Naxçıvan polisində KÜTLƏVİ İXTİSAR... - Süleyman Neymətovun YENİ TAKTİKASI...


Naxçıvanda polis sahə müvəkillərinin kütləvi şəkildə sərəncama göndərildiyi bildirilir. Buna səbəb, kəndlərdəki polis məntəqələrinin ixtisara salınmasıdır.

Sozcu.info bildirir ki, bu haqda „Gündəlik Naxçıvan”a Naxçıvan MR DİN-dəki mənbələr məlumat verib.

2008-ci ildən bəri, Ali Məclisin keçmiş sədri Vasif Talıbovun göstərişi ilə Naxçıvanın bütün kənd və qəsəbələrinin hər birində polis məntəqələri yaradılmışdı. Bu məntəqələrin hərəsinə də müvəkkili vəzifəsi təyin olunmuşdu. Məlumata görə, Naxçıvanda qurulmuş yeni hakimiyyət bir neçə kəndin polis məntəqəsini birləşdirib, ixtisar aparmaqla, büdcəyə qənaət etmək istəyir.

Məlumatı bir qrup sahə müvəkkili də təsdiqləyib. Onlar isə iddia edir ki, Naxçıvanın yeni daxili işlər naziri Süleyman Neymətov köhnə komandadan qurtulmaq üçün bu addımı atır:

“Naxçıvandakı sahə müvəkillrinin yarıdan çoxu bir neçə gündür ki, sərəncama göndərilib. Bizə verilən məlumata görə, artıq hər kənddə polis məntəqəsi olmayacaq. 3-4 kəndi birləşdirib, bir polis məntəqəsi edəcəklər. Sərəncama göndərilən hər kəsə deyiblər ki, işlə təmin olunacaqlar. Hələlik gözləyirik. Sərəncama göndərilənlərin hamısının işə qaytarılacağına inam yoxdur. Nazir dəyişəndən sonra bir neçə rəis və yüksək vəzifəli polis zabitləri işlərindən azad olunub. Onların hamısını keçmiş nazirin yaxın adamları kimi yola salıblar. Çox güman ki, sahə müvəkkillərini də saf-çürük edəcəklər. İnanmadıqları, etibar etmədikləri, keçmiş nazirə yaxın hesab etdikləri adamları işlə təmin etməyəcəklər. Bu isə çoxlu sayda polis zabitinin işsiz qalmasına səbəb olacaq”.



Oxşar Xəbərlər

Xəbər lenti