Strateji İnfrastruktur Təməli və Su Təhlükəsizliyi Konsepsiyası

2026-cı il yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirə ölkənin mühəndis infrastrukturu, su təhlükəsizliyi və dayanıqlı inkişaf prioritetləri baxımından strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin çıxışının birinci xətti son 20 ildə ölkədə formalaşdırılmış möhkəm infrastruktur təməlinin sistemli icmalına həsr olunub. Dövlət başçısı vurğulayıb ki, ardıcıl şəkildə icra edilmiş regional inkişaf proqramları nəticəsində Azərbaycan artıq əsas infrastruktur problemlərini arxada qoyub və yeni, keyfiyyətcə fərqli mərhələyə qədəm qoyub.

Enerji təhlükəsizliyi bu mərhələnin əsas dayaqlarından biri kimi təqdim edilir. Bir vaxtlar enerji qıtlığı yaşayan və idxaldan asılı olan Azərbaycan bu gün təkcə öz tələbatını ödəməyən, eyni zamanda elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Bu, generasiya güclərinin artırılması ilə yanaşı, vahid və dayanıqlı ötürücü-paylayıcı sistemin qurulmasının nəticəsidir.

Qazlaşma səviyyəsinin 96 faizə çatdırılması da sosial rifah və enerji müstəqilliyi baxımından mühüm göstərici kimi qiymətləndirilir. Prezidentin çıxışında bu fakt təkcə daxili təminat kimi deyil, Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı tərəfdaş statusunun göstəricisi kimi təqdim olunub.

Nəqliyyat infrastrukturu – xüsusilə avtomobil yolları – regional inteqrasiyanın və iqtisadi aktivliyin əsas şərti kimi çıxış edir. İşğaldan azad edilmiş ərazilərdə paralel şəkildə yol, enerji, su və qaz layihələrinin icrası vahid inkişaf modelinin tətbiq olunduğunu göstərir.

Su təhlükəsizliyi məsələsi Prezidentin çıxışında ayrıca strateji xətt kimi önə çıxdı. Son 20 ildə inşa edilmiş dörd böyük su anbarı – xüsusilə Taxtakörpü və Şəmkirçay – ölkənin su balansının qorunmasında həlledici rol oynayıb və Bakının su təminatında kritik əhəmiyyət kəsb edib.

Dövlət başçısı Ermənistanın işğal dövründə həyata keçirdiyi “su terroru”nu beynəlxalq humanitar hüquq kontekstində qiymətləndirərək, su resurslarının silaha çevrildiyini açıq şəkildə bəyan etdi. Bu fakt münaqişənin təkcə hərbi deyil, ekoloji və humanitar ölçülərini də ortaya qoyur.

Azad edilmiş ərazilərdə su anbarlarının bərpası və yenilərinin tikintisi təkcə təsərrüfat ehtiyaclarını deyil, milli su təhlükəsizliyinin uzunmüddətli təminatını hədəfləyir. Sərsəng, Suqovuşan, Köndələnçay, Xaçınçay və Zabuxçay layihələri bu strategiyanın praktik təzahürüdür.

Prezidentin çıxışında vurğulanan əsas məqamlardan biri də su mənbələrinin coğrafiyasıdır. İşğaldan azad edilmiş ərazilərin geri qaytarılması ilə ölkənin daxili su potensialının artması xarici asılılığı əhəmiyyətli dərəcədə azaldıb.

Ümumilikdə isə iqlim dəyişikliyi fonunda su ehtiyatlarının qorunması Prezidentin yanaşmasında milli təhlükəsizlik elementi kimi təqdim olundu. Dövlətin məqsədi yalnız cari problemləri deyil, gələcək riskləri də qabaqlayan sistemli su idarəçiliyi modelinin qurulmasıdır.

Beləliklə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın infrastruktur inkişafı modelinin artıq formalaşdığını və su təhlükəsizliyi məsələsinin bu modelin əsas strateji komponentlərindən birinə çevrildiyini nümayiş etdirir.

Fatma Xıdırli

Beyləqan RİH başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi 



Oxşar Xəbərlər

Xəbər lenti