Keçmiş icra başçısı həbs oluna bilər -Şahin Məmmədovun 14 illik fəaliyyəti yoxlanılır

Samux , Ağcabədi və Masallı rayonlarına rəhbərlik etmiş Şahin Məmmədovun Ağcabədi rayonuna rəhbərlik etdiyi 14 illik fəaliyyəti yoxlanılır. Bu barədə “Yeni Sözçü” qəzetinə Ağcabədi rayonundakı mənbədən məlumat daxil olub.  

Şahin Məmmədov ilk dəfə 17 aprel 2004-cü ildə Samux rayon İcra Hakimiyyətinin başcısı təyin edilib. Təxminən 20 ay sonra, 26 dekabr 2005-ci ildə Samuxdan Ağcabədiyə transfer olub. Təxminən 14 il ərzində Ağcabədiyə rəhbərlik edən Şahin Məmmədov 20 noyabr 2019-cu ildə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Masallı rayonuna başçı  təyin edilib. Nəhayət Şahin Məmmədov 25 iyul 2022-ci ildə Masallı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Bundan sonra vətəndaşların Prezident Adminstrasiyasına, Baş prokurorluğa çoxsaylı müraciətləri ilə bağlı Ağcabədi rayon icra hakimiyyətinin sabiq başçısı Şahin Məmmədovun büdcə pullarının istifadəsi zamanı qanunsuzluqlara yol verməsi ilə bağlı bəzi faktların yoxlanlması üçün təhqiqat aparmaq qərarı verilib.

“Yeni Sözçü” qəzetinə daxil olan məlumata görə, Maliyyə naziri Samir Şərifovun əmri ilə Şahin Məmmədovun 26 dekabr 2005-ci ildən 20 noyabr 2019-cu ilə kimi Ağcabədi Rayon İcra Hakimiyyətinə başçıçlıq etdiyi dövrdə dövlət büdcəsindən Ağcabədi rayonuna tikinti-təmir və abadlıq işləri üçün ayrılan büdcə pullarının təyinatı üzrə istifadə olunub, olunmadığı araşdırılmasına başlanılıb. Qeyd edək ki, Şahin Məmmədov Ağcabədi rayon İcra Hakimiyyətinə başçılıq edəndə “Yeni Sözçü” qəzetində dəfələrlə Ağcabədidə baş verən qanun pozuntuları və korrupsiya ilə bağlı faktlara əsaslanan araşdırmalar dərc edib.

Məsələn, “Yeni Sözçü” qəzetinin 12.09.2018-ci il tarixli sayında dərc edilən “Ağcabədidə tender saxtakarlığı” başlıqlı araşdırama yazıda  qeyd edilirdi ki, Ağcabədi şəhərində “Saat qülləsi”nin tikilməsi tender əməliyyatı qanun pozuntuları şəraitində həyata keçirilib. Belə ki, iddiaçıların tenderdə iştirak etmək üçün müvafiq sənədləri 2018-ci il oktyabrın 17-dək Ağcabədi Rayon İcra Hakimiyyətinə təqdim etməli olduqları da məlumatda yer alıb. İctimaiyyətin diqqətinə o da çatdırılır ki, iddiaçıların təklifləri oktyabrın 19-da RİH-in inzibati binasında açılacaq. Ancaq Ağcabədi Rayon İcra hakimiyyətinin rəsmi saytının xəbərlər bölümündə yer alan 14.07.2018-ci il tarixli bir məlumat bu tenderin saxtakarlıq şəraitində keçirildiyini sübut edirdi. Belə ki, həmin məlumatda Ağcabədi şəhərinin Heydər Əliyev prospektində səkilərdə təmir-bərpa işləri aparılmasından geniş bəhs olunur. İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabatı ilə bağlı RİH-nin rəsmi saytında yer alan məlumatda “Heydər Əliyev prospektində saat qülləsinin tikintisi aparılır” ifadəsi yer alıb. Yəni tender keçirilməzdən əvvəl “Saat qülləsi”nin tikintisi artıq başlamışdı.

“Yeni Sözçü” qəzetinin 05.09.2018-ci il tarixli sayında dərc olunan “Məmurlar büdcə pullarını hara xərcləyirlər?-FOTO” başlıqlı araşdırmada da büdcə pullarının saxta tenderlər vasitəsilə talan edilməsindən bəhs edilirdi. Həmin araşdırmada deyilirdi ki, 2011-ci ildə Ağcabədi şəhər İcra Hakimiyyətinin sifarişi ilə Ağcabədi şəhər Ü.Hacıbəyli prospekti, İ.Qayıbov, E.Sadıqov, Qarabağ və 20 Yanvar küçələrində əsaslı təmir işləri üçün 1191 473  (bir milyon yüz doğsan bir min dörd yüz yetmiş üç)  manat, Hindarx qəsəbəsində abadlıq işləri üçün 471 684 (dördyüz yetmiş bir min altı yüz səksən dörd) manat büdcə pullarının sərf edilib. Bundan altı il sonra, yəni 2017-ci ildə Ağcabədi şəhərinin Heydər Əliyev, Üzeyir Hacıbəyov, İsmət Qayıbov, Nəsimi, Namiq Abdullayev adına küçə və prospektlərdə yerləşən çoxmənzilli yaşayış binalarında təmir aparılmış, bu məqsədlə də bir milyon manata yaxın vəsait sərf edilib. Bu işlər “Elnur inşaat firması”" MMC-i ilə həyata keçirilib.  

2011-ci ildə  Ağcabədi şəhər ərazisində yolların əsaslı təmir işlərinə 911 917 (doqquz yüz on bir min doqquz yüz on yeddi) manat sərf edilib. Bundan başqa həmin il yolların təmiri üçün "Yeni Yol-1” MMC-ilə 390 684 manatlıq bir maliyyə əməliyyatı da həyata keçirilib. Növbəti ildə, yəni 2012-ci ildə  Ağcabədi rayon Hindarx qəsəbəsində abadlıq işlərinə təxminən 300 min manat sərf edilib. Bu əməliyyat isə "Konsul-50” MMC-i vasitəsilə həyata keçirilmişdi.  2012-ci ildə yolların əsaslı təmir işləri isə Ağcabədi 33 saylı Yol İstismar İdarəsi ilə deyil, bu idarənin rəisi Vidadi Hüseynovun ailə şirkəti olan və oğlu Fəridin adını daşıyan " Fərid” MMC-i vasitəsilə həyata keçirib və bu işə altı yüz min manatdan artıq büdcə vəsaiti sərf olunub. 

Hüsülü-Qiyamadınlı yolunun təmiri də Ağcabədi 33 saylı Yol İstismar İdarəsinin rəisi Vidadi Hüseynovun ailə şirkəti “Fərid” MMC tərəfindən həyata keçirilib. Bu məqsədlə 5 milyon manat pul xərclənib.

Şahin Məmmədov Ağabədi rayon icra hakimiyyətinə rəhbərlik edən zaman Ağcabədi rayonunu içməli su ilə təmin etmək üçün Qarqar çayı sahilindəki 3 ədəd artezian quyusundan çəkilmiş 16 km su kəməri çıxarılaraq metallom kimi satılması haqqında da vətəndaşların çoxsaylı şikayətləri vardı.

Bütün bunları xatırlatmaqda məqsədimiz Maliyyə naziri Samir Şərifovun əmri ilə aparılan yoxlamanın bu məlumatları nəzərə alması və həqiqətləri üzə çıxarmasıdır. “Yeni Sözçü” qəzeti olaraq bu yoxlamanı nəzarətdə saxlamağa, nəticələri barədə oxuculara məlumat verməyə çalışacağıq.

A.Aydın,

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti