8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Beynəlxalq Bankı ilə bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir. Artıq müttəhimlər son sözlərini də dedilər. Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev yenə maliyyə naziri Samir Şərifova qarşı kəskin ittihamlar irəli sürdü. Cahangir Hacıyevin sözlərindən belə anlaşılır ki, Maliyyə Nazirliyinin xətası üzərindən Moskvadakı törəmə bankın və Metanol Zavoduna yönəldilmiş kreditləri qaytarmaq mümkün olmayıb. Sabiq sədrin sözlərindən belə məlum olur ki, Metanol Zavoduna görə 600-700 milyon, Albaniya Neftayırma Zavoduna görə isə Azərbaycan 350 milyon itirib və bütün bunlara görə maliyyə naziri Samir Şərifov məsuliyyət daşıyır. Çıxışı zamanı Cahangir Hacıyev daha sərt ifadələr işlədərək kredit borcuna görə 8000 nəfərə yaxın insanın ölkədən çıxışına qadağa qoyulmasını "terror” adlandırıb. Sabiq bank sədri hesab edir ki, bununla bağlı minlərlə iş yeri bağlanıb. Cahangir Hacıyev mütəşəkkil cinayətkar dəstə yaratması haqqında ittihamları da rədd edərək müttəhimlər kürsüsündə oturanların bəzilərini həyatda 1-2 dəfə gördüyünü bildirib. Prokurorun onunla bağlı 17 il müddətinə azadlıqdan məhrum etmə tələbinə isə Cahangir Hacıyevin reaksiyası daha sərt olub:”Siz nəyin əsasında mənə 17 il iş istəyirsiniz? Lap 117 il olsun, heç mənim vecimə deyil. Ancaq hamı bilməlidir ki, bu vəsaitlər hara gedib. İndi internet əsridir. Juranalistlər Bakıda oturub internet vasitəsilə hansı şirkətin kimə məxsus olduğunu tapa bilərlər”. Sabiq sədrin bu açıqlaması tezliklə hansısa kompramatların mediaya ötürülməsi və yaxud da mediaya kreditlərlə bağlı istiqamət vermək kimi qəbul oluna bilər. İstisna deyil ki, bununla bağlı hansısa sənədlər Cahangir Hacıyevə bağlı şəxslərin əlindədir. Onlar bu məlumatları mətbuata ötürə bilərlər. Hələlik isə Cahangir Hacıyev maliyyə nazirini əsas düşməni seçərək ittihamlarını ona qarşı yönəldib. Məsələn, sabiq bank sədri bildirib ki, Samir Şərifov təkcə "Azərinşaat"a ayrılan vəsaitdən 350 milyon götürüb. Cahangir Hacıyevin bunun cinayət olub olmaması və niyə araşdırılmaması ilə bağlı irinik sulallar verib. Sabiq bangir maliyyə nazirinə qarşı ittihamına dərindən aydınlıq gətirmədiyi üçün söhbətin nədən getdiyi ictimaiyyət üçün tam aydın deyil. Ancaq belə görünür ki, Cahangir Hacıyevin əlində də hansısa ciddi komparamatlar var və o bununla bağlı hələlik anonslar verir. Çox guman ki, sabiq bangir hakimiyyətin reaksiyasını və məhkəmənin qərarını gözləyəcək. Əsas kompramatları isə apellyasiya məhkəməsində səsləndirəcək.
Changir Hacıyev maliyyə nazirinə qarşı sərt ittihamlar irəli sürdüyü bir zamanda Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti "Cənub” qaz dəhlizi layihəsinin maliyyələşdirilməsi üzrə danışıqlar üçün ABŞ-a gedib. Maliyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Dövlət Neft Fondu və "Cənub Qaz Dəhlizi” QSC-nin nümayəndələrindən ibarət heyət oktyabrın 7-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankında danışıqlar aparıb. Məlumata görə, danışıqların mövzusu sözügedən maliyyə qurumlarının "Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsində iştirakının mümkünlüyü olub. "Cənub” qaz dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı ABŞ hökumətinin dəstəyinin Azərbaycanda yüksək qiymətləndirildiyi qeyd olunub. Çox maraqlıdır ki, cəmi bir neçə gün öncə prezident İlham Əliyev Azərbaycanın heç bir maliyyə yardımına ehtiyacı olmaması haqqında bir neçə dəfə bəyanat verib. Eyni zamanda hakimiyyətin bir sıra nüfuzlu təmsilçiləri son zamanlar Qərb dövlətlərini, xüsusilə də ABŞ-ı dövlətlərə qarşı siyasi, iqtisadi və informasiya təxribatlarında, ölkələrin daxili işinə qarışmaqda ittiham edir. Məsələn, Milli Məclisin rəhbərlərindən biri Əli Hüseynli bir neçə gün öncə Rusiyada keçirilən parlament seçkiləri ilə bağlı açıqlamasında region ölkələrinə bəlanın Qərbdən gəlməsi haqqında fikir səsləndirmişdi. İndi isə maliyyə nazirinin rəhbərlik etdiyi nümayəndə heyyəti həmin bəlanın gəldiyi ölkəyə səfər edib, kredit istəyir. Buradan iki nəticəyə gəlmək olar. Birinci, hakimiyyət bir neçə bir-birinə zidd düşüncəli qrup və şəxslərdən təşkil olunub ki, onların bəziləri Qərbi ittiham edir, bəziləri isə Qərbə intiqrasiya etməyi təklif edir. Prezident İlham Əliyev son çıxışlarının birində yenidən Avropaya intiqrasiya məsələsinə toxundu və bu istiqamətdə təkliflərin qəbul edilməz olduğunu söylədi. Bu isə belə qənaət yaradır ki, hökumətdə ölkənin xarici siyasət kursu ilə bağlı fikir ayrılığı var. Görünür, maliyyə naziri və onunla bərabər ABŞ-a səfər edənlər Qərbə intiqrasiyanın tərəfdardarlarıdır.
İkinci nəticə ondan ibarətdir ki, ölkənin ciddi maliyyə resorslarına ehtiyacı var və hökumət bunu yalnız Qərbdən ala biləcəyini anlayır. Məhz bu ehtiyac hökuməti Əli Hüseynlinin düşmənçilikdə ittiham etdiyi dövlətin qapısına getməyə vadar edib. Qeyd edək ki, Əli Hüseynlidən fərqli olaraq maliyyə naziri Samir Şərifov ölkənin maliyyə resursları haqqında daha məlumatlı şəxs olmaqla yanaşı, məsuliyyətinə görə də daha məsul şəxsdir. Samir Şərifovu indi düşündürən əsas məsələ ucuz neft dövründə büdcənin formalaşdırılması, dövlət layihələrinin maliyyələşdirilməsidir. Əli Hüseynlidən fərqli olaraq Samir Şərifov anlayır ki, Qərbin dəstəyi olmadan heç bir mənbədən pul tapmaq mümkün olmayacaq. Rusiya bu gün özü az qala qapı-qapı düşüb pul axtarır, Çin isə maraq dairəsinə aid olmayan ölkələrə kredit verməkdən sadəcə olaraq imtina edir. Yeganə ümid qalır Qərb dövlətlərinə və onların nəzarətində olan maliyyə institutlarına. Buna görə də, Samir Şərifov ABŞ-a üz tutub. Ancaq Əli Hüseynli kimi şəxslər verdikləri bəyanatla maliyyə nazirinin işini çətinləşdirirlər. Bir yandan da Cahangir Hacıyev Samir Şərifovu iri miqyaslı korrupsiyada ittiham edir. Korrupsiyada ittiham olunan bir maliyyə nazirinin ölkəsinə kiminsə böyük pullar verməsi heç inandırıcı deyil. Belə görünür ki, Azərbaycan rəsmilərin mövqelərindəki fikir ayrılığını aradan qaldırmaq lazım gələcək. Əks halda Bakının təmsilçilərini bir azdan qəbul edən də tapılmayacaq.
Vəfa Qafarova,
"Yeni Sozçü" qəzeti