XƏTAİ SAKİNİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR - "Mənə 1500 manat ödənilməli olduğu halda, 700 manat verib, işi bağladılar"


Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsi 25 ünvanında yaşayan Həsənov Əfsan Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, kirayədə qaldığı ev sahibinin qardaşı və qohumları tərəfindən döyülüb, polis məsələyə ciddi yanaşmır:
“Mən, Həsənov Əfsan Əli oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Əlimi hər yerdən üzüb, mətbuata üz tutmuşam. Ailəliyəm, qızımın gözündə ciddi problemlər var.

Bir gün ev sahibinin qızı qızımı çağırıb, birgə oyun oynayıblar. Sonradan ev sahibinin yanında uşaqlar dalaşıb. Səsə həyətə çıxdım ki, qadın öz qızına "problemli olan gözünə vur, qoy kor olsun", deyir.

Bu sözü eşidəndə ona dedim ki, "qadınsan, ayıb deyil, bu nə danışıqdır, sənin uşağının da gözü belə ola bilərdi". Mənə cavab verdi ki, "yaxşı edir, döyür".

Axşam qardaşı mənə zəng vuraraq, nalayiq sözlərlə məni görüşə çağırdı. Mən onun tək gələcəyini fikirləşirdim. Mən mən çatan kimi heç nə danışmamış bir neçə nəfərlə məni döydülər. Burnumda çoxsaylı sınıqlar var idi, bədən xəsarətlərim açıq-aşkar görünürdü. Həmin gün 2 dəfə təcili yardım çağırılmışdı.

Məsələ ilə əlaqədar Xətai rayonu 37-ci polis bölməsinə şikayət etdim. Lakin orada şikayətimə baxılmadı. Bölmədən məni ekspertiziyaya göndərdilər. Oradan verilən sənədləri olduğu kimi polisə təqdim etdim.

Xətai Rayon Prokurorluğunda prokurorun da qəbulunda olmuşam. O, mənə dedi ki, "tapşırıq vermişəm, işə baxılacaqdır".

Prokurorun köməkçisi Fariz müəllim savadımın olmamağından istifadə edərək, mənə sənəd imzalatdırdı. Yazıb-oxumaq bilmədiyimdən göstərilən yerə qol çəkdim. Daha sonra, mənə 1500 manat pul ödənilməli olduğu halda, 700 manat pul verib, işi bağladılar. Yəni mənə 700 manat verdilər ki, "get, müalicəni etdir". Belə haqsızlıq olar?

Dəfələrlə Fariz müəllimin qəbuluna getdim, məni qovmaqdan betər etdi. Dedi ki, "çıx çölə, bir də gəlmə".

Məni aldadıb sənədə qol çəkdiriblər. Məni tanıyan hər kəs bilir ki, oxuya bilmirəm. İşimdən olmuşam, kirayə pulunu verə bilmirəm.

Fariz müəllim Yusiflə nə danışdı, bilmədim, amma aralarında belə qərara gəldilər. Xahiş edirəm, mənim qalan pulumun alınıb verilməsi üçün köməklik göstərəsiniz".

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti