28-01-2026, 11:19
23-01-2026, 21:08
15-01-2026, 21:37
14-01-2026, 11:52
7-01-2026, 21:19
Azərbaycanda azşagirdli məktəblərin distant təhsilə keçirilməsi ilə bağlı səslənənfikirlər sosial şəbəkələrdə geniş narazılıq doğurub. İstifadəçilər bu qərarın təhsilin keyfiyyətinə, uşaqların sosial inkişafına və kəndlərin boşalmasına səbəb ola biləcəyini bildirirlər.
Bu mövzuda sosial şəbəkədə başlanmış müzakirələrdə iştirak edən Firuzə Əliyeva hesab edir ki, yalnız müəllimi olmayan bəzi fənlər distant tədris oluna bilər, bütün məktəbin onlayn formata keçməsi isə dünya təcrübəsinə uyğun deyil və maliyyə qənaətinə hesablanıb. Onun sözlərinə görə, bu addım ailələri kənddən köçməyə məcbur edə, uşaqları isə uzun illər sosial mühitdən təcrid edə bilər.
Başqa bir istifadəçi Səadət Quliyeva ucqar ərazilərdə internetin zəif olduğunu, aztəminatlı ailələrin texniki imkanlarının məhdud qaldığını vurğulayır.
Ucqar kənd məktəbində çalışan müəllim Pikə Rəhimova isə məktəblərində bütün fənlər üzrə müəllimlərin olduğunu və bu qərarın kənd reallığını əks etdirmədiyini bildirir.
Müəllim Yalçın Heydərov elektrik enerjisinin tez-tez kəsildiyini xatırladaraq, belə şəraitdə distant təhsilin mümkünlüyünü sual altına alır.
İstifadəçi Esmira Əliyeva da uşaqların sosiallaşdığı əsas məkanın məktəb olduğunu qeyd edərək, ucqar kəndlərdə hər bir şagirdin normal təhsil almaq hüququnun qorunmalı olduğunu yazır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib ki, növbəti tədris ilindən azşagirdli məktəblərdə təhsilin keyfiyyətini artırmaq üçün yeni tədris modeli tətbiq olunacaq. Ucqar ərazilərdə müəllim çatışmazlığı olan fənlər üzrə dərslər hibrid formada keçiriləcək, şagirdlər rayon mərkəzindəki “mərkəz məktəb”dən onlayn qoşulacaqlar. Layihə çərçivəsində seçilmiş məktəblər müasir texniki avadanlıqla təmin ediləcək və hazırda 100-dən çox məktəbdə bu sistemə mərhələli keçid planlaşdırılır.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “Azşagirdli kənd məktəblərinin distant təhsilə keçirilməsi təşəbbüsü müasir təhsil sosiologiyası və pedaqoji idarəetmə prinsipləri baxımından dərindən təhlil edilməlidir. Bu məsələ sadəcə bir inzibati qərar deyil, ölkənin gələcək insan kapitalına və demoqrafik strukturuna birbaşa təsir edən konseptual məsələdir. Azərbaycan Respublikasının konstitusiyası hər bir vətəndaşın təhsil hüququnu bərabərlik prinsipi əsasında təmin edir. Lakin distant təhsilə keçid zamanı rəqəmsal alətlətə əlçatanlıq problemi ortaya çıxır. Ucqar kəndlərdə internet infrastrukturunun zəifliyi, kəsintisiz elektrik enerjisinin olmaması və xüsusilə aztəminatlı ailələrin kompüter, planşet kimi texnoloji resurslara çıxış imkanlarının məhdudluğu bu hüququn reallaşmasına mane olur. Texniki baza olmadan təklif edilən onlayn model təhsilə əlçatanlığı artırmır, əksinə, sosial təbəqələşməni və bərabərsizliyi dərinləşdirir”.
Fəlsəfə doktoru qeyd edir ki, akademik baxımdan məktəb təkcə bilik ötürülən məkan deyil, həm də fərdin sosiallaşdığı əsas institutdur: “Şagirdlərin həmyaşıdları ilə əyani ünsiyyəti, kollektiv fəaliyyət və müəllim-şagird münasibətləri emosional intellektin və sosial bacarıqların formalaşması üçün əvəzedilməzdir. Uşaqların ekran qarşısına məhkum edilməsi onları sosial mühitdən təcrid edərək gələcəkdə ciddi psixoloji və ünsiyyət problemləri ilə üz-üzə qoyur. Bu məqamda bildirməliyəm ki, ən böyük fəsadlardan biri demoqrafiya və miqrasiya riskləri sayılmalıdır. Kənd məktəbi yerli icmanın mədəni-intellektual mərkəzidir. Məktəbin distant formaya keçməsi həmin ərazidə intellektual mühitin məhvinə və mütəxəssis bazasının itirilməsinə gətirib çıxarır. Ən əsası, övladının keyfiyyətli və əyani təhsil almasını istəyən valideynlər kəndlərdən şəhərlərə köçməyə məcbur qalacaqlar. Bu, daxili miqrasiyanın sürətlənməsi, kəndlərin boşalması və regionların sosial-iqtisadi tənəzzülü deməkdir”.İlqar Orucova görə, təhsilin idarə olunmasında maliyyə optimallaşdırılmasının qənaətə və kənd məktəblərinin bağlanmasına hədəflənməsi kökündən yanlışdır: “Maliyyə qənaəti təhsilin keyfiyyətindən, vətəndaşın təhsil almaq hüququndan və sosial ədalətdən üstün tutulmamalıdır. Fikrimcə, ağıllı hibrid modeli daha doğru yanaşma ola bilər. Yalnız kadr çatışmazlığı olan spesifik fənlər üzrə distant dəstək təmin edilməli, digər fənlər və sosial mühit isə əyani şəkildə qorunmalıdır.
Nəticə olaraq, dövlət təhsil siyasəti hər bir kənd uşağının təhsil almaq haqqını fiziki və sosial infrastrukturla bərabər şəkildə təmin etməlidir. Biz ucqarlardakı intellektual mühiti qapatmaq yox, onları daha müasir və əlçatan üsullarla gücləndirməliyik. Burada ən vacib (hətta maliyyə qənaətindən də) məqam və yanaşma ucqar kəndlərin bir qisminin sərhəd ərazilərimizdə yerləşməsidir. Biz sərhədlərimizi güclü ordu ilə bərabər, savadlı, bilikli, dünyagörüşlü, milli-mənəvi dəyərlərlə “silahlanmış” vətəndaşlarımızla da qorumalıyıq”.