“Tonqal”ın icarədarı oğlumu həbs etdirmək istəyir” - Eldar Həsənovun yaxınlarına İTTİHAM


Füzuli rayon sakini Rafiq Mehdiyev oğlu Radiq Mehdiyev barəsində qanunsuz olaraq cinayət işi başlandığını iddia edir.

Hurriyyet.az-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən vətəndaş bildirib ki, Nərimanov rayonunda yerləşən “Tonqal” restoranının icarədarı Şəmsəddin Hüseynov şəxsi əlaqələri sayəsində oğlunu həbs etdirməyə çalışır.

Onun sözlərinə görə, Ş.Hüseynovun oğlu Samir də dövlət strukturunda vəzifəli şəxs kimi çalışır və bu məsələdə onun da əli var: “Oğlum Faqət adlı şəxsin yanında kuryer kimi çalışır. Faqətin satdığı ətləri gündəlik olaraq “Tonqal” restoranına aparır. Oktyabrın 5-də Radiq Nərimanov polisi tərəfindən şübhəli şəxs kimi saxlanılıb ki, bəs sən 11 aydır Şəmsəddin Hüseynovun restoranına aparılan ətdən hər gün 20 kilo oğurluq etmisən. Halbuki hər gün ət təhvil-təslimlə restorana verilir. Kababçıya da yalançı izahat yazdırıblar ki, guya həftəlik 2000 manatlıq ət oğurlanıb.

Görünür, Samirin Nərimanov Rayon Prokurorluğuna etdiyi təsir vasitəsilə oğlum barəsində cinayət işi başladıblar. Məqsədləri də odur ki, Şəmsəddinin Faqətə olan borcunu bu yolla sildirsin. Çünki Şəmsəddinin Faqətə 40 min manat borcu var. Şəmsəddin özü də dedi ki, əti göndərən Faqətə 40 min manat borcum var, belə əvəzləşdirirəm. Həmin pulu qaytarmaq istəmədiyi üçün oğlumun üstünə atıb söhbəti bağlamaq istəyir”.

Şikayətçi qeyd edib ki, oktyabrın 7-də Nərimanov Rayon Məhkəməsində oğlunun həbs olunması ilə bağlı verilmiş təqdimata baxılıb: “Radiq barəsində əsassız şəkildə ev dustaqlığı qətimkan tədbiri seçildi. Nərimanov rayon prokuroru niyə əsassız təqdimatla sifarişli həbsə təqdimat verir? Yəni bir restoran sahibi istədiyi adamı həbs etdirə bilər? Məhkəmənin qərarından şikayət verəcəyik. Ümid edirik ki, Bakı Apellyasiya Məhkəməsində işə ədalətli baxılacaq. Biz ev dustaqlığından da narazıyıq.

Onu da deyim ki, "Tonqal" restoranı sabiq Baş prokuror, hazırda həbsdə olan Eldar Həsənova məxsusdur. Restoranı işlədən Şəmsəddin Hacıyev də onun tanışı, həmyerlisidir. Sonradan öyrəndik ki, oğlu Samir əvvəllər Bakı Şəhər Prokurorluğunda işləyib. Hazırda isə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində çalışır”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev müraciətimizə cavab olaraq bildirdi ki, vətəndaş Ş.Hüseynovun icarədarı olduğu “Tonqal” restoranından oğurluq edilməsilə bağlı etdiyi müraciəti əsasında Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılıb: “Polis əməkdaşları tərəfindən keçirilən istintaq hərəkətləri ilə restorana ət gətirən Radiq Mehdiyevin orada aşpaz kimi çalışan digər bir şəxslə əlbir olaraq 8 ay ərzində həmin restorana gətirdiyi ətin çəkisini qəsdən həqiqi çəkisindən artıq göstərməklə obyektə külli miqdarda ziyan vurduqları məlum olub.

Faktla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi açılıb. İstintaq hərəkətləri davam etdirilir”.

Baş Prokurorluğun Mətbuat xidmətindən isə sorğumuza cavab olaraq bildirildi ki, Nərimanov Rayon Polis İdarəsinə daxil olmuş müraciət üzrə araşdırma aparılıb: “Aparılan araşdırma ilə Radiq Mehdiyevin özgəsinin əmlakını ələ keçirmək məqsədilə 1 oktyabr 2021-ci ildən 13 avqust 2022-ci ilədək müddətdə Şəmsəddin Hüseynovun icarəyə götürərək işlətdiyi “Tonqal” restoranında kababçı işləyən tanışı Natiq Qardaşov ilə qabaqcadan əlbir olaraq həmin restorana gətirib təhvil verdiyi ətin çəkisini qəsdən artıq qeyd etdirməklə restoranın xəzinəsindən həmin çəkiyə uyğun pul vəsaitini təhvil alıb Şəmsəddin Hüseynova 85 min 980 manat məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Radiq Mehdiyev və Natiq Qardaşov Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə müvafiq qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir. Bundan əlavə bildiririk ki, Samir Hüseynov adlı şəxs prokurorluq orqanlarında xidmət etmir”.



Oxşar Xəbərlər

Xəbər lenti