Neftin “bazarı bağlanır”: Layihələr təxirə düşəcək? - NƏ ETMƏLİ?

Neftin “bazarı bağlanır”: Layihələr təxirə düşəcək?
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EİA) 2023-cü il üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu azaldıb.

EİA-nın aylıq hesabatında göstərilir ki, gələn il üçün maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 101,03 mln. barel səviyyəsində olacaq, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 0,47 mln. barel azdır. Hesabata əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99,55 mln. barel səviyyəsində olacaq, bu da əvvəlki proqnoz göstəricidən 0,02 mln. barel çoxdur.

Qeyd edək ki, 2021-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 97,43 mln. barel olub. 2020-ci ildə qlobal gündəlik istehlak 91,81 mln. barel təşkil edib, 2019-cu ildə isə bu göstərici 101,23 dollar səviyyəsində olub. EİA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərə olan tələbat pandemiyadan əvvəlki səviyyəyə heç gələn il də çata bilməyəcək. Qlobal neft tələbatı üzrə artım tempi yavaşlayacaq.

Belə olduğu təqdirdə neft ölkəsi olan Azərbaycanın da gəlirləri azalacaq ki, bu zaman mövcud layihələr təxirə düşə bilərmi?

DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirib ki, ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının proqnozu sadəcə olaraq bir araşdırma mərkəzinin təxmini tədqiqatıdır:

“Belə olduğu halda həmin proqnozun institusional səviyyədə həyata keçib-keçməməsi dəqiq deyil. Bu aksioma deyil ki, tələbat azalacaq. Ümumilikdə nəzərə almaq lazımdır ki, tendensiya, alternativ enerji mənbələrinin istifadəsi istiqaməti dünyada sürətlə inkişaf etməkdədir. Əsasən də pandemiyadan sonrakı vəziyyəti nəzərə alsaq, bilməliyik ki, bəşəriyyət bu istiqamətdə gedir. Təbii ki, tələbat mərhələli şəkildə azalmalı olacaq. Düşünmürəm ki, konkret bir ildən sonra o həcmin azalması Azərbaycanın iqtisadiyyatına, gəlirlərinə təsir göstərə bilər. Onu da qeyd edim ki, bunun alternativ paraleli də var. Tarixdə daş kömür erasının bitməsini hələ I Dünya müharibəsi dövründən də öncə Almaniya kansleri elan etmişdi. Ancaq ondan 100 il sonra da, bu gün hələ də daş kömürün iqtisadi dövriyyəyə cəlb edilməsi prosesi gedir. Həcmi o qədər olmasa da, yenə də istifadə edilir. Bu gün karbohidrogen ehtiyatlarının gündəmdən çıxmaqla bağlı proqnozlar gələcəyin xüsusi çəkisi olmayan proqnozlar sinfinə aiddir. Ona görə də bu sadəcə olaraq proqnoz naminə proqnoz verildiyi üçün elə də ciddi əhəmiyyət kəsb etməyəcək. Ən azından yaxın 5-10 il ərzində bu haqda danışmaq çox tezdir”.



Oxşar Xəbərlər

Xəbər lenti