Fəal vətəndaşlıq mövqeyini sərgiləyən Azərbaycan qadını

Milli-mənəvi dəyərləri yüksək tutan Azərbaycan qadını daim ali amalların, nəcib, xeyirxah təşəbbüslərin tərəfdarı kimi çıxış edərək sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına töhfələr verib. Bu gün qadınlarımız ictimai-siyasi həyatda, sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın genişlənməsində böyük işlər görürlər.
Xanımların müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında getdikcə artan rolu və mövqeyi bizim milli dövlətçilik tariximizin ən böyük uğurlarındandır. Bu uğurlar, bir tərəfdən, Azərbaycanda qadın fəallığı sayəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən, ölkə rəhbərliyinin həyata keçirdiyi strateji inkişaf xəttində qadın siyasəti ilə bağlı seçilmiş prioritetlər üzərində qərar tutur. Bu gün respublikamız geniş miqyaslı infrastruktur layihələri, dünyanın ən öndə olan ölkələrindən birinə çevrilməsi məqsədinə yönələn ardıcıl tədbirlərlə sanki yenidən qurulur.
Bu gün respublikamızda dövlət qadın siyasəti, ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.
Prezident İlham Əliyevin hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik dövlət başçısının zərif cinsdən olan vətəndaşlara diqqətinin və ehtiramının təcəssümüdür. Dövlət başçısı respublikamızın qazandığı uğurlarda qadınların rolunu yüksək qiymətləndirir: "Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır.
Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.
Xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir".
Azərbaycan qadınının ailədə, işgüzar mühitdə və cəmiyyətdəki mövqeyi dövlətimizin parlaq gələcəyinə təminat verən fundamental uğurlardan biridir. Ölkəmizdəki demokratik mühit qadınların zəngin intellektual potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət onların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlib. Bu prioritet qadınlara verilən dəyəri hər zaman qoruyub saxlamağa və onların yüksəlişinə təkan verəcək.

dabə Abdullayeva

Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}