“International Medical Center”də övladımı pnevmoniya elədilər – Şəhid qardaşı

“International Medical Center”də övladımı pnevmoniya elədilər
“International Medical Center”dən yenə şikayət var.
AFN.az xəbər verir ki, adıçəkilən klinikada sağlam doğulan körpənin vəziyyəti sonradan ağırlaşıb. Hazırda Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicə olunan körpənin atası Cavad Abdullayev saytımıza açıqlamasında bildirib ki, övladı mayın 7-si gecə dünyaya gəlib: “Gecə saatlarında təbii doğuşla dünyaya gəldi oğlum. Uşaq andan olanda bizə heç nə demədilər, dedilər ki, yaxşıdır. Evə gəldik, səhər mənə zəng etdilər ki, uşağın ciyəri açılmayıb, küvəzə qoymuşuq. Getdim xəstəxanaya, 2 min manat bir dəfə, 1000 manat bir dəfə pul verdim. Üstəlik, 1100 manata mənə dərman aldırıblar övladıma verməyə. Tapılmayan dərmandır, mənə dedilər birini al gətir, axtarıb tapıb gətirdim, dedilər biri də lazımdır. Elə bil xəstənin, xəstə yaxınlarının qəsdinə durublar ”.
C.Abdullayevin sözlərinə görə, “International Medical Center”də övladının müalicəsi üçün həddən artıq çox pul tələb edildiyi üçün Pediatriya İnstitutuna köçürmək istəyib. Lakin bu zaman ona mane olmağa çalışıblar: “Uşağa saysız-hesabsız diaqnozlar qoydular. İmkan vermirdilər köçürmə etməyə. Təkidimdən sonra buna nail olduq. Yeri gəlmişkən, Pediatriya İnstitutunun həkim heyətinə sonsuz təşəkkürlərimi bildirirəm ki, övladıma çox yaxşı baxıblar bu neçə müddətdə. Orda hər kəs razıdır. Amma “International Medical Center”dən ora saysız-hesabsız xəstə uşaq gətirilir. Valideynlərlə söhbət əsnasında dedilər ki, uşağı təzə anadan olanda çimizdirirlər kranın altında. Körpələrin çoxusu bundan sonra pnevmoniya olur. Hətta belə fikirlər səsləndirənlər oldu ki, xəstə uşaqlara müalicə aparılmır orda, aparata qoyur dərman vurur yatızdırırlar ki, mümkün qədər çox yaşasın, valideyndən depozit alınsın, pul alınsın. Mənim oğlum da pnevmoniya olub, özü də sonradan tutub. Çünki uşaq ana bətnində olanda biz bütün müayinələrdən keçirilib, tam sağlam uşaq olub. Hazırda əlimdə həkim rəyləri, lazım olan müayinələrin nəticələri də var bunu sübut etmək üçün.
Mən obyektivlik naminə bir məsələni də qeyd etmək istəyirəm ki, ikinci övladım 2018-ci ildə həmin xəstəxanada dünyaya gəlib, o zaman vəziyyət bu deyildi orda. Körpələrə, doğum edən qadınlar diqqət, qayğı vardı. İndi görünür “gözləri açılıb”, dünyaya daha geniş baxırlar. Amma düzgün baxmırlar”.
Qeyd edək ki, C.Abdullayev şəhid gizir Aydın Abdullayevin qardaşıdır.
Məsələ ilə bağlı “International Medical Center”dən mövqe almaq istədik. Klinikanın hüquqşünası əvvəlcə bizi “məsələyə qarışmaqda” ittiham etdi. Sonra isə rəsmi mövqeni təqdim edəcəyini bildirsə də, qanunla tələb olunan müddət ərzində mövqe redaksiyamıza təqdim olunmadı.
Xatırladaq ki, bir neçə gün əvvəl həmin klinika ilə bağlı redaksiyamıza daha bir şikayət daxil olmuşdu. Belə ki, Gəncə şəhər sakini Səmədova Zeynəb klinikada həkim Aytən Əliyeva tərəfindən dizlərinə kök-hüceyrə prosudur edildiyini, bundan sonra isə vəziyyətinin daha da ağırlaşdığını bildirmişdi.



Oxşar Xəbərlər

Xəbər lenti