Dəstək adı altında zərər: Zahid Orucun çıxışlarının pərdəarxası

Son günlər deputat, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc müxtəlif mövzularda açıqlamalar verməklə və mövqelər sərgiləməklə hakimiyyətə yarınmaq cəhdlərini davam etdirir. Bu cəhdlərin səmimiyyəti isə cəmiyyətdə ciddi suallar doğurur. Çünki ölkədə böyükdən kiçiyə hər kəsə bəllidir ki, Zahid Oruc üçün əsas prioritet dövlət və ictimai maraqlar deyil, şəxsi mövqeyinin qorunmasıdır.

Onun siyasi baxışlarını və mövqeyini son dərəcə sürətlə dəyişmək bacarığı artıq ictimaiyyət arasında dillər əzbərinə çevrilib. Bu mənada Zahid Oruc nadir “siyasi resurs” sayıla bilər. Elə bu məqamda haqlı sual yaranır: doğrudanmı hakimiyyətin ictimai nüfuzu sıfırdan da aşağı olan bir şəxsin dəstəyinə ehtiyacı var? Axı cəmiyyətdə nifrət obyektinə çevrilmiş birinin hakimiyyəti dəstəkləməsi, əslində, onun imicinə zərərdən başqa bir şey qazandırmır.

Zahid Oruc özünü “fədakar” kimi təqdim edib cəmiyyət tərəfindən tənqid olunmasını bu prizma ilə əsaslandırmağa çalışa bilər. Halbuki ölkədə həyata keçirilən siyasəti əsaslandırmaq və təbliğ etmək üçün kifayət qədər real və təsirli arqumentlər mövcuddur. Prezident İlham Əliyevin fəaliyyəti, torpaqların azad edilməsi, genişmiqyaslı bərpa-quruculuq işləri, soydaşlarımızın öz doğma yurdlarına qayıdışı,  artıq tarixə düşmüş və bu hakimiyyətin nüfuzunu uzun illər yüksəkdə saxlayacaq faktlardır.

Zahid Oruc isə əksinə, dolaşıq və uğursuz improvizasiyalarla dolu açıqlamaları ilə sanki məqsədli şəkildə hakimiyyətin legitimliyinə kölgə salır. Onun çıxışları və yazıları cəmiyyət üzvləri arasında sərt qıcıq yaradır. Sosial şəbəkələrdə Zahid Orucun fikirlərinə dair bir dənə də olsun müsbət rəyə rast gəlmək demək olar ki, mümkün deyil. Bu isə artıq ciddi ictimai göstəricidir.

Cəmiyyətdə formalaşmış rəy ondan ibarətdir ki, Zahid Oruc nə deyirsə, onun əksini düşünmək lazımdır. Bu, təsadüfi deyil, illər ərzində formalaşmış ictimai nifrətin real təzahürüdür.

Diqqətçəkən digər məqam ondan ibarətdir ki, Zahid Oruc bilərəkdən və ya bilməyərəkdən cəmiyyətdə arzuolunmaz təsəvvürlər formalaşdırır. Məsələn, yanvarın 22-də Azpolitika.info saytında dərc olunan “Qalib Azərbaycanda Heydər Əliyev nəsli niyə hədəfə çevrilib?” adlı yazının elə başlığı belə spekulyativ xarakter daşıyır. Bu başlıq oxucuda yanlış təsəvvür yaradır ki, guya Heydər Əliyev nəsli ölkədə hədəf altındadır. Halbuki Azərbaycanda Heydər Əliyev ailəsinə qarşı heç vaxt sistemli münasibət olmayıb və cəmiyyətdə bu nəslə qarşı ümumi rəğbət mövcuddur.

Zahid Oruc bu cür yazılarla əsassız şübhələr və gərəksiz müzakirələr yaradır ki, bu da hakimiyyətin maraqlarına xidmət etmir. Eyni hal ötən il dekabrın 17-də demokrat.az saytına verdiyi müsahibədə də müşahidə olunmuşdu. O, sərhədlərin bağlı qalmasının səbəblərindən biri kimi, guya yüz minlərlə insanın,  o cümlədən soydaşlarımızın, Azərbaycana kütləvi axını təhlükəsini göstərmişdi.

Halbuki Azərbaycan Respublikası dünya azərbaycanlılarının vətəni kimi təqdim olunur və bu, dövlət ideologiyasının əsas sütunlarından biridir. Dünya azərbaycanlıları da Azərbaycanı ana vətən, Prezident İlham Əliyevi isə öz liderləri hesab edirlər. Zahid Oruc isə bu cür açıqlamaları ilə tam əks təbliğat aparmış olur. Bu isə növbəti “ayı xidməti”dir.

Zahid Orucun bu qəbildən olan açıqlamaları tək-tük deyil. Vaxtilə “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə Ramiz Mehdiyev haqqında səsləndirdiyi fikirlər də cəmiyyətdə ciddi suallar doğurmuşdu. Xüsusilə son cümlələrində istifadə etdiyi metaforalar və “dərin dövlət adamı” ifadəsi hələ də müxtəlif yozumlara yol açır.

Beləliklə, sual açıq qalır: cəmiyyətin dərin nifrət və qınaq obyekti olan Zahid Orucun bu cür ayı xıdməti həqiqətən ehtiyac varmı? Yaxud ictimai rəydə etibarını itirmiş bir şəxsin dövlət və hakimiyyət üçün hansı real faydası ola bilər.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti