YARDIMLI SAKİNİ POLİS İDARƏSİNDƏ ÖLDÜ – Rövşən Əliyevin ölümü ilə bağlı müəmma!


Lənkəranda isə 17 yaşlı gənc bölmədə bir neçə polis nəfəri tərəfindən döyülüb

Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Rövşən Əliyev rayon polis şöbəsində ölüb. Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən, R.Əliyev dünən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək polis şöbəsinə gətirilib.

Rəsmi mənbələr iddia edir ki, onun üzərindən satış məqsədi ilə külli miqdarda narkotik vasitə aşkar edilib. İlkin dindirmə zamanı R.Əliyev qəfildən pisləşib, polis əməkdaşları təcili yardım çağırıblar. Bütün cəhdlərinə baxmayaraq, o, dünyasını dəyişib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Qeyd edək ki, mərhumun yaxınları Rövşən Əliyevin polis şöbəsində zorakılığa məruz qaldığını iddia edir. Bununla bağlı Hurriyyet.az-a danışan qohumlardan biri bildirir ki, kifayət qədər sağlam insan olan R.Əliyevind guya şöbədə dindirmə zamanı öldüyü haqda açıqlamalar həqiqətə uyğun deyil. Onun ağır fiziki və psixoloji işgəncələr nəticəsində öldüyü güman edilir.

Yeri gəlmişkən, srağagün Lənkəranda da tələbə polis əməkdaşı tərəfindən şiddətə məruz qalıb. “Report” yazır ki, 31 may səhər saatlarında kollecdə təhsil alan gənc iki polis əməkdaşı tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparılıb. 17 yaşlı gənc bölmədə bir neçə polis nəfəri tərəfindən döyülüb.

Kollec tələbəsi xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Hurriyyet.az

Redaksiyadan: Hər iki mövzu ilə bağlı geniş araşdırma aparacağıq.



Oxşar Xəbərlər

Xəbər lenti