Azərbaycan bayrağı Xankəndidə dalğalanır

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra qarşıda duran ən böyük məqsədlərdən biri ərazi bütövlüyünün təmin edilməsiydi. Uzun illər işğal altında qalan torpaqlarımız xalqımızın ürəyində dərin yara buraxmışdı. Lakin xalq olaraq biz heç vaxt bu ədalətsiz vəziyyəti qəbul etmədik. Haqq səsimizi beynəlxalq tribunada ucaltdıq, hərbi gücümüzü artırdıq, bütün resurslarımızı iftixar və qürurla səfərbər etdik.

Nəhayət, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olundu, üçrəngli bayrağımız doğma şəhər və kəndlərimizdə yenidən dalğalandı. Bu müharibə təkcə hərbi zəfər olmadı bu, həm də ədalətin bərpası, haqqın qüvvəyə minməsi, xalqımızın mənəvi qalibiyyəti oldu.

Cənab Prezident İlham Əliyevin 2024-cü ilin 18 sentyabrında imzaladığı sərəncama əsasən, hər il 20 sentyabr tarixində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təntənəli şəkildə qeyd ediləcək. Bayrağımızın dalğalandığı hər bir şəhər, hər bir kənd, hər bir qəsəbə, Azərbaycanın zəfərinin və xalqımızın qələbəsinin simvoludur. Bu günün təsis olunması ölkəmizin işğaldan azad edilmiş yerlərinə, mədəniyyətinə və tarixinə olan sevgimizin ifadəsidir. Bu, həm də 30 ilə yaxın davam edən ayrılığın sona çatdığı günün xatirəsidir . Xalqımızın daimi ümidinin, haqqa olan inamının və qəhrəmanlığının simvoludur. 

Azərbaycan dövləti bütün dünyaya göstərdi ki, işğalçılıq siyasəti uzun müddət davam edə bilməz. Qüdrətli ordumuz, xalqımızın birliyi və Prezident cənab  İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində tarixi ədalət zəfər çaldı. Bu qələbə  Azərbaycanın regiondakı mövqeyini daha da möhkəmləndirdi, yeni siyasi reallıq yaratdı və sülhə aparan yolda əsaslı zəmin qurdu.

Qeyd edilən kimi, ölkə başçısının 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilməyə başlanıldı və bu il bu əlamətdar günlər ikinci  dəfə geniş şəkildə qeyd ediləcəkdir. Fəxr etməyə dəyər. Artıq xalqımız torpaqlarımızın azad edildikləri tarixləri qeyd edəcəkdir. 

Bundan sonra hər bir azərbaycanlının üzərinə düşən ən ümdə vəzifə Vətənimizin hər qarışını göz bəbəyi kimi qoruyub onu tam şəkildə gələcək nəsillərə əmanət etmək, şəhidlərimizin ruhunu daim uca tutub onları gələcək nəsillərə Vətənpərvərlik nümunəsi göstərmək və ölkəmizi dünyada layiqincə təmsil edib, üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandırmaqdır. Yaşasın Azərbaycan!


Qurbanəli İslamov

Suraxanı RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, 2-ci Qarabağ müharibəsi qazisi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti