8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sosial şəbəkələrdə Bakıda Neftçilər metrosunun yaxınlığında yerləşən “Mehnur” Reabilitasiya Mərkəzində uşaqlara qarşı zorakılığı özündə əks etdirən video görüntülər yayılıb.
Ürəkağrıdan görüntülərdə baxıcı azyaşlı uşaqların saçlarını yolur, döşəmədə sürüyür, bədən nahiyələrinə xəsarətlər yetirir.
Sozcu.info xəbər verir ki, teleqraf.com məsələylə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin fikirlərini öyrənib.
Birlik sədri bu cür problemli reabilitasiya mərkəzlərinin açılmasına görə səlahiyyətli qurumları məsuliyyətsizlikdə günahlandırıb:
“Belə mərkəzlərin açılmasından aidiyyəti qurumların hansı halda xəbəri olur? Nəyə görə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün lisenziyasız mərkəzlər fəaliyyət göstərir? Deməli, burada məsuliyyət aidiyyəti qurumun - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə düşür. Yox, əgər bu mərkəzlər Elm və Təhsil Nazirliyinin nəzarətindədirsə, o zaman nazirlik cavab versin: hansı keyfiyyətlərinə görə belə bir mərkəz açılıb?
Məndə olan məlumata görə, “Mehnur” Reabilitasiya Mərkəzi ümumiyyətlə, lisenziyasız fəaliyyət göstərib. Onun rəhbərinin adı da Nuranədir. Bakının bir neçə yerində mərkəzin filialları var. Videogörüntülər dünəndən yayılıb, elə dünən gecədən etibarən də mərkəzin bütün sosial şəbəkə platformaları fəaliyyətin dondurub”.
Kəmalə Ağazadə hesab edir ki, mövcud situasiyada valideynlərin atacağı addım hüquq çərçivədə olmalıdır: “Onlar uşaqlarının hüquqlarını ancaq məhkəməyə müraciət etməklə qoruya bilərlər. Amma çox təəssüf ki, bəzən xüsusi qayğıya ehtiyacı olan uşaqların davranışlarından bezən valideynlər başlarından etmək üçün aparıb övladlarını belə müəssisələrə qoyurlar. Uşağına həqiqi sevgisi olan valideyn görmürmü ki, övladında aqressiya daha da artıb?
Uşaqlarını belə müəssisələrə etibar edən valideynlər əvvəlcə mütləq araşdırma aparmalıdırlar. Həmin mərkəzlərin lisenziyasının olub-olmadığını öyrənmək, habelə müəllimlərlə söhbət etmək, onların xarakteri, psixoloji durumu haqqında məlumat toplamaq lazımdır. Birmənalı şəkildə bu tip müəssisələr kameralaşdırılmalıdır. Əks halda bu cür hallar artacaq”.
Müsahibimiz cəmiyyətdə gedən ictimai müzakirələrdən də söz açıb: “Bir hissə deyir ki, həmin videonu çəkənin özünü də həbs etmək lazımdır. Adam çəkir, pis olur, gizli saxlanılır, başqa söz deyirik. Hesab edirəm ki, kameralaşdırma sistemi bütün müəssisələrə aid olmalıdır”.