8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Zərifə xanım 101 il bundan əvvəl – 1923-cü il, aprelin 28-də Azərbaycanın zəngin tarixə, əsrarəngiz gözəlliklərə malik füsunkar guşəsində–Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdır. Atası, görkəmli alim və ictimai xadim Əziz Məmmədkərim oğlu Əliyevlə anası Leyli xanımın, eləcə də onların ulu baba və nənələrinin doğulduqları, böyüyüb boya-başa çatdıqları, qurub-yaratdıqları, bəşər tarixinə ilkin və əbədi Azərbaycan yurdu kimi düşən İrəvan torpaqları olmuşdur.Zərifə Əliyevanın dünyaya gəlişi ailə üçün düşərli oldu. Elə həmin il ailənin Bakıya köçməsi ilə onların gələcək uğurlarının özülləri qoyuldu. Ailənin başçısı Əziz Əliyev Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olaraq bir vaxtlar Sankt-Peterburqda yarımçıq qalmış tibb təhsilini davam etdirdi, övladları isə öz arzuları ilə seçdikləri peşələr üzrə ali təhsil aldılar.Atalarının yolunu davam etdirən dörd övladdan biri də gənc Zərifə xanım Əliyeva olduZərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir;Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir.XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı.Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib.Zərifə xanım Əliyeva 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. İnstitutda çalışan dövrdə Zərifə Əziz qızı bir çox cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini hata edir. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır;Traxoma ilə yanaşı Zərifə Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir;Zərifə xanım Əliyevanın alim olaraq elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətdə rəğbət qazanmışdır. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və s. məhz bu məsələlərə həsr olunmuşdur;Elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi.Zərifə Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur;1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü;Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır.Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir;Zərifə xanım böyük alim, təcrübəli pedaqoq, qayğıkeş həkim olmaqla yanaşı, sədaqətli həyat yoldaşı, mehriban və əvəzsiz ana idi. Tale elə gətirdi ki, o, xalqımızın ümumilli lideri, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevlə ailə qurdu və ömrünün sonunadək bu böyük şəxsiyyətin gördüyü bütün işlərdə onun yardımçısı oldu. Zərifə xanım cəmiyyət üçün layiqli övlad böyüdüb tərbiyə etməyi qarşısına məqsəd qoyaraq, bu çətin missiyanı şərəflə yerinə yetirən fədakar ana idi.Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları–Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi; Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.Aygün ƏhmədovaSuraxanı rayonu, 172 nömrəli tam orta məktəbin biologiya müəllimiSozcu.info