Başçısız qalan Nəsimi rayonunda "vandal söküntü" terroru davam edir - VİDEO


hadisələr artıq adi tikinti qalmaqalı yox, açıq-aşkar qanunsuzluq və özbaşınalıq zəncirinə çevrilib.

Yaşayış olan evlərin məhkəmə qərarı olmadan, gecə-gündüz demədən ağır texnika ilə dağıdılması, sakinlərin həyat və mülkiyyət hüquqlarının kobud şəkildə tapdalanması cəmiyyətdə ciddi narahatlıq doğurur.

Sozcu.info-nun əldə etdiyi məlumata görə, “Melissa Group”un qalmaqallı söküntüsündən sonra oxşar hadisə bu dəfə paytaxtın “Kubinka” adlanan ərazisində yaşanıb. “Vialon” tikinti şirkəti Ağadadaş Qurbanov küçəsi ev 1 dalan 2-də yerləşən, sakinlərin hələ də yaşadığı evin ətrafınl heç bir hüquqi əsas olmadan dağıtmağa cəhd edib. Əraziyə ekskavatorlar və digər ağır texnikalar yeridilib, evdə faktiki yaşayış ola-ola ətrafını söküb təhlükəli durum yaradırlar.

Hadisə zamanı evdə yaşayan, yəhudi əsilli Azərbaycan vətəndaşı Milka Lalə qızı Yurşimova baş verənlərlə bağlı Prezident Administrasiyasına şikayət edib. Digər sakin Cavid İsmayılov isə DİN çağrı mərkəzi - 102 xidmətinə müraciət edib.Yalnız qonşuların operativ müdaxiləsi nəticəsində qanunsuz tikinti dayandırılıb. Bu fakt artıq söhbətin təkcə daş-divardan yox, insan həyatından və ləyaqətindən getdiyini göstərir.

Xatırladaq ki, 2025-ci il martın 27-də Yasamalda baş verən analoji hadisə zamanı “Melissa Group”un rəhbəri Qalib Məmmədov və daha iki əməkdaşı həbs edilmişdi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin apardığı araşdırma göstərmişdi ki, söküntü işləri nə məhkəmə qərarı, nə də müvafiq icazə olmadan aparılıb.

Amma görünən odur ki, bu həbslər və rəsmi xəbərdarlıqlar bəzi tikinti şirkətləri üçün dərs olmayıb.
Məlum olur ki, “Vialon” MMC bundan əvvəl də Ağadadaş Qurbanov küçəsi, 23 ünvanında vətəndaş Ramin Ağayevin yaşayış olan mülkiyyətini ekskavatorla söküb.

Ərazidə yaşayan Ofeliya Ağacanova, Gülşən Məmmədova da tikinti şirkətinin qanunsuzluğundan şikayətçidirlər.

Deyirlər ki, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumu həmin ünvanda söküntü işlərinin dayandırılması barədə şirkətə rəsmi göstəriş vermişdi. Buna baxmayaraq, “Vialon” MMC xəbərdarlığa məhəl qoymayaraq fəaliyyətini davam etdirib.

Burada artıq ciddi suallar yaranır: – Dövlət qurumlarının qərarları niyə icra olunmur?
– Tikinti şirkətlərinə bu toxunulmazlıq hissini kim verir?

– Nəsimi rayonunda qanun kimlər üçün keçərlidir, kimlər üçün yox?

Halbuki, qanunvericilik çox açıqdır: heç bir vətəndaş məhkəmə qərarı olmadan yaşadığı evdən zorla çıxarıla bilməz. Məhkəmə qərarı olsa belə, təxliyə prosesi tam başa çatmadan söküntü işlərinə başlamaq qəti qadağandır. Bu, Konstitusiya ilə qorunan mülkiyyət hüququnun birbaşa tələbidir.

Baş verənlər onu göstərir ki, bəzi tikinti şirkətləri artıq özlərini qanundan, dövlətdən və insan hüquqlarından üstün sayırlar. Nəsimidə yaşananlar isə təkcə bir rayonun problemi deyil, bu, şəhərsalma adı altında hüquqsuzluğun sistemli xarakter aldığının açıq göstəricisidir.

Əgər bu cür “vandal söküntülərə” vaxtında və prinsipial reaksiya verilməzsə, sabah eyni aqibət paytaxtın digər məhəllələrində də təkrarlana bilər. Bu isə artıq vətəndaşların yox, dövlətin nüfuzuna vurulan zərbə deməkdir.



Oxşar Xəbərlər

Xəbər lenti