8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tutu Abbasova:"Rasim müstəntiq Muxtarla, müstəntiqlərin rəisi Hikmətlə əlbir oldu”
Muxtar Muxtarov: "Bizə pul versələr, elə onun ziyanını ödəyərdilər, bizə niyə verirdilər?”
Şərif Aslanov: "Mən pulu alıb Rasimə vermişəm”
Rasim Əliyev: "O, 27 mindən ötrü uşağı tutdurdu”
Ölkədə rüşvət, korrupsiya hər bir sahədə olduğu kimi, hüquq-mühafizə orqanlarında da geniş yayıldığı üçün həbs olunan hansısa şəxsi həbsxanadan bu yolla azad etmək adət halını alıb və bu, indi də davam edir. Amma bəzən kimisə həbsxanadan azad etmək qarşılığında pul ödənilsə də, o pul ünvanına çatmadığı üçün həmin şəxs azadlığa çıxa bilməyib. Oğlunun həbsdən azad edilməsi üçün Əliyev Rasim Qüdrət oğluna 27 min manat pul ödəyən, lakin oğlu hələ də azadlığa çıxmayan Naxçıvan sakini, hazırda Məhəmmədi qəsəbəsində kirayədə yaşayan Abbasova Tutu Muxtar qızı "Hurriyyət”ə deyib ki, oğlu 2016-cı ildə tutulub: "Oğlum maşın alveri edirdi. Həmin vaxtlarda maşın gətirməyə gedəndə televiziyada xəbər verdilər ki, "avro-4” standartlarına uyğun olmayan hansısa illərdə buraxılmış ( illərini bimirəm) maşınlar Azərbaycana keçməyəcək. Oğlum da maşını Dubaydan gətirirdi. Bir neçə nəfərdən pul almışdı. Bura gəlib çatanda yol xərcini ödəyib, bunlar maşını götürəcəkdilər. Oğlum iki gündən sonra mənə zəng etdi, dedim ki, bala, televiziyada belə bir şey eşitdim. Amma illəri yadımda qalmayıb. Dedi, "maşınları almışam, göndərmişəm”. Maşınlar "parom”la Astaraya gələcək, oradan götürəcəklər. İki gündən sonra oğlum gəldi, dedi "aldığım maşınların illərini dəqiq bilmirəm, Allah etsin, "avro-4” standartlarına uyğun çıxsın, çıxmasa, mən batdım”. Bir aydan sonra maşınlar Azərbaycana gəldi çatdı. Aldığı maşınlardan 4-nü Bakıya keçirdi, 6-7-ni keçirə bilmədi. Maşınlar suyun üzündə qaldı, maşın yiyələri hay saldılar ki, "sən bizə ayrı maşınları gətirmisən”. Maşın yiyələri gedib oğlumun xəbəri olmadan ona "stop” qoydurublar ki, birdən qaçar. Halbuki, elə ikisi oğlumla şərik işləyənlərdi. O alır gəlir, bunlar burada satırdılar. Bunlar oğlumu tutdurdular. Bunların hissə-hissə pullarını verdim ki, ərizələrini geri götürsünlər, yenə də etmədilər”.
"Onun dərdindən mən kirayələrə düşdüm”
T. Abbasova qeyd edib ki, oğlu tutulandan sonra Kürdəxanı türməsində İbrahimov Alim Əlsahib oğlu ilə bir kamerada qalıb: " Bu Alim deyir ki, "mənim qaynatamın hər yerə əli girir. Mən dəfələrlə həbs olunmuşam, məni çıxarıb. İndi də məni çıxarmağa az qalır, sənə də kömək etsin, sən nə hökumətin malını yemisən, nə oğurluq etmisən, nə də adam öldürmüsən. Sənin işin yüngülvari işdir. Mən deyim, o, dostları ilə danışsın. Nə istəsələr sən onu verə bilərsənmi, sənə köməklik etsinlər”. Oğlum da bunu mənə dedi. Dedim, bala, bilmirəm. Dedim, 5-10 min olsa, düzəldərik ki, sən çıxasan. Onu da deyim ki, oğlum sahibsiz oldu, tək mənəm. Hara getmişəm təkəm, oğluma qəsdən 8 il iş verdilər. Hara gedirsən deyirlər, ona o qədər iş düşmür, 4, uzağı 5 il iş düşərdi. Prokuror da, hamısı da pul istəyir. Amma məni tanımır axı, aparıb verəm. Nə isə bu Alimin qayınatası mənə zəng vurdu. Adı da Rasimdir, evə gəldi, söhbətləşdik. Dedi, "adam var, mən danışım, sənin özünü də onun yanına aparacam, orada söhbət eləyək, nə desələr, özün də eşit”. Dedim, yaxşı. Mən də oğlumun İldırım adında dostu var, onu da çağırdım. Rasim zəng vurdu ki, ""Okean” avto salonun yanına gəlin, orada söhbət edək”. Mən də oğlumun dostunu götürdüm, avto salonun yanında görüşdük. Avto salondan 20 metr aralıda maşından açkili bir adam düşdü. Mən onu hələ tanımıram. Rasim düşdü, onunla söhbət etdi. Dedim, ay Rasim, mən də gəlim. Dedi, "yox, səni istəmirlər”. Dedi, "danışıb, sənə deyəcəm”. O adamla yarım saat danışandan sonra gəldi dedi ki, "tanışlıqla 27 minə danışdıq. Dedi ki, "əgər 27 mini düzəldib versələr, məhkəmədə işi qurtararıq. İş Ağır Cinayətlər Məhkəməsinə getsin, orada həll edərik. Mənim dostum oradadır””. Getdim, fikirlərşdim, qohum-əqraba ilə danışdım, evi satdım. Mən türməyə də yemək-içmək aparmalıydım, axı. Onun dərdindən mən kirayələrə düşdüm”.
"Rasimin 27 min manatdan mənə verdiyi pul bu olub”
Rasim Əliyev
T. Abbasova bildirib ki, 27 min manatın hamısını birdən verməyib, hissə-hissə verib: "Rasim Şərif adında bir nəfər adam göndərdi. Sonra onun ad familyasını bildim, Aslanov Şərif Ramazan oğludur. Həmin ona pulun hamısını verməyim cəmi 1 ay 20 gün çəkdi. Şərif gəldi hissə-hissə məndən pulu aldı, apardı, dedi ki, "Rasimə verirəm”. Həmin vaxtı Ramanıda kirayədə yaşadığım evə gəldi, orada ayın tarixi ilə yazdım. Belə-belə 27 min manat verdim. Rasim arvad- uşağı iə bizə gəlməyinə, tanış olmağına görə, mən ona çox inandım. Ona görə də mən ona pulu verdim. Ondan sonra, oğlum dedi ki, "bəs, nə oldu, məni niyə buraxmırlar?” Gözlədim-gözlədim, gördüm Rasim gəlmədi, telefonlara cavab vermədi. Bir gün telefona cavab verəndə dedim, Rasim, mənim oğlum çıxmadı, pulumu qaytar. Nəsə oğlum da türmədə Alimlə söz-söhbət edib. Alim qaynatasına zəng vurub deyir ki, "narazıçılıq var, apar pullarını qaytar”. Rasim mənə bir axşam zəng vurdu ki, sizə gəlirəm. Mən də fikirləşdim axşam vaxtı mənim evimə niyə gəlir, evdə tək yaşayıram. Oğlumun dostu İldırmı evə çağırdım. Rasim gəldi, dedi ki, "imkan yoxdur, bu pulu gətirmişəm”, 4600 manat mənə pul qaytardı, getdi. 20 gündən sonra bir də zəng vurdu ki, ""28 may” metrostansiyasının yanına gəl, sənə pul gətirmişəm”. Mən yenə oğlumun dostunu çağırdım, getdik, o da yoldaşı ilə gəlmişdi, 250 manat mənə pul qaytardı. Bir də üstündən biz az keçəndən sonra Şirvan şəhərindən Zabratın poçtuna 100 mant pul göndərib. Onun 27 min manatdan mənə verdiyi pul bu olub. Ondan sonra, Rasim telefonları bağladı, mənə cavab vermədi”.
"Şərif hamısını orada düz dedi”
Şərif Aslanov
T. Abbasovanın sözlərinə görə, o, bundan sonra, "Banditizim” idarəsinə (Red-Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nəzərdə tutulur) ərizə ilə müraciət edib: "Məni ora çağırdılar, getdim, müstəntiq Asif Behbudov məni danışdırdı. Dedi, "sən Alimi tanıyırsan?” Dedim, yox mən türmədəki adamı tanmıram, amma Rasimi tanıyram. Dedi, "o türmədəki adamı mən tutmuşam. Gəl, sənə şəklini göstərəcəyəm”. Sonra mən məhkəmələr olanda gedirdim, onu da tanıdım. Asif Behbudov çağırdı Rasimlə, Şəriflə danışdı. Şərif hamısını orada düz dedi. Şərif pulu məndən sonra aparıb hara verdiyini hamısını nağıl etdi. Orada mən gördüm ki, bunlar fırıldaq edib. Deyirəm ki, Şərif mən pulu oğlumu çıxarmaq üçün vermişəm, siz mənim pulumu niyə aparıb başqa yerə xərcləmisiniz ? Dedi, "mən bilmirəm, bunlar alıb, verib. Mənə deyiblər, mən də aparıb vermişəm”. Nəsə orada Asif Behbuov bunlara heç nə etmədi. Yəqin ki, onlardan pul aldı. Asif Behbudovun axırıncı dəfə mənə sözü bu oldu ki, "xala, bura mənim sahəm olmadığı üçün mən bu işə baxa bilmirəm”. Mən də ev adamı olmuşam, yoldaşım rəhmətə gedib, qardaş-bacı yoxdur, ortalıqda tək qalmışam. Mən də başa düşmürəm. Demək, sən Asif Behbudov Amerikadan adam tutub gətirib burada həbs edirsən, amma Azərbaycandakını tutmursan. Mənim əlimdə sənədlərim, sübutlarım var, sən deyisən ki, "bu, mənim işim deyil”. Dedi, "sən harada qeydiyyatdasan, işi ora göndərəcəm. Hələ mənə dedi "Sabunçu Polis İdarəsinə göndərəcəyəm”, amma Zabratın sahə polisinə göndərib”.
"Elə yazdılar ki, guya, mən pulu aparıb türmədə Alimə vermişəm”
"Zabratdan mənə zəng vurdular ki, polis idarəsinə gəl, sənin burada şikayətin var. Dedim, niyə ora gəlib, başaqa yerə getməliydi. Dedi, "xala, bilmirəm, gəl bura, danışaq”. Getdim, br cavan uşaqdı. Dedi, "xala, sənin sənədlərin buradadır, sənin sənədlərin yuxarıdan aşağıya gəlib”. Dedi, "elə bil müdir süprügəçiyə göndərib”. Dedim, "bala, vaxtı uzatmaq üçün belə ediblər. Rasim ona pul verdi, işi Sabunçu rayonuna qaytardı. Dedi, "bu, mənlik deyil. Sabunçu Polis İdarəsinə göndərirəm”. Ondan bir neçə gün sonra məni Sabunçu rayon Polis İdarəsinə çağırdılar, içəri girdim müstəntiqlərin rəisi Hikmət Vəliyev dedi ki, "sənin işini müstəntiq Muxtar Muxtarova vermişəm”. Müstəntiq Muxtar da dedi ki, "iş məndədir, Şərifi də, Rasimi də çağırıram, izahat alaram”. Ondan sonra, onları çağırdı, Şərif gəldi necə "Banditizim”də demişdi, orada da dedi ki, "pulu alımışıq. Məni Rasim filan yerə göndərib aparıb ora vermişəm”. Mən müstəntiqə dedim, mənim uşağımı çıxarmadılar. Mənim pulumu versinlər. Şərif danışsa da, Rasim səsini çıxarmadı. Dedi, "bu arvadın evində olmuşam, söhbət etmişəm”, qorxusundan heç nə demədi. Sonradan bunlar müstəntiqin yanına get-gəl etdilər. Müstəntiqə dedim, bunları çağır gəlsin mənim işimi həll etsinlər. Dedi, "çağıracam gələcəklər”. Rasim müstəntiq Muxtarla, müstəntiqlərin rəisi Hikmətlə əlbir oldu. Onlar elə yazdılar ki, guya, mən pulu aparıb türmədə Alimə vermişəm. Alim də deyir ki, "mən türmədə oturmuşam, sən mənə necə pul verə bilərsən?” Oğlumdan da türmədə izahat aldılar. Oğlum dedi, "çöldə anam onlara pul verib”. Mən də deyirəm, o adam içəridə dustaqdır. Mən uşağıma 5 manat pul keçirə bilmirəm, mən haradan dustağa 27 min manat keçirib, vermişəm ki, o dustaq da necə mənim oğlumu türmədən çıxaracaq? Uşağa da sual versən, deyəcək ki, bu, yalandır. Bunlar pulu aldılar, belə yazdılar. Sabunçunun prokurorunun yanında dəfələrlə oldum, dedi, "bu adamlara niyə iş açmayblar?” Demək, Muxtarla əlbir oldular, pul adılar, yedilər. Ondan sonra, məni qəbul etmədilər. Mənim hazırda Rasimdə 22 min manat pulum qalıb. Mən ondan pulumu tələb edirəm. mənim pulumu gətirsinlər”,-deyə şikayətçi vurğulayıb.
"Ona ziyan ödənməyib, o bizlik deyil”
Məsələdə adı keçən Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Muxtar Muxtarov isə "Hürriyyət”ə deyib ki, o iş 2018-ci ildə Sabunçu Rayon Məhkəməsinə gedib: "Adama da cəza veriblər, hökm də çıxıb. Ona ziyan ödənməyib, o bizlik deyil. Biz cinayət işi başlayıb, dələduzluqla məhkəməyə vermişik”.
"Onun ziyanını mən ödəyəsi deyiləm ki?”
"Tutu Abbasova iddia edir ki, siz pul alıb, işi Rasimin xeyrinə həll etmisiniz” dedikdə müstəntiq belə cavab verib: "O, iddia edəcək, aydın məsələdir. Bizə pul versələr, elə gətirib onun ziyanını ödəyərdilər, bizə niyə verirdilər ki? Yaşlı qadındır, 50 dəfə şikayət edib, nazirlikdən belə, hər yerdə olub. Biz işi məhkəməyə göndərmişik, adama da cəza verilib. Neynəməliyik, onun ziyanını mən ödəyəsi deyiləm ki?”
"Hökm çıxarmaq məhkəmənin səlahiyyətindədir”
"Qadın deyir ki, mən Alim İbrahimova pul verməmişəm, Rasimə pul vermişən, amma onunla bağlı heç bir iş açılmadı” deyə müstəntiqin nəzərinə çatdırda isə M. Muxtarov təkrar edib ki, o işi məhkməyə veriblər: "Məhkəmədə də ona hüquqi qiymətlə hökm çıxarıb. Hökm çıxarmaq məhkəmənin səlahiyyətindədir, bizim səlahiyyətimizdə deyil”
"Özləri danışmışdı, mən ancaq vasitəçi idim”
Şərif Aslanov isə taksi şoferi kimi Tutu Abbasovadan pulu alıb aparıb Rasim Əliyevə verdiyini təsdiq edib: "İkincisi də, qadının özü mənə neçə dəfə zəng edib ki, Şərif pul hazırdır gəl, apar. Özləri danışmışdı, mən ancaq vasitəçi idim. Məhkəmə gördü ki, mənim günahım yoxdur, axırda dedi ki, taksi şoferi bura gəlməsin”.
"Məni narahat etmə”
Tutu Abbasovanın redakasiyamıza şikayət etdiyini eşidən Rasim Əliyev isə əsəbi şəkildə belə deyib: "Onunla əlaqədar məni narahat etmə. O, 27 mindən ötrü uşağı tutdurdu”.
Redaksiyadan: Mövzu ilə bağlı maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.