"Oğlum Salyan Rayon Polis Şöbəsində döyüldüyü, təhqirlərə məruz qaldığı üçün özünü yandıraraq intihar edib" - ŞİKAYƏT


Rasim Məhərrəmov: "Rəis müavini Etibar Balakişiyevin otağında olan polis əməkdaşları hərbçi, qazi oğluma yumruqla, təkiplə zərbələr endiriblər"

"O özünü yandıracağını, intihar edəcəyini bildirib, bu zaman polis əməkdaşları "Özünü yandırmayanın anasını, bacısını... " deyiblər və bu yolla oğlumu intihara təhrik ediblər"

"Qızımı Salyan Rayon Polis Şöbəsində döyüblər və ondan tələb ediblər ki, "Qardaşım özünü mənə görə yandırıb" desin, hər vasitəyə əl atdılar ki, oğlumun məhz onların ucbatından intiharını ört-basdır etsinlər"

Bugünlərdə Hurriyyet.az-a müraciət edən Salyan rayon sakini Rasim Məhərrəmov oğlu, 21 yaşlı hərbçi, qazi Pərvin Məhərrəmovun Salyan Rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən döyüldüyünü, təhqirlərə məruz qaldığını və bütün bunlara dözə bilmədiyi üçün özünü yandırdığını bildirib.

Rasim Məhərrəmovun sözlərinə görə, oğlu ötən ilin dekabr ayının 29-da Salyan Rayon Polis Şöbəsinə gedib və rayonda narkotik maddələrin satışı ilə məşğul olan şəxslərlə bağlı şikayətinin olduğunu qeyd edib: "Oğlum hərbçi və qazi olduğunu deyib və Salyan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nəzər Əsgərovla görüşmək istədiyini bildirib. Lakin polis əməkdaşları oğlumu rəislə yox, Salyan Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini polkovnik-leytenant Etibar Balakişiyevlə görüşdürüb. Beləcə, oğlum onun otağında daxil olub və rayonda narkotik maddələrin satışı ilə məşğul olan 2 nəfər haqda əlində məlumatın olduğunu, onlar barəsində lazımı tədbir görülməsini istəyib. Bunun ardınca Etibar Balakişiyev oğluma deyib ki, sən bizə ağıl öyrədəcəksən. Oğlum bildirib ki, ağıl öyrətmək fikri yoxdur, sadəcə şikayətinə baxılmasını və narkomanlarla bağlı müvafiq ölçü götürülməsini istəyir. Məhz bundan sonra Etibar Balakişiyevin otağında olan Tural adlı polis əməkdaşı oğluma yumruqla, Rəsul adlı polis isə təkiplə zərbələr endirib. Oğlum hərbçi, qazi olduğunu və "Məni niyə vurursunuz?", deyə bildirib. Qeyd edim ki, oğlum Pərvin Məhərrəmov

hərbçi kimi Laçında işləyirdi". 

Şikayətçi iddia edir ki, oğlu Salyan Rayon Polis Şöbəsində döyüldüyü, təhqirlərə məruz qaldığı üçün bunlara dözə bilməyib və özünü yandıraraq intihar edib: "Həmin vaxt Salyan Rayon Polis İdarəsinin rəis müavini Etibar Balakişiyevin otağında 4 nəfər olub. Oğlumu döyüb, təhqir ediblər. O isə özünü yandıracağını, intihar edəcəyini bildirib. Bu zaman polis əməkdaşları oğluma "Özünü yandırmayanın anasını, bacısını... " deyiblər. Onlar bu yolla oğlumu intihar etməyə təhrik ediblər. Bundan sonra oğlum Etibar Balakişiyevin otağından çıxıb, polis şöbəsinin həyətinə düşüb və benzinlə özünü yandırıb. Onun benzini hardan, necə tapdığını bilmirəm. Oğlumu o həddə çatdırıblar ki, o, intihar etməyə məcbur qalıb. Oğlum özünü yandırdıqdan sonra hamısı ordan qaçıb. Sadəcə, bir polkovnik-leytenant var ki, o tez yaxınlaşıb və oğluma yardım edib, alovu söndürməyə çalışıb. Ancaq bundan sonra Salyan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nəzər Əsgərov həyətə düşüb və deyib ki, gör, siz bunu nə həddə çatdırıbsız ki, özünü

yandırıb". 

Rasim Məhərrəmovun bildirdiyinə görə, oğlu özünü yandırdıqdan sonra Salyan Rayon Polis Şöbəsinin əməkdaşları məsələni ört-basdır etmək məqsədiylə qızımı gətiriblər və deyiblər ki, guya oğlum Pərvin Məhərrəmov bacısının narkotik aludəçilərinə qoşularaq evdən getdiyi üçün özünü yandırıb: "Qızımı Salyan Rayon Polis Şöbəsində döyüblər və ondan tələb ediblər ki, "Qardaşım özünü mənə görə yandırıb" desin. Polis əməkdaşları hər vasitəyə əl atdılar ki, oğlumun məhz onların ucbatından intiharını ört-basdır etsinlər. Daha sonra həmin 2 nəfər narkomanı tez tutub gətiriblər. Oğlum isə öyrənib ki, həmin 2 nəfər polisin adamıdır. Qeyd edim ki, oğlumu Salyan Rayon Mərkəzi Xəstəxanasına apardıqdan sonra polis rəisi Nəzər Əsgərov məni yanına çağırıb və heç hara şikayət etməməyimi istəyib. Dedi ki, şikayət etmə, nə lazımdırsa edəcəyik, oğlunu sağaldacağıq və sonra Laçına işinə gedəcək. Daha sonra oğlum müalicə üçün Bakıdakı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsinə yerləşdirilib. Lakin bunun heç bir faydası olmadı və bu ilin yanvarın 4-də oğlum xəstəxanada dünyasını dəyişib".

Həmin gündən etibarən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmova, o cümlədən Daxili İşlər Nazirliyinə və digər müvafiq qurumlara müraciət etdiyini deyən Rasim Məhərrəmov bildirib ki, bunun heç bir faydası olmayıb: "Hara üz tuturamsa, kimə şikayət ünvanlayıramsa müraciətimə baxan, oğlumu intihara vadar edən polis əməkdaşları barəsində ölçü götürən yoxdur".

Beləliklə, Rasim Məhərrəmov sonda Hurriyyet.az vasitəsiylə daxili işlər naziri Vilayət Eyvazov başda olmaqla, bütün aidiyyəti qurumlara müraciət edərək, onlardan bu məsələyə öz münasibətlərini bildirmələrini, araşdırma aparmalarını və Salyan Rayon Polis Şöbəsində oğlunu döyən, təhqir edən və bu yolla onu intihara sövq edən polis əməkdaşlarının qanunamüvafiq formada cəzalandırılmalarını təmin etmələrini xahiş edib.

Hurriyyet.az




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}