Tanınmış bəstəkar mədəniyyət nazirinə ŞİKAYƏT ÜNVANLADI


Elnur Baxış: "Qeyri-peşəkarların mədəniyyət sahəsində işləmələri mədəniyyətimizə, mədəniyyət tariximizə söyüş və təhqirdir"

Bəstəkar, aşıqşünas, folklorşünas, Azərbaycan Aşıqlar Birliyinin Gəncəbasar üzrə sədr müavini, Azərbaycan Jurnalistləri Birliyinin üzvü Əmirov Elnur Elşənoğlu (Elnur Baxış) Hurriyyet.az vasitəsilə mədəniyyət naziri Adil Kərimliyə ərizə ilə müraciət edib.

Qeyd edək ki, Gəncə Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Süleyman Əliyevin ona ünvanladığı məktuba etirazını bildirən Elnur Baxış Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifovun fəaliyyətindən də şikayətlənib: "Hörmətli Adil müəllim! Yazıb sizə bildirirəm ki, Gəncə Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Süleyman Əliyevin 3 may 2023-cü il tarixdə mənə ünvanladığı məktuba biganə qala bilməzdim. Çünki Süleyman Əliyev həmin məktubda qeyd edir ki, sizin Gəncə Dövlət Filarmoniyasında vakant yer olan direktor müavini vəzifəsinə işə qəbul edilməniz məqsədə müvafiq deyil. Ona görə ki, sizin ali musiqi təhsiliniz yoxdur. Mən bu deyilənlərlə razılaşdım. Bəs yaxşı onda necə olur ki, Filarmoniyanın hazırki direktoru Rəşad Yusifov Aqrar Universitetin İqsadiyyat fakültəsini bitirib. Onun heç musiqi təhsili və istedadı yoxdur. Bu adam bu günə qədər heç bir dövlət strukturunda işləməyib. Konkret olaraq alverlə məşğul olub. Kafe və lombard işlətməklə məşğul olub. Amma sabiq nazirin vaxtında Filarmoniyaya direktor təyin olunub. Mən isə sırf musiqiçiyəm. Uşaq musiqi məktəbini bitirmişəm. Qərb bölgəsində müstəqil bəstəkar, folklorşunas, aşıqşünas, publisist yazar və ictimai xadim kimi tanınmış adamam. Neçə-neçə bəstələdiyim mahnıları Azərbaycanın məşhur sənətçiləri və xalq artistləri ifa edib".

Azərbaycan Aşıqlar Birliyinin Gəncəbasar üzrə sədr müavini əlavə edib ki, bəstələdiyi mahnılar mədəniyyət tariximizin yaddaşında saxlanılır və böyük musiqiçilər tərəfindən sevilir, qiymət verilir: "Dəfələrlə Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi, Yazıçılar və Jurnalistlər Birliyi, qərb bölgəsində icra hakimiyyətləri tərəfindən fəxri fərmanlar və təşəkkürnamələr almışam. Leyla Əliyevanın sözlərinə bəstələdiyim mahnı Azərbaycana səs salmışdır. Belə ki, həmin mahnı populyar müğənni Kamilə Nəbiyevanın ifasında səsləndirilib. "Naftalan", "Samux", "Qarabağ Azərbaycandır" və s. mahnılarımı xalq artistləri Gülyaz Məmmədova və Şahnaz Haşımova dəfələrlə ifa etmişlər. Cənab nazir, 17.02.2023-cü il tarixdə mən vətəndaşların qəbulu zamanı şəxsən sizinlə görüşmüşəm. Bütün fəaliyyətim barədə sizi tam məlumatlandırmışam.

Ancaq Gəncə Regional Mədəniyyət İdarəsinin mənim fəaliyyətimə sərgilədiyi bu ögey münasibəti heç cür qəbul edə bilmirəm. Sizdən bir nazir kimi mənim musiqi sahəsindəki xidmətlərimi, fəaliyyətimi son dərəcə dəqiqliyi ilə araşdırılmasını və nəticədə mənə fəxri adın, xüsusilə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülməyim barədə göstəriş verilməsinə aidiyyatı yoldaşlara tapşırıq vermənizi xahiş edirəm. İnanıram ki, siz əsl musiqiçilərin qiymətini obyektiv qiymətləndirəcəksiniz. Daha musiqidən anlayışı olmayan, musiqi təhsili olmayan, not tanımayan Rəşad Yusifov kimilərinin Gəncə Filarmoniyasının direktoru vəzifəsində işləməsinə imkan verməyəcəksiniz və bununla da sabiq nazirin buraxdığı səhvləri aradan qaldıracaqsınız. Çünki qeyri-peşəkar işçilərin mədəniyyət sahələrində işləmələri mədəniyyətimizə və mədəniyyət tariximizə söyüş və təhqirdir".

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti