“Oğlumun və özümün həyatım təhlükədədir” – BİLƏSUVAR POLİS ŞÖBƏSİNİN ƏMƏKDAŞLARI HAQDA ŞOK İDDİALAR


Sumqayıt şəhəri, 76-cı məhəllənin sakini Həmidova Samilə Həmid qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsil Prezident İlham Əliyevə müraciət edir:

“Cənab Prezident!

Mən, Həmidova Samilə Həmid qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimin ətraflı araşdırılması üçün göstəriş verəsiniz.

Hal-hazırda övladım Məmmədov Zamin Nizami oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06, 12.2023-cü il tarixli, I (099)-680/2023 saylı hökmü ilə təqsirli bilinərək, 8 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Həmin cinayət işi ilə bağlı 07.05.2023-cü il tarixində mənə zəng gəldi, bildirdilər ki, Biləsuvar rayon Polis Şöbəsindəndir, oğlunuzu tutmuşuq. Elə həmin gün şöbəyə getdim, orada Elşən adlı polis əməkdaşı ilə görüşdüm və ondan oğlumun tutulma səbəbini soruşdum. Bildirdi ki, narkotiklə tutmuşuq, bu gün 10 000 (on min) manat gətirə bilsəniz, oğlunuzu buraxarıq. Dedim ki, onun narkotiklə heç bir əlaqəsi ola bilməz…

Xahiş etdim ki, icazə verin oğlumu görüm, onunla danışım. Elşən müəllim icazə vermədi. Dedi ki, 10 min manatı gətir, oğlunu apar. 10 min manatımın olmadığını bildirdikdə isə, “tap gətir, gətirməsən oğlunun işi ağır olacaq” dedi.

Axşam tərəfi evə qayıtdım, Elman adlı bir şəxs evimə gəldi. Özünü vəkil kimi təqdim edərək bildirdi ki, “Biləsuvardan gəlirəm, 10 min manatı düzəlt, sabah uşağı çıxardım”.

Qeyd edim ki, Elmanın evimə gəlməsi və onunla etdiyimiz danışıqların hamısı kameraya düşüb. Söhbət vaxtı Elman dedi ki, “bu gun pulu verməsək, sabah qiymət qalxacaq. Sabah mən Biləsuvarda olacam, tezdən gəl ora, kömək edəcəm”.

Elman gedəndəndən bir neçə saat sonra mənə “Whatsapp” vasitəsilə yazdı ki, “danışmışam, get Biləsuvara, şöbədə 1-ci adam səni qəbul edəcək”.

Səhər tezdən Biləsuvar rayon Polis Şöbəsində olduq. Yenidən Elşən müəllim məni qəbul etdi. Rəisin müavini Elnur otaqda bildirdi ki, “sənə məbləğ deyiləcək, həmin məbləği düzəlt gətir”. Mənə həmin məbləğ deyəcək olan polis əməkdaşı şöbənin həyətində, pəncərənin qabağında gözləyirdi. Həmin vaxt içəridə bir adamı döyürdülər. O, zarıyaraq “məni öldürməyin” deyirdi. Həmin polis əməkdaşı səs gələn tərəfə baxdığımı görüb, mənə dedi ki, bura düşənin aqibəti belə olur. Sonra özünü vəkil kimi təqdim edən Elman mənə “20 min manat götür get, danışmışam” dedi. Yəni artıq 10 min deyil, 20 min manat tələb etdilər”.

Samilə Həmidova deyir ki, Biləsuvar rayon Polis Şöbəsində hansısa şəxsin “məni öldürməyin” deyə qışqırtısını eşitdikdən sonra oğlunu deyilən məbləğin qarşılığında azad etdirməyi düşünür. Bu məqdsədlə evini dəyər-dəyməzinə satmağa məcbur olur: “Bir gün sonra deyilən 20 min manatı düzəldib getdim ki, oğlumu çıxarım, yenidən həmin vəsaitin yetərli olmadığını bildirdilər”.

Şikayətçinin sözlərinə görə, polis əməkdaşlarının tələb etdiyi vəsaiti verə bilmədiyi üçün oğluna cinayət işi açılıb və məhkəmənin qərarı ilə həbs olunub: “Oğlum xəstə olduğu üçün Kürdəxanadan müalicə mərkəzinə göndərdilər. Orada oğlumdan öyrəndim ki, tanımadığı İran vətəndaşı adından onun telefonuna mesaj gəlib. Həmin şəxs təklif edib ki, ayın 7-də Biləsuvara gedərsən, oradan paketi götürüb, dediyim yerdəki dirəyin dibinə qoyarsan. Əslində isə, İran vətəndaşı adı ilə danışan Biləsuvar polisi olub. Oğlum gedəndə, həmin yerdə bir qara maşın, bir də polis avtomobili onu gözləyirmiş…

Beləliklə, polislər oğluma “torba tikərək”, onu saxlayıblar. Saxlanılan zaman oğlum polislərə deyib ki, mən pulu alıb, narkotiki ya polisə təhvil verəcəkdim, ya da atacaqdım. Oğlumun telefonunu ortaya çıxarıb, mesajlara baxan olsa, hər şey bilinər. Lakin onu da deyim ki, polislər onlara sərf etməyən yazışmaları silib, özləri mesaj yazıblar.

Hətta oğlum polisə təklif edib ki, iranlılar sizin məni tutduğunuzdan xəbərdar deyillər, vaxt verin, bu malı təklif edənləri oyuna gətirək, siz də onları saxlayın. Polislər isə buna əhəmiyyət verməyiblər. Çünki ortada iranlı deyilən bir şəxs olmayıb.

Bütün bu qeyd etdiklərim sübut edir ki, Biləsuvar polisləri oğluma qurma qurublar. Saxlayan zaman da deyiblər ki, biz deyəni yaz, sənə kömək edəcəyik. Bunların hamısı sübutdur. Biləsuvar RPŞ əməkdaşlarının bu hərəkətləri CM-nin 33.1-ci maddəsinin tələblərinə ziddir”.

Samilə Həmidova bildirir ki, oğlunu həbsdən qurtarmaq üçün evini və torpaq sahəsini təcili və çox ucuz qiymətə sataraq, Elman adlı vəkilə 37 500 (otuz yeddi min beş yüz) manat verib: “Həmin pulla vəkil həm oğlumu müdafiə etməli, həm də rüşvət qarşılığında onu həbsdən azad etdirməli idi. Amma polisələr vəkilə də təsir göstəriblər. Vəkil 7 ay məni aldatdı, “gözlə”, “səbrli ol” deyərək, minbir əziyyətlə təkbaşına böyütdüyüm oğlumu, evimi və torpağımı əlimdən aldılar.

Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, Biləsuvar rayon Polis Şöbəsi oğlumu qərəzli olaraq cinayət məsuliyyətinə cəlb edib, aldatma və fiziki güc hesabına ondan yanlış izahatlar alaraq, onu həbsə atıblar.

Cənab Prezident!

Sizdən xahiş edirəm ki, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının məsuliyyətə cəlb olunmasına və ədalətin bərpa olunmasına dair tapşırıq verəsiniz. Hansı ki, onlar indi də başımıza açılan qanunsuzluğu ictimailəşdirməyə, səsimizi lazımi yerlərə çatdırmağa mane olurlar. Mən təhdid olunuram. Oğlumun və özümün həyatım təhlükədədir. Əlimdə bütün bu dediklərimi sübut edəcək sənədlərim var. Mənim oğlum günahkardırsa, cəzasını alıb. Bəs məndən nə istəyirlər? Evimi də, oğlumu da məndən aldılar, hazırda qardaşlarımın evində qalıram”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti