“Böyük Qayıdış” – Zəngilanın Yeni İnkişaf Dövrü

44 günlük Vətən müharibəsində əldə olunan Zəfər sayəsində illər sonra Zəngilan torpaqlarında həyat yenidən nəfəs aldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə reallaşan “Böyük Qayıdış” prosesi bu qədim yurdun tarixinə yeni inkişaf mərhələsi yazdı. Bu gün Zəngilan artıq dağıntılar şəhəri deyil, Azərbaycanın müasirlik, ağıllı idarəetmə və dayanıqlı inkişaf modelinə çevrilmiş nümunəvi bölgəsidir.

Azərbaycanın birinci pilot layihəsi olan Ağalı “Ağıllı kəndi” bu gün dünya səviyyəsində müasir kənd modeli kimi tanınır. Burada 200-dən çox ev inşa olunub, enerji təminatı günəş panelləri və su elektrik stansiyaları vasitəsilə həyata keçirilir. Kəndin sosial infrastrukturu – məktəb, bağça, tibb məntəqəsi, “ASAN” və “DOST” xidmətləri, kiçik və orta biznes dəstək mərkəzləri – sakinlərin bütün ehtiyaclarını qarşılayır. 2022-ci ilin mayında Ağalıya ilk sakinlərin köçürülməsi “Böyük Qayıdış”ın real başlanğıcı oldu. Bu gün kənddə 175 ailə, yəni 871 nəfər doğma torpağında yeni həyat qurur.

Ağalıda hər bir ev enerjidən səmərəli istifadə edən sistemlərlə təchiz olunub, istilik və su təminatı ekoloji texnologiyalar üzərində qurulub. Bioloji təmizləmə sistemləri, Arximed Turbini tipli Su Elektrik Stansiyası, fotovoltaik günəş panelləri və “yaşıl” infrastruktura ilə kənddə ekoloji balans və dayanıqlı inkişaf fəlsəfəsi yaradılıb.

2023-cü ildə təsdiqlənmiş Zəngilan şəhərinin 2040-cı ilədək Baş Planı bu torpaqların gələcək inkişafının strateji xəritəsidir. Yeni yaşayış kompleksləri, məktəblər, sosial obyektlər və müasir kommunikasiya xətləri ilə Zəngilanın bərpa və quruculuq dövrü sürətlə davam edir.

Zəngilan Cənubi Qafqazın mühüm nəqliyyat mərkəzinə çevrilməkdədir. Burada inşa edilmiş Zəngilan Beynəlxalq Hava Limanı Azərbaycanın hava nəqliyyatı xəritəsində yeni strateji nöqtədir. Həmçinin Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və Zəngilan–Horadiz avtomobil yolu regionun iqtisadi, logistik və geosiyasi əhəmiyyətini daha da artırır.

İşğal dövründə dağıdılan Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa edilərək yenidən öz əzəmətinə qovuşub. Tarixi məscidin yanında müasir memarlıq elementləri ilə yeni ibadətgah inşa edilib. Bu, həm inancın, həm də milli kimliyin qələbəsidir.

2024-cü ildə istifadəyə verilən “Ağalı” hoteli bölgənin turizm potensialının genişlənməsinə təkan verib. Zəngilanda həyata keçirilən “Dost Aqropark” layihəsi isə Azərbaycan–Türkiyə qardaşlığının iqtisadi təcəssümüdür. Aqroparkda 500 nəfər üçün iş yerləri yaradılıb, 6 min hektar ərazidə kənd təsərrüfatı və heyvandarlıq kompleksi qurulur. Qarabağ məhsulları “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılacaq.

Prezident İlham Əliyevin 2020–2024-cü illər ərzində Zəngilana etdiyi çoxsaylı səfərlər bu torpaqların dirçəliş salnaməsini əks etdirir. Hər bir səfər Zəfərdən Quruculuğa keçidin, Vətən müharibəsindən Böyük Qayıdışa aparan yolun növbəti mərhələsi olmuşdur.

Bu gün Zəngilanın səması azad, yolları geniş, torpağı bərəkətli, insanı isə gələcəyə inamlıdır. Zəngilan dirçəlir, çünki bu torpaq artıq əbədi olaraq Azərbaycanındır!


Fatma Xıdırlı

Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai, siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti