Dünən, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
23-10-2024, 18:37
18-10-2024, 10:38
Ey dili qafil fil faili məchul fani f...
Derlər,
Unudulmaqdan ötəri yuxu görməyi arzulayan oxucu,
Dünya binə olandan bu yana baş vermiş bütün müharibələrin heç bir mənəvi yönü, mədəniyyət simptomu olmayıb. Ona görə ki, bütün müharibələr fiziki güc, qəddarlıq, hiylə, qan, ölüm üzərindən həyata keçib, tarixə mal olub. Bu sarıdan tarix mənəviyyat üzərindən, ədalət və əxlaq üzərindən deyil, fiziki güc, zorakılıq, qəddarlıq, kin-qəzəb-küdurət, qan, ölüm üzərindən özünü elan, mahiyyətini var edib. Ancaq tarixin bir özəlliyi var ki, hər hansı savaşın, qarşıdurmanın, fəlakətin baş verməsindən bir müddət sonra, bu fəlakətin nəticəsi, səbəbi olaraq mənəvi ipucları baş qaldırmağa özən göstərir. Mədəniyyətlərdə uzunmüddətli - tədrici dəyişimlər, ya köklü dəyişimlər özünü göstərmədən başlayır. Mütləq və mütləq lokal coğrafiyada bir mədəniyyət savaş səbəbindən sonra özünün “kimliyini”, “varlığını” pozaraq yeni dəyişikliyə, irəliyə dönüş sərgiləyən energetik vasfıyla çıxış edir.
Unudularkən gülməkdən qəşş edən oxucu,
Əslində, müharibələrdə bir başa mədəniyyət abidələri, tarixi məkanlar ibadətxanələr, muzeylər, arxivlər hər hansı top atışından, bombardman səbəbindən yox edilir. Bəzən bu yoxedilmə bilərəkdən, (kontrollu) proyektə uyğun həyata keçirilir. Biz isə, müharibənin necə mədəniyyət yaradıb- yarada bilməyəcəyindən danışmaq istəyirik.
Sözsüz ki, qədim dünyanın lokal müharibələrinin özünə xas, yarada biləcəyi spesifik nəticələr, tarixə keçəcək forma və mahiyyəti mövcud idi. Qədim və keçmiş dünyanın müharibələrində hər hansı bir kültürü, mədəniyyət obyektini, istənilən arxivi, sənədləri, kitabları, kitabələri qorumaq, qurtarmaq üçün sanki vaxt mümkün idi. İndiki mühariblər üçün bu, mədəniyyəti qurtarmaq imkanları hardasa mümkün deyil, sıfıra bərabərdir. 100 km - dən atılan bir raket bir anda böyük bir ərazini, o ərazidəki obyektləri, əşyaları, insanları, digər canlıları külə çevirə bilir. Burda qurtuluşdan, imkandan, macaldan söhbət gedə bilməz. Mədəniyyəti qorumaq instinktinin fədakarlığı yalnız keçmişə məxsusdur. Mədəniyyəti qurtarmağın mümkünlüyü keçmiş zamanla, qədim dünyayla sığortalana bilər. Mədəniyyətin qorunma şüurunda, təlabatında insanlığın, insanın üst kimliyi və üst kimliyindəki şüur iştirak etdiyindən, o, öz məhsulunu, öz uzantısını, öz varisini yoxluğa gömmək istəmir. Digər yöndən, həm də belə bir qurtarma anlayışının təhlükəsi ortaya çıxanda, onun, insanlığın yaratdıqlarının gələcəyə gedib çatması, onu yaradanların, qoruyanların varlığının gələcəyə gedib çata bilmə şansından olduqca çoxdur. Ona görə də bir insan, hətta bütün səlahiyyət və məsuliyyətləri yüklənmiş bir insan sağ qalmağından əmin deyildir. Ancaq muzey və arxiv, qədim bir kitabxanadakı əlyazmaların qurtarılıb gizlədilməsi, gələcək nəsillərə, tarixə və mədəniyyət(lər)ə ötürülməsi yönündə kəsinliklə qaranti altına alınmağa meyllidir. İnsan isə mədəniyyəti qurtarmaqla həm özünü, həm mədəniyyəti qurtara bilər. Ancaq özünü qurtarıb, mədəniyyəti ölümə tərk edəndə, onu yox olmağa sürükləyəndə, mədəniyyətlə birgə özünün də sonuna imza atır. İnsan ən çətin məqamda, məsələn, mühariblərdə mədəniyyətin arxasında gizlənməməlidir. Bu sığınma, gizlənmə, sağ qalamağı, qurtulmağı mədəniyyətə yüklənib, mədəniyyəti önə verməklə gerçəkləşdirməməlidir.
Unudulduğunda dostlarına zəng edib lətifə danışan oxucu,
Sözsüz ki, insanın birinci borcu, əgər savaşırsa, müharibə iştrakçısıdırsa, özünü də sağ saxlamalı, qorumalıdır. Çünki bu dünyada ən böyük əxlaq da, mədəniyyət də, tarix də insandır, insanlıqdır. İnsan oğlunun Şərqdə ən böyük anlayışı, mədəniyyət hesab etdiyi əşyaları qoruyub özünü güdaza verməsidir. Yəni özünün qurbanlığı hesabına mədəniyyət dediyi elementlərin birər nümunələrini, dəlillərini, qədim bildiklırini mütləq və hökmən qorumalı olduğunun təfəkkürünə, inancına sahib olmaqla aldanmasıdır. Yer üzündə və külli - kainatda insanın varlığının özü mədəniyyət faktoru kimi bütün mədəni arqument, obyekt, əşya, dəlil və qaynaqlardan, nişanələrdən qutsaldır, qiymətlidir, dəyərlidir. İnsan gerçək mədəniyyət nümunəsidir. Dünyada heç bir mədəniyyətin izi bir insanın varlığına bədəl ola bilməz. Ona görə də, biz mədəniyyəti əşya, dəlil və faktlarda deyil, insanın özündə, varlığında, kimliyində aramalıyıq. Bu baxımdam avroplılar dərk edə bilmişdirlər ki, yaratdıqlarını özündə yaşatmağı bacarmalısan. Əgər insan yaratdıqlarını öz varlıq və kimliyində, mahiyyətdində əks etdirə, yaşada bilirsə, o mədəniyyəti bir əşya, eksponat, dəlil kimi qorumağa xərc çəkməyə, çaba göstərməyə dəyməz. Ancaq heç bir zərurət halı olmadan, mədəniyyətin qorunub yaşadılıb təbliğ olunmasında heç problem olmamalıdır və necə ki olmur. Bu gün düz - dünya muzeylərlə doludur, kilsələrlə, havralarla, sinoqoqlarla, arxivlərlə, arxitekturalarla.... bir sözlə, Avropa insanı əxz elədiklərini, mədəni bildiklərini öz varlıq və kimliyində hakim qıldığında, (tarixin qorxunc savaş dönəmlərində) onun ikinci dərdi olmur. Ancaq biz şərq insanı tarix yaşantımızın elementlərini müharibə dönəmlərində mədəniyyət qorumaq instinktimizlə işə saldığımızda, həm özümüzü qorumalıyıq, həm də konkret olaraq mədəniyyətimizi. Bu zaman qoruyucu missiyaya talib olan insan, öz qurbanlıq görəvini də mədəniyyəti qoruma anlayışı, mədəniyyəti yaşatma, gələcək nəsillərtə çatdırmaq təfəkkürü, intiusiyası üzərindən yerinə yetirməli olur. Özünü mədəniyyət yaşasın deyə qurban verir. Şərq insanının özünə yönəlik bu cür bağışlanılmaz xəyanətinə heç bir haqq qazandırmaq olmur. Tarixin ən dar məqamlarında şərq insanı mədəniyyət qoruma səbəbindən özünə qarşı xəyanətə rəvac verir, yaşıl işıq yandırır. Bu xəyanətin bədəlini necə, nə cür ödəyəcəyini isə heç vaxt hesaba qatmır. Bu məqamda bilmək olmur ki, şərq insanının özünə xəyanəti özünü öldürmə, intihar deyə Tanrı qatında növbəti sorğuyla, cəzayla nəzərə alınırmı? Diqqətə alınılırmı? Hesaba qatılırmı? Onun özünə qarşı xəyanəti mədəniyyətə qədimlik, böyüklük kimliyi qazandırır. Bu qazanc, bu özünə xəyanət etmiş insanın nəyinə yarayır, nədən köməyinə gəlmir? Hə, mədəniyyət şərqdə bir insanın kimliyini və varlığını onu öldürməklə, onun ölü halıyla yaşadır, tarix edir. Mədəniyyət şərqdə bir insanın özünə qarşı xəyanət etməsiylə, özünü nəyisə qorumaq uğrunda ölümə təslim etməklə, onu millət müstəvisinə qaldırır. Mədəniyyətin bizdə ölülər üzərindən özünü diri saxlaması, ölülərdən qidalanması, ölüylə bəslənməsinin kökündə o dünyayla bağlı tərəfləri və ağırlıqları çoxdur. O sarıdan bu dünyada özünü təsdiq eləmiş bir mədəniyyətin ölümlə, o dünyayla bəslənməsində xeyli qaranlıq nüanslar, çıxılmazlıqlar, qorxunc üzərinə gəlmələr də göz ardı edilə bilməz.
Elə ki unudulduğunu hiss elədi, o andan etibarən keçmiş günlərinə yas tutmaqdan zövq alan oxucu,
Mən bir örnəklə mövzunu toparlamağa çalışacağam. Uşaq vaxtı bilmədən əlimizi qəbirstanlıq tərəfə uzatdığımızda, mütləq barmağımızı dişləyib ayağımızın altına qoyardıq. Bu inancla bağlı eyni qaydaya, əmələ, hərəkətə qədim şumer mətnlərində rastlayanda, əməlli -başlı cılğına döndüm. Aradan neçə min il keçməsinə baxmayaraq, əcdadlarımın inanclarından mən heç cürə qurtula bilməmişdim. Mən misal çəkdiyim adi bir inancın mahiyyətini, ölümlə bağlantısını necə göz ardı edib də, qalxıb metafizikayla, mistikayla əlaqələndirə bilərəm. Sonra da mədəniyyətimi bu yazıyla əlaqədar mahiyyət düzeyinə çıxardıb metafizik, mistik mədəniyyət adıyla bir yarqılamaya başlardım.
Şərq mədəniyyəti şərq inanının özünə qəsd instinkti hesabına yaşayıb formalaşaraq gələcəyə ötürülür. Yaponların ən böyük düşüncə və inancında yer alan xarakiri eyləmi, ayini də mədəniyyətlə əlaqədar birbaşa bu söyləməyə çalışdığım nüanslarla sıx bağlılığını inkar edə bilməz.
İnsasn oğlunun qoruyacağı ən böyük mədəniyyət elementi və nümunəsi üzərində gəzib yaşadığı, düşündüyü torpaqdır. Hələ ki, bu torpaq, mədəniyyət uğrunda ölən, əsrin sonuncu milləti, xalqı, bizə məxsusdur. Çünki ölməsə idik, qalib olmayacaqdıq.
Hə, kim nə deyir desin, mədəniyyətin bir başı da zəfərdir. Ölümdən rişəsini və böyümə vüsətini alan mədəniyyət zəfərin təmsilçisi olmağa özünü yad bilmir, özgə hesab etmir. Zəfərin, qələbənin yanında, mahiyyətində mədəniyyət özünü yabançı aparmır.
Ölümdən qidalanan mədəniyyət matriarxal - qadınsı energetikaya, zəfərdən mayalanan mədəniyyət patriarxal-erkəksi energetikayla bütövlüyünü və böyüklüyünü xalqın düşüncəsində, ruh yapısında, karmasında hakim gücə dönüşdürür.
Xanəmir Telmanoğlu
Sozcu.info