İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR


İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

Naxçıvan Muxtar Respublikası (MR), Şahbuz rayonu, Biçənək kənd sakini, II qrup əlil Hacıyev Abduləli Xanlar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Şahbuz rayonunun icra başçısı Rafael Babayevdən şikayətçidir:

“Mən, II qrup əlil Hacıyev Abduləli Xanlar oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Şahbuz rayon İcra Hakimiyyətinin rəhbəri Rafael Babayevin qəbulunda oldum. Ondan ailəmizi dolandırmaq üçün 2 oğluma iş istədim. O, oğlanlarımı işlə təmin edə bilmədi. Dedi maşının varsa iş verə bilərəm. Mənim də maşınım yoxdur.

Bir müddət sonra yenidən qəbuluna getdim və xahiş etdim ki, icazə versin ailəmi dolandırmaq üçün “vaqon” alım, pay torpağıma qoyub, orada çayçı, bufet kimi işlədim. Mənə bildirdi ki, al qoy, gəlim baxım, yerini təyin edərik. Vaqonu aldım, pay torpağıma qoydum. Başçı məndən xəbərsiz əmr verib, vaqonu gəlib aparıb Babək rayonunun ərazisinə atıblar. Halbuki, 1500 manat borc-xərc edib o vaqonu almışdım. İcazə vermirdi, deyərdi ki, olmaz.

Öz pay torpağımda çayçı işlətməyimə icazə vermədilər. Mən hara gedirəmsə qabağımı kəsirlər. Pulumu, ya vaqonumu onlardan ala bilmirəm. Kasıb adamam, ailəmi zorla dolandırıram, mənə köməklik göstərin, vaqonu, ya pulumu versinlər. Mənim vaqonumu aparıb atıblar, özləri böyük bir vaqon gətirib qoyub, işlədirlər.

Naxçıvanda bu və bundan betər özbaşınalıq davam edir. Xahiş edirəm, mənim bu şikayətimi, səsimi lazımi yerlərə çatdırın”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti