açıldı sinəmdə eşqin-rüzgarı,

Çünki gördüm belə çağın Qurbanın.

Cismi lətif, yanar fənar, fərmanı,

İşıq verir ağ otağı Qurbanın.


İyid nişanlıdı, məlumdu halı,

Məclisdə söylənir cəhi-cəlalı.

Dolsun xəznəsinə kəsbi-halalı,

Ətirli bar versin bağı Qurbanın.


Doğru dilək etsə mətləbin bular,

Yaradan yar olsa, durular sular.

Yandırsın çırağın körpə balalar,

Artıq olsun hər növrağı Qurbanın.


Nəbim meyil salıb dostlara çoxdan,

Yaradan əfv etsin bədnəzər ahdan.

Sidq diləyinən dilərəm Haxdan

Qoy min olsun bir budağı Qurbanın.


Bu şadlıqdan sonra Deputat Qurbanın ilk naliyyəti daim arzusunda olduğu, savadsızlığın aradan qaldırılması üçün Saraçlı kəndində ilk dəfə məktəb açdırması olur. Məktəbin ilk direktoru isə Türkiyədə təhsil alıb, Tiflisdə Müftilik yanındakı mədrəsədə dərs deyən və Gürcüstan Respublikasının türk məktəbləri üzrə müfəttişi Mirzə Rza Əlizadə tərəfindən ana dilində çox savadlı bir şəxs kimi xarakterizə olunan Yunis Əfəndi olur. 

Təəssüfər olsun ki, nə Gürcüstan Respublikasının müstəqilliyi, nə də Qurban kişinin xoşbəxtliyi çox da uzun çəkmir. 1921-ci ildə bolşeviklər tərəfindən ölkə işğal olunur, sovet höküməti qurulur. Sovet hakimiyyəti qurulduqdan bir müddət sonra hər kəs kimi Koxa İsa ilə birlikdə Deputat Qurbanın da var-dövləti müsadirə olunaraq əllərindən alınır. Kasıbçılıq və çətin günləri başlasa da, övladlarını savadlı görmək istəyən Deputat Qurban 1923-cü ildə Həmidağa Vəkilovun köməkliyi ilə böyük oğlu Həsəni oxumaq üçün gimnaziyaya, Hüseyni isə kənd mədrəsəsinə Molla İsanın (İsa Əfəndi) yanına qoyur. Həsən gimnaziyada oxumağa davam edir, ancaq Hüseynin aşıqlığa olan sevgisi təhsil almağına üstün gəlir və döyülə-döyülə mollanın yanında cəmi iki il oxuya bilir. Evdən hər səhər mədrəsəyə göndərilən Hüseyn mollanın yanına yox, Aşıq İsmayıl Saraçlının yanına gedərək ondan saz çalmaq öyrənir. Oğlunun at quyruğundan kəsib taxta parçasına bağlayaraq düzəltdiyi “saz”ı sinəsinə basıb çalıb-oxuduğunu görən Deputat Qurban: “Aşıqlıq nə peşədi sən ona meyl edirsən, bilmirsən ki, ağalar həmişə yanında aşıq saxlayır? Mən donnuqla yanımda aşıq saxlamışam, indi sən yanında aşıq saxlamaq yerinə gedib hansısa ağanın yanında aşıqlıq edəssən?” – deyib, oğlunu dəfələrlə döysə də axırda onu zor gücünə sazdan ayırmağın qeyri-mümkün olduğunu anlayır və məcbur olub onun Aşıq İsmayılın yanına gizlin yox, sərbəst gedib-gəlməsinə icazə verir. Həmin il Hüseyn üçün ən xoşbəxt il olsa da koxallı tayfasında qara günlərin başlandığı il olur. 

Belə ki, 1926-cı ildə Hüseynin xalası Cəvahirin həyat yoldaşı, Deputat Qurbanın bacanağı, Daşdəmirov Bayram Qara oğlu Saraçlı meşəsinin Göllücə deyilən yerində güllələnir və bir yaşında qızı Sona atasız qalır.

 1931-ci ilin fevral ayının 15-də Hüseynin doğum günündə isə yeddi oğul (Həsən,Hüseyn,Abdulla,Ziyadxan,Alı, Vahid,Qurban) atası Deputat Qurban “siyasi mənsubiyyətinə görə” Qaraqayanın döşündə camaatın gözü qarşısında kəndə kolxoz qurmağa gəlmiş rus bolşevikləri tərəfindən güllələnir. Güllələnmədən 3-gün sonra Tiflisdən “günahsızdır, güllələmək olmaz” kağızı gəlsə də artıq gec olur. Balası gözləri önündə güllələnən Fatma nənə ağlamaqdan gözdən kor, qulaqdan kar olur. Qardaşı gözləri önündə güllələnən və iki övlad anası olan Zeynəb xanım isə bu dərdə dözməyərək qəflətən vəfat edir. 

Həmin qanlı olaydan sonra Deputat Qurbanın əmisi Koxa Musanın oğlu Alı və Aşıq İsmayıl Saraçlının qardaşı Yunis birlikdə Türkiyə ərazisinə keçdiyinə görə, Aşıq İsmayıl Saraçlını da həbs edirlər. Deputat Qurbanın ailəsində olan bütün ağırlığın bacısı Gülpəri Məmməd qızının və yeznəsi Koxa İsanın üzərinə düşdüyünü görən İbrahim Məmməd oğlu ustadı həbs olunan 15 yaşlı Hüseyni Quşçu Aşıq İbrahimin yanına şəyird qoyur. 

Hüseyn 1933-cü ildə Aşıq İbrahimlə birlikdə Bolnisi Mədəniyyət Evinin ansamblı tərkibində Tiflisdə keçirilən respublika xalq yaradıcılığı olimpiadasında uğurla çıxış etdikdən sonra, İlahi tərəfindən vergi verilərkən gözləri tutulan Saraçlı şair Hüseynə, şair Ağacana, Faxralı şair Nəbiyə saz tutur və eyni zamanda Faxralı Aşıq Sarvan Bayramdan dərs alır. 

Gimnaziyanı bitirən böyük qardaşı Həsən Ağstafada müəllim işləməyə, özündən kiçik qardaşı Abdulla isə teknikumda oxumağa başlayır.

Nəvələrinin hərəsi bir yanda olan və ailənin bütün ağırlığını çiyinlərində daşıyan Koxa İsa ömrünün son günlərində qızı Yetər xanımın ailəsi sahibsiz və başsız qalıb adına ləkə gəlməsin deyə uzun illər ailəsində nökər olaraq çalışan Nəbiyev Mahmud Əhməd oğlunu məcbur edərək 1935-ci ildə Yetər xanımla evləndirir və aşıq Şenliyin ölüm ayağında dediyi: 


Hər gələn hərcayı oxladı məni,

Özüm öz bəxtimi gəzdiyim yerdə.

Qəvvaz idim düşdüm Nil dəryasına,

Səbəhlər uddu üzdüyüm yerdə.


Yatmış idim basdı qəmeyvət məni,

Tutdu qollarında bir bələt məni,

Qəfil oyatdı bir dərdimənd məni,

Duman çökdü gözümə azdığım yerdə.


Bu daşı mənə Nazdı tulladı,

Ömrümün binasın qazdı tullad,

Dərdimi dəftərə yazdı tulladı,

Qələm qana döndü yazdığım yerdə.


Şenlik deyər öz-özümə puç oldum,

Qanadlandım havalarda quş oldum,

Bir namərd ovçuya mən də tuş oldum,

Sona kəklik kimi gəzdiyim yerdə.


qoşmasını söyləyərək vəfat edir. 

Ustadlarının xeyir duasını alıb sərbəst aşıqlıq edən Hüseyn isə 1937-ci ildə Bolnisi Mədəniyyət Evinin üzvü kimi ilk dəfə respublika olimpiadasında iştirak edir və ilk rəsmi mükafatını (Fəxri fərman, Gürcüstan gerbinin üzərində çonquri şəkli olan döş nişanı və tar) alır. 1938-ci ildə respublika xalq yaradıcılığı olimpiyadasında iştirak edikdən və ailə qurduqdan sonra iki dəfə “pantürkist” damğası ilə həbs olunur. Əvvəlcə Qullar sovxozunda sonra isə Tiflisin Ortacala həbsxanasında günahsız cəza çəkir. 

Ananı oğuldan, bacını qardaşdan ayıran Böyük Vətən müharibəsinin başlanması dərddən gözlərinin yaşı kəsilməyən koxallı tayfasını yeni qəmə qərq edir. Sənətkar olduğuna görə Aşıq Hüseyn bron verilib çalışmaq üçün Sadaxlının Zop mərmər karxanasına göndərilsə də, koxallının digər gəncləri ilə birlikdə aşıq Hüseynin dörd qardaşı (Həsən, Abdulla, Ziyadxan, Alı) və üç qız atası olan atalığı Mahmud müharibəyə göndərilir. 

Müharibədən Musa əmisinin oğlu Mustafa və nəvəsi Vəkil Məmməd oğlunun, Şaban əmisinin oğullarından Əmirxan və Əhmədin, Allahverdi əmisinin nəvəsi Allahverdi Yunus oğlunun, həyat yoldaşı nökər Mahmudun qara xəbərini alan, böyük oğlu Həsənin isə əsr düşdüyünü eşidən Yetər xanım, bu acı xəbərlərə dözməyərək yatağa düşür və 1946-cı ilin may ayında vəfat edir.

Yetər xanım vəfat etdikdən sonra yetim qalan övladları əvvəlcə nənələri Gülpəri Məmməd qızının himayəsində, Gülpəri vəfat etdikdən sonra isə Gülşən qardaşı Alının, Xoşqədəm Saraçlı orta məktəbində müəllim işləyən qardaşı Abdullanın, Zərnişan əmisi Nəbiyev Məhəmməd Əhməd oğlunun, Qurban isə övladı olmayan xalası Bəsti İsa qızının himayəsində böyüyür. 

Böyük Vətən müfaribəsində faşistlərə əsir düşən Həsən müəllim əsirlikdən qaçaraq partizan dəstələrinə qoşulur və orada bir macar qızı ilə evlənir. Bu evlilikdən Tamara adlı qızı dünyaya gəlir, partizan olduğu anlaşılanda isə 25 il müddətinə həbs olunur. 10-12 il həbs cəzası çəkdikdən sonra sovet hökümətinin tələbi ilə vətənə qaytarılaraq azadlığa buraxılır. Azadlığa buxıldıqdan sonra dövlətin icazəsi ilə iki dəfə Soçi şəhərində qızı Tamara ilə görüşür. Sənədlərini düzəldib həmişəlik Macarıstana köçüərək onlarla birlikdə yaşayacağını bildirsə də ömrü vəfa etmir. 18 mart 1966-cı ildə qardaşı aşıq Hüseyn Bakı şəhərində konsert verdiyi gün 56 yaşında vəfat edir və öz vəsiyyəti ilə Qara qayanın döşündə atası Deputat Qurban və nənəsi Fatma xanımın yanında dəfn olunur.

Böyük Vətən müharibəsi başlanan zaman Sadaxlının Zop mərmər karxanasına göndərilən, əvvəlcə “desyatnik”, sonra isə “texnadzor” işləyən və 1948-ci ildə Qazaxıstana sürgün olunmaqdan qoçaxlığı sayəsində yaxa qurtaran Aşıq Hüseyn isə 1950-ci ilin əvvəllərində Zeynəb mamasının oğlu Göyüşov Camal Mahmud oğlunun Tiflis şəhərində işdən evə qayıdarkən tramvayda bıçaqlanaraq öldürüldüyü və nəşinin kəndə gətirildiyi xəbərini aldığı gündən daimi olaraq doğma Saraçlı kəndinə dönür. 

1956-cı ilin yanvar ayının 26-da ailəni yasdan çıxarmaq üçün təm-təraqlı bir məclis qurub kiçik oğlu Əliyə sünnət toyu edir və məclisin gözəl yerində dəvətlilər ailənin bu xoş günündə özünün də oxumasını istəyirlər. Məclis əhlinin istəyinə Aşıq Hüseyn “baş üstə” deyərək sazı götürüb Aşıq Şenlikdən oxumağa başlayır. Bu zaman kiçik bacısı Xoşqədəm məclisə daxil olub sevinə-sevinə ona müraciət edir: 

– Hüseyn lələ, Hüseyn lələ, muştuluğumu ver, şadlıq-şadlığa qarışdı, Abdulla lələmin oğlu oldu, Abdulla lələm deyir uşağın adını Hüseyn lələn qoysun, tez ol bir ad de Abdulla lələm mənnən cavab gözləyir! – deyir.

 Aşıq Hüseyn bacısının gətirdiyi bu xoş xəbərə sevinərək: 

– Ay bacı, bax indi Aşıq Şenliyin sözlərini oxuyurdum, sən də bu xoş xəbəri verdin, uşağın adını da elə Şenlik qoyuram, böyüyəndə də öyrədəcəm aşıq olsun! – deyir.

Aşıq Hüseyndən bu adı eşidən Xoşqədəm etiraz edir: 

– Ay Hüseyn lələ, Şenlik kəndin mərkəzinə deyirlər, Şenlik nə addı, ayrı ad qoy. 

Adın Xoşqədəmin xoşuna gəlmədiyindən Aşıq Hüseyn papağını çıxarıb bir neçə kağız yazaraq papağın içinə atıb onu bacısına tərəf tutur: 

– Ay bacı, bu kağızlara adlar yazmışam, görürəm Şenlik adı xoşuna gəlmədi, indi gəl bu kağızlardan birini seç, kağızdan hansı ad çıxsa onu da qoyarıq.

Xoşqədəm kağızın birini götürüb açanda görür ki, Şenlik yazılıb. Başqa bir kağız da götürmək istəyəndə Aşıq Hüseyn icazə vermir. Xoşqədəm kağızı götürüb deyinə-deyinə geri qayıdır: 

– Abdulla lələ, al bu kağızı bax gör Hüseyn lələm uşağa nə ad qoydu.

Abdulla müəllim kağıza baxıb Şenlik sözünü görəndə ad xoşuna gəlir və gülərək:

 – Ay bacı bu ad ki, Aşıq Şenliyin adıdı. Çox gözəl addı, sən bu adı niyə bəyənmirsən? – deyib uşağa elə Şenlik adını da qoyur.

1959-cu ildə Aşıq Hüseyn Bakıya dəvət olunaraq Moskvada keçirlən Azərbaycan Mədəniyyəti Ongünlüyünə ezam olunur. Azərbaycan aşıqlarının 3-cü qurultayında iştirak edir. 1963-cü ildə Marneuli şəhərində yerləşən N saylı hərbi hissənin rəhbərliyi tərəfindən “Ford Amfibiya” markalı avtomobillə mükafatlandırılır. Faxralı kənd Sovetinin sədri Musa Həsənovun, Kəpənəkçi Mollayev Bayram müəllimin hədiyyəsindən sonra Aşıq Hüseynin şan-şöhrətini böyük hörmət sahibi olmasını həzm edə bilməyənlər 1971-ci ildə aşıq Hüseynin öldürüldüyü xəbərini yayırlar. İldırım sürəti ilə yayılan bu bəd xəbərə hər yandan camaat ağlaya-ağlaya Hüseyn Saraçlının evinə axın edir və görürlər ki, Aşıq ölməyib sağdı. Bu xəbərdən qəhərlənən bir qadın isə Əyyub Cabbarovun anasına yazdığı:


Ölmə, torpaqlara vermərəm səni,

Yerin qollarımın arasındadı.

Təbii sularla yumaram səni,

Suyun gözlərimin qarasındadı.


Ürəyimdə kədər, dilimdə zəhər,

Sənsiz bu dünyada ağzım qəm əmər,

De, sənə kim yanar, mən yanan qədər,

Ananın ürəyi balasındadı.


Şeir ocağıdır İman, Ələsgər,

Sözləri dillərdə olubdu əzbər

Deyirlər Saraçlı ölübdü məgər?

Yazıram üç kəlmə burasındadı. 


– məzmunlu məşhur şeirinin son bəndini dəyişərək adsız bir məktubla Aşıq Hüseyn Saraçlının ünvanına göndərir. Bu adsız məktubu alıb oxuyan Hüseyn Saraçlı üç il məktub yazan qadını axtarır və sonda tapıb ona belə bir cavab yazır.


Bir adsız məktubun düşdüm izinə, 

Bilmədim dünyanın harasındadı. 

Gəzdim el-obanı mən qarış-qarış,

Dedilər o dağlar arasındadı. 


Tamam üç il gəlib keçdi aradan,

Görən nə vaxt qəlbim çıxar qaradan?!

Dar günümdə kömək etsin Yaradan, 

Dərdim bir dilbərin çarasındadı. 


Saraçlı yolunda qoydu sərini,

Axtardım dayazı, gəzdim dərini. 

Axır tapdım ünvanını, yerini,

Gördüm ki, dərdlilər sırasındadı.


…Hüseyn Saraçlının sinəsini bir çox müsamirələrin qalibi medalı və ordenlər bəzəyirdi. Səslənirdiyi saz havaları ilə “İlk baxışdan məhəbbət”, “Tütək səsi”, “Firəngiz”, “Ələsgər”, “Nəğməkar torpaq”, “Uzun ömrün akkordları” filmlərinə bir başqa ovqat qatmış, “Qürbəti Kərəm”, “Bağdad dubeyti” kimi saz havalarını bəstələyən, “Gürcü qızınnan Qaçaq Kərim”, “Aşıq Ələhvərnən şəyirdi Qara”, “Bimar Gülnar”, “Dostluq dastanı”, “Hüseyn Saraçlının yaylaq səfəri”, “Hüseyn Saraçlının Naxçıvan səfəri”, “Hüseyn Saraçlının Türkiyə səfəri” və s. dastanları yaratmışdı. Aktyorlar Evinin səhnəsində ilk dəfə Dədə Qorqud obrazını canlandırmış, 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti Ongünlüyündə, 1977-ci ildə Moskvada keçirilən Ümumittifaq xalqlarının musiqi folkloru festivalında, 1982-ci ildə Moskvada keçirilən Azərbaycan Konservatoriyasının 60 illik yubileyində iştirak etmişdi. 

Gürcüstan Republikasının Əməkdar mədəniyyət işçisi kimi yüksək fəxri ada layiq görülmüş ozanlar ozanı Aşıq Hüseyn Saraçlı ortancıl oğlu Abbasın qəfil vəfatından sonra dərin sarsıntı keçirmiş və babası Koxa İsa kimi son nəfəsində Aşıq Şenliyin şeirini deyərək 16 aprel 1987-ci il tarixində saat 18:15 də gözlərini əbədi olaraq yummuşdur. 

Məkanı cənnət, ruhu şad olsun!


Rəşad Saraçlı 

16 aprel 2025-ci il.



Oxşar Xəbərlər

Xəbər lenti