Səsli-küylü mədəniyyət sükut mədəniyyətinə təslim olur

ey dili qafil fil faili məchul fani f...

derlər,

patişah yaşasın, unudulmaz oxucu, sən nə istəyirsən........


Mənə elə gəlir ki, hər gün üz-üzə durub bir-biriylə müxtəlif mövzularda danışan insanlar bir-birlərini heç başa düşmürlər. Daha doğrusu, həm də başa düşmək istəmirlər. Daha doğrusu, bu günün insanları bir-birini başa düşmək hissini itiriblər demək də mümkündür. İnsanlar danışarkən qarşıdakı insanın fikirlərinə şüurunu cəmləyib diqqət kəsilmək bacarığından çox- çox uzaqdırlar. 

Bu yerdə, ən çox zorluq, görəv, işcəncə sözün üzərinə düşür. Bu gün sanki söz öz “donor”uyla təmin oluna bilmir. Bu yedə söz əməlli-başlı gücünü itiririr, qüvvədən düşür, ilahi qüdrətindən məhrum olmuş bir vəziyyətdə qalır. Həm mənasızlaşır, həm də o sözü işlədənin şəxsiyyətini gözdən salır, adamı boşboğaz edib ortalıqda qoyur. Bu durum əsla adamın, hər hansı bir kimsənin yalan danışmağından irəli gəlmir. Bu öz doğru bildiyini qarşısında olduğuna deyil, şüurunda gəşt edən o sanki birinə, ya da özünə danışdığından, yaxud da danışmaq instinktindən qaynaqlanır. Bəzi filosoflar yazırlar ki, çağdaş insanın simasında, varlığında sözün belə bir şəkildə urvatdan düşməsi və sahibini urvatdan salması “hərəkəti” ya öz bildiyini o anda yoxlamandır, ya da özünü qoruma səriştəndir. Demək ki, danışan iki şəxsin dialoqu real deyil. Qarşısındakı adam sadəcə sənə bir bədən sahibi kimi görünməkdən başqa bir şey verə bilməz. Oysa bizim danışığımız, bizlərin dialoqları Haqqı arama və Onun hər an təcəllası yolunda bir qul, bəndə, yaradılış qarşılığı olaraq həmlədir, jestdir, ən doğru sayılan tərpənişimizin, diriliyimizin əlamətidir. Çünki, İbn Ərabinin söylədiyi kimi, dünya həyatında insanın dirilik nişanəsini ələ verən ən tək güc, qüdrət onun danışığı, sözüdür. Yaradanın ən lətif və əbədi sifətləri yaradılanların bir-birləriylə dialoqu zəmnində təzahür edər. 



derlər,

patişah yaşasın, unudulmaz oxucu, sən nə istəyirsən........ 


Yaşadığımız zaman dünyada baş verənlərin fonunda, bu qədər qanların, qırğınların fonunda onu göstərir ki, insanlar bir-birlərini başa düşmür, anlamırlar. 

Qəribədir, deyilmi? İnsanlar bir-birini niyə başa düşmür? İnsanların istifadə elədiyi müasir dil nədən sıradan çıxmağa başlayır. Çünki, bu dil insanların özündə qalır, başqasına sirayət etmir. Dil əslində birinin bir başqasına yönəlməsi, istiqamətlənməsidir. Bizim danışdığımız dildə heç bir sorun və günah yoxdur. Əsas sorun, o dili danışan insanının özü, əxlaqı və xarakteridir. 

Ruhumuzun, qəlbimizin dili danışıq dilimizə transfer olunmur, oluna bilmir. Bizim kosmosa buraxdığımız dil, ixrac elədiyimiz dil, dillikdən çıxmaq zorundadır. Bu məcburiyyət dilin daxili qanunlarından da irəli gəlmir. Dilin mühitdəki potensialından da ortaya çıxmır. Dilin bizim əxlaq və xarakter daşıyıcısı olaraq məndən başqa bu dildə danışmaq imkanı olanların da potensialına ehtiyacı vardır. Bu potensial olmadan dilin kosmik diriliyi və bütövlüyü mərhələ yaratmır. 

Dil kosmik hadisə sayılsa da, əslində dünyada, reallıqda, hadisədə, dialoqda yaranır. Təsiredici gücə sahiblənir. Dili metafizikləşdirən sadəcə bu reallığa, dialoqa, hadisəyə insanın ruhsal və şüursal yönləriylə kosmosdan alıb gətirdikləridir.



derlər,

patişah yaşasın, unudulmaz oxucu, sən nə istəyirsən........

 

Bütün bunların qaynaqlandığı bir başlanğıc olması gərəkir. Müasir insanın dilində leksikoloji imkanların sürətlə çoxalması əsas şərtlərdən biri sayılırsa da, digər şərtlərdən biri də yaranış prosesində olan dilin karmasında insan, onu danışan şəxsin psixoloji boğuntuda şüurunu irəli çəkir, qurban verir. Çünki ruhla bərabər şüurun, dilin daxili dinamikasının genişlənmə mərhələsində böyük rolu var. Bəzən şüur heç bu yerdə ruhun gözünü açmasına imkan vermir. Şüurun, ruhun (onun) qibləgahına çəkdiyi dili təkbaşına idarə etməyə, ona ağalığını göstərməyə çalışsa da, yenə ruh qorxusu dilin canında bütün ictimai-siyasi-tarixi dalğasıyla yapışıb qalır. 

Çağdaş insanın ünsiyyətinə dil çox gəlir, artıq gəlir, ağır gəlir. İnsan bu ağırlığı elə biləsən daşımaq istəmir. Bu yanlış səslənən fikir ola bilər. Əslində isə, dilin başqa aləmlərdən də öz dövrünün insanından aldığı təkanla, insanın varlığında doğmalıq yaşayır. İnsan dilin ağırlığından qurtulmaq üçün qarşısındakı insanları öldürməyi bacarır. Dil birinin digərini öldürməsi hesabına ömür qazanır, ömür uzadır. Sonucda gizli qatil olan bir insan, digərinin sayqısını da yeri gələndə qazanmış olur. Qatillik insanının dialoqları sayəsində ancaq düşmən ruhu, şüuru formalaşdırıb, bir cəmiyyətin xaosuna stimul verir. 

Səhv etmirəmsə, Spinoza gələcəklə bağlı çox uzaqgörənliklə yazırdı ki, elə bir zaman gələcək, insanlar susmağı danışmaqdan üstün tutacaqlar. Görünür bu gün xalqların, millətlərin, dinlərin, mədəniyyətlərin dirçəlməsi, dünyaya xoş aura bəxş etməsi, insanlığa yaşam vəd etməsi, dillərin, bəşəriyyəti lallığa aparan o yolundan keçir. 


Xanəmir Telmanoğlu

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti