"Nazirlik mənim kimi xəstələri ölümə məhkum edir" - Pensiyası kəsilən Qarabağ qazisindən Birinci vitse-prezidentə MÜRACİƏT


Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Massiv 3-də yaşayan qazi Xankişiyev Balaş Atamkişi oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Hörmətli Mehriban xanım!
Əvvəlcədən sizə ailəm adından dərin minnətdarlığımı bildirirəm. Yenidən prezident seçilməyi münasibətilə cənab Prezidentimizi və ailəsini təbrik edirəm. Allah sizləri qorusun.
Məlumat üçün bildirim ki, mən Xankişiyev Balaş Atamkişi oğlu, 1966-cı ildə Şamaxı rayonunda anadan olmuşam. 1982-ci ildə Novosibirsk vilayətində hərbi xidmətdə olmuşam. 1985-ci ildə hərbi xidməti basa vurmuşam. 1992-ci il, mart ayının 17-dən Azərbaycan Respublikasının torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə könüllü iştirak etmişəm. Döyüş zonasında N saylı hərbi hissədə xidmət keçərkən 02.11.1993-ci ildə 1 saylı Ağdam Hərbi Səhra Cərrahiyyə Hospitalında müalicə olunmuşam, "qlomerulonefrit"  diaqnozu, 08.11.1993-cü ildan 07.12.1993-cü ilə kimi müayinə va müalicə olunduğum xəstəlik diaqnozu - "Xroniki qastroduodenit kəskinləşmə mərhələsində, kəskin bronxit" astma xastəlikləri barədə çıxarış epikrizlərim vardır.

1993-cü il, dekabr ayının 15-nə qədər Ələt hospitalında ağciyər və astma bronxit diaqnozu ilə xastaxana şəraitində müalicə almışam. 1994-cü ildə yenə də bir neçə dəfə həmin xəstəliklə əlaqədar xəstəxana şəraitində müalicə olunmuşam.

2012-ci ildə əməliyyat olundum, ürəyimə 2 stend qoyuldu. Hətta evdə də ambulator şəraitdə müalicə almışam.

2015-ci ildə Bakı Şəhər Mərkəzi Xəstəxanada 2 dəfə əməliyyat olunmuşam, yenə 2 stend qoyulub. 2016-cı ildən indiyə qədər, hər il "Neftçilər" Xəstəxanasında ambulator şəraitdə müalica alıram.

2019-cu ildən indiyə qədər 2-ci və 3-cü dərəcəli nəfəs çatışmazlığı ilə bir neçə dəfə Ağciyər Xəstəlikləri İnistitunda müayinədən keçmişəm. 2020-ci ilin noyabr ayında "Covid 19" tipli xəstəliyə tutularaq, 15 gün xəstəxanada müalicə almışam. 2022-2023-cü illərdə yenə də Ağciyər Xəstəlikləri İnstitutunda müalicə almışam.
Hörmətli Mehriban xanım! 
Torpaqlarımız uğrunda öz sağlamlığımı itirmişəm. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşının vəzifə borcudur. Zaman keçdikcə astma-bronxit xəstəliyi məni əldan salır. Neçə illərdir ki, "SOCAR" şirkətinin Nəqliyyat Departamentində ekskovatorçu-operator vəzifəsində işləyirdim. Lakin xəstəliyimlə əlaqədar işləyə bilmədim və 2018-ci ildə öz xahişimlə işdən azad olundum.

Elə həmin il təqaüdlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. 2018-ci ildən 2019-cu ilə qədər həm sosial təqaüd, həm də Prezident təqaüdü alırdım. İkisi bir yerdə cəmi 650 manat pul edirdi. Lakin 1 il təqaüd adıqdan sonra kəsildi. Mənə bildirdilər ki, guya həkimin səhvi ucbatından olub, yəni həkim sənədləri mənim yaşadığım ərazidə yox, Gəncə şəhərində hazırlamışdır. Sanki başqa respublikada hazırlanmışdır. Səhv kimin idi, bilmirəm, amma mənim təqaüdüm dayandırıldı.
Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Uzun aradan sonra - 2020-ci ilin mart ayından 2-ci dərəcəli təqaüd hüququm bərpa olundu. Lakin 2018-2019-cu illərdə aldığım təqaüd, guya, səhv imiş və bu pulları təzə bərpa olunan təqaüdümdən hər ay tutmağa başladılar. Hər təqüddən 50 manat olmaqla, toplam hər ay hesabımdan 100 manat çıxılırdı. Üstəlik, 10 il dövlətə borc verməli olduğumu bildirmişdilər.
2024-cü il, yanvarın 16-da avtomobil növbəsi ilə əlaqədar müraciət etmişdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tibbi müayinə olunmam üçün çağırdılar ki, gəl, görək sənə avtomobil düşür, ya yox. Getdim, tibbi müayinə zamanı həyacandan halım qəfil pisləşdi, nəfəs çatışmazlığı baş verdi. Astma üçün olan dərmanlarım üzərimdə olduğundan, özümü sakitləşdirməyi bacardım. Bir neçə həftədən sonra cavab çıxdı ki, mənim təqüdüm dayandırılmışdır.
Bəli, bir çoxları kimi mən də  eşitmişdim ki, boş yerə camaatın pensiyasını dayandırırlar. Amma, düzü, tam inanmağım gəlmirdi. Necə yəni, xəstənin pensiyası kəsilir?! Dünya başıma fırlandı. Dərmanlar od qiymətinədir. Zəng edib məlumat aldım ki, həqiqətən də həkimlərin rəyinə əsasən, "sağlam" adam imişəmmiş. Maşın üçün müraciətim pensiyamın kəsilməyinə səbəb oldu.

Üzümü yenidən nazirliyə tutdum, orda bildirdilər ki, narazılığın var, məhkəməyə ver. Belə çıxır ki, ölənə kimi məhkəmələrdə sürünməliyəm? Təqaüdü kəsilən bir insan iynə dərmanlarını necə ala bilər? Yəni mənim kimi xəstələri nazirlik ölümə məhkum edir. Nazirliyin bu haqsızlığı bir neçə qazinin ölüm səbəbi olub.
Dəyərli Mehriban xanım!
İş yerim, bir yerdən gəlir mənbəyim yoxdur. 58 yaşdan sonra mənə iş verən də yoxdur.  Astma çox ağır bir xəstəlikdir. Nəfəs darlığı zamanı ağrılarım çox olur.
Sizdən artıq dərəcədə xahiş edirəm, ya mənim pensiyamın bərpa olunmsına, ya da əvvəlki iş yerim olan "SOCAR" şirkətində işləməyimə dair göstəriş verin. Bu yaşımda iynə-dərmanım, yəni yaşamağım üçün maddiyyata ehtiyacım var. 

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti