8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 80 ünvanında yerləşən ikimərtəbəli qəzalı vəziyyətdə olan binanın sakinlərinin problemi bitmək bilmir.
Hurriyyet.az xatırladır ki, bu binada yaşayan 17 ailə uzun illər ağır şəraitdə yaşamağa məhkum olunmuşdular. Binanın hər an uçub dağılmaq təhlükəsi vardı. Onların harayı xeyli müddət mediada, sosial şəbəkələrdə ucaldılsa da, aidiyyatı qurumlardan eşidən yox idi. Nəhayət bu ilin əvvəlində haraya cavab gəldi. Belə ki, binanın sökülüməsinə qərar verildi. Əvəzində isə sakinlərə mənzillərin hər kvadratmetri üçün 1500 manat kompensasiya nəzərdə tutulduğunu açıqladı.
Şəhərin əsas prospektlərindən birində yerləşən ərazi üçün hər kvadratmetrə 1500 manat ödənilməsi təbii ki sakinləri razı sala bilməzdi. Özü də binanın Ağ Şəhər ərazisinə daxil olduğunu nəzərə alsaq, rəqəm gülünc görünürdü. Alternativ də yox idi. Yəni ən azından digər variant kimi onları həmin ərazidə normal şəraiti olan mənzillərə köçürülməsi nəzərdə tutulmurdu. Bakıda mənzillərin qiymətinin fantastik dərəcədə baha olduğunu nəzərə alsaq, sakinlər onlara ödənilən kompensasiya ilə ən yaxşı halda paytaxtın ucqar yaşayış məntəqələrində həyət evi ala bilərdilər. Buna görə də bina sakinləri nəzərdə tutulan məbləğə etiraz etdilər.
Sakinlər iddia edir ki, binanın söküntüsü zamanı korrupsiya hallarına yol verilib. Onların sözlərinə görə, verilən kompensasiyanın miqdarından narazı olduqları halda onlara bildirilib ki, hər kvadrat üçün 1500 manatda artıq heç kimə pul ödənilməyəcək.
Sakinlər deyir ki, bundan sonra məcbur qalıb, sənədlərə qol çəkiblər, lakin sonradan müəyyən məqamlar üzə çıxıb. Onlar iddia edirlər ki, bəzi sakinlərə hər kvadrat üçün 1700- 2000 manat ödəniş olunub və həmin sakinlərə tapşırılıb ki, digər qonşular bundan məlumatlı olmasın.
Sakinlər bildirir ki, onlar verilən kompensasiyanın azlığı səbəbindən özlərinə hələ də mənzil ala bilməyiblər. İcra Hakimiyyətindən kompensasiya təkrar baxılması istəklərinə isə müsbət cavab verilmir.
Bütün bunlar azmış kimi, sən demə icra hakimiyyəti sakinlərə ödəməni bugünləırdə Mərkəzi Bank tərəfindən lisenziyası ləğv edilən GünayBank vasitəsi ilə edib. Yəni, hətta bu məbləğlə razılaşan sakinlər belə pullarını ala bilmir. Onlar bütün bu proseslərin Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov tərəfindən aparaldığını iddia edirlər.
Evləri sökülən, kirayələrdə yaşamağa məcbur olan sakinlər aidiyyatı dövlət qurumlarının, xüsusilə də Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin onların problemlərinə baxmamasından şikayətlənir. Bu üzdən də onlar etiraz aksiyalarına başlamağa qərar veriblər. Sakinlər yaxın günlərdə Prezident Administrasiyasının qarşısında aksiya keçirməyi düşünürlər. Eyni zamanda onlar problemin hüquqi müstəvidə aparılması, lazım gəlsə, bu işi beynəlxalq məhkəmələrə aparılmasında da israr edəcəklərini bildiriblər.
Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov “Yeni Sabah”a açıqlamasaında sözügedən binanın problem adlandırılmasına etiraz edib:
“Niyə problemidir ki? Orada heç bir şey problemli deyil. Hər kvadratmetrə 1500 manat ödənilib. Çünki Ağ Şəhərdə kvadratı 1200-dən verilir. Biz çalışdığımız qədər onları da anlayırıq. Amma qərar belə verilibsə, bizdən asılı bir şey deyil axı bu? Bu, bizim qərarımız deyil ki?! O bina kəskin qəzalı vəziyyətdə idi. O insanların özü gəlib yazırdılar bizə. Gecə-gündüz işçilərimiz oraya nəzarət edirlər ki, nə vaxt uça bilər? Hətta bir dəfə uçmuşdu da...
Ona görə biz də dəfələrlə məktub yazdıq və Nazirlər Kabinetinin qərarı ilə kəskin qəzalı bina kimi söküntüyə getdi və hər kvadratmetri üçün də ödəniş edildi”.
P. İmanov sakinlərə fərqli rəqəmlərlə kompensasiya ödənilməsini də təkzib edib: “Burada heç bir fərqli yanaşma olmayıb. Əgər vətəndaşın hər hansı bir narazılığı varsa, gedib məhkəməyə verə bilər. Biz vəzifə borcumuz olaraq gecə-gündüz onlar üçün çalışdıq ki, orada pis hadisə baş verməsin. Camaatın özündən çox biz sevinirdik ki, bu məsələ həll olundu. Bir dəfə də yağış yağan günü binanın bir hissəsi köçmüşdü”.
O, artıq binanın bir hissəsinin söküldüyünü deyib. Sakinlərin harada olmasından isə məlumatsızdır: “Bilmirəm, özündən soruşun. Pulunu alan gedib yəqin”.
“Günaybank”da yaranan problemə gəldikdə, P. İmanov bundan da xəbərsiz olduğunu deyir: “Bank ödənişləri ilə bağlı bir söz deyə bilmərəm. Onu mütəxəssislərdən soruşmaq lazımdır. Amma bu, dövlət səviyyəli bir işdir və yəqin ki, hansısa bir formada qaydasına qoyulacaq. Mən yenə də “Günay Bank” məsələsi ilə bağlı komissiya ilə maraqlanıram. Axı dövlət buna imkan verməz ki, camaat “göydə” qalsın və pulunu ala bilməsin.
Biz artıq hüquqi dövlətdə yaşayırıq və burada məsələlər hüquqi yolla həll olmalıdır. Məhkəməmiz var, o qədər elə məsələlər olur ki. Deyirlər ki, aksiya olacaq. Aksiya zamanı keçdi. Gəlin, səmimi danışaq, hansı peşənin sahibi olmağımızdan asılı olmayaraq, hər birimiz dövlətimizin çiçəklənməsi üçün çalışmalıyıq. Ona görə də insan narazı ola bilər. Belədirsə, getsin məhkəməyə versin, məhkəmə də qərarını versin.
İnsanlarımız İcra Hakimiyyətinə düşmən kimi baxırlar. Amma səmimi deyək ki, sakinimizin problemi olmayanda biz də rahat oluruq. Başçının da hər həftənin bir günü hansısa bir məktəbdə səyyar qəbulu keçirilir. Gəlib müraciət etsinlər. Biz də mümkün olana çalışırıq.
Biz İcra Hakimiyyətiyik, konkret səlahiyyət çərçivəmiz var. Ondan o tərəfi digər qurumların işidir. Biz də üzərimizə düşəni maksimum dərəcədə çalışırıq ki, yüksək səviyyədə edək. Bu söhbət onda yarananda dedik ki, burada evlərin kvadratı azdır, ona görə də bunun dəyəri bir az yüksək olsun. Biz də çalışdıq. İndi qalan şeylərə görə məhkəməyə müraciət edə bilərlər”.