Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Dünya bazarlarında ərzaq buğdası ilə bağlı problemin aradan qalxacağı ilə bağlı müəyyən ümid yaransa da hələ ki, bu böhran tam olaraq öz həllini tapmayıb.Yəni Ukraynadan taxıl ixracı başlansa da, bu istiqamətdə ciddi irəliləyiş müşahidə edilmir. Hazırda ərzaq buğdası ilə bağlı problemin həllini tapmaması dünya bazarlarında bahalaşmanın olacağını istisna etmir. Azərbaycan da ərzaq buğdası ilə bağlı əsasən idxaldan asılı ölkədir.Son bir neçə gündür ki, ölkədə dana ətinin qiyməti bahalaşıb və hər bir kiloqram dana ətinin qiymətində 1 manat, 1.50 qəpik artım müşahidə edilir. Qarşıdakı dövrdə yay məhsullarının azalacağını, eləcə də toy mərasimlərinin artacağını nəzərə alsaq ət məhsullarına olan tələbat daha da artacaq.Qeyd edək ki, cari ilin ikinci rübü ilə bağlı da sosial paket təqdim edilməyib.Qarşıdakı dövrdə bahalaşma davam edəcəkmi və əhalinin üzləşdiyi mövcud problemlə bağlı sosial paket təqdim oluna bilərmi? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya bildirdi ki, Ukraynada mövcud olan ərzaqlıq buğdanın dünya bazarlarına çıxarılmasında texniki məsələlər Türkiyənin vasitəsilə həll edildi:“Ancaq hazırda Ukrayna anbarlarında 20 milyon tona yaxın ərzaqlıq buğda var və həmin buğdanın dünya bazarlarına çıxışını tam təmin etmək mümkün olmayıb. Bu günə qədər yalnız 30 faiz həcmində Tripoli və İstanbul limanları vasitəsilə ərzaqlıq buğda dünya bazarlarına çıxarılıb.Dünyanın ən böyük ixracatçısı olan Rusiya və Qazaxıstan avqust ayının 1-dək qadağalar tətbiq edib və dünya bazarında ərzaqlıq buğdanın təminatı ilə bağlı ciddi problemlər yaranıb. Bütün bu məsələlər də dünya bazarında ərzaqlıq buğdanın qıtlığına və bahalaşmasına səbəb olub. Son 1 həftə ərzində 8 ildə müşahidə edilməyən ərzaqlıq buğdanın qiymətində bahalaşma var. Bu ərzaqlıq buğdanın təxminən 80 faizini xaricdən idxal edən Azərbaycan üçün də müəyyən çətinliklər yaradır. Həmin çətinliklər ölkə daxilində unun və çörəyin qiymətinin bahalaşmasına səbəb olur.Bu tendensiya davam edəcək. Azərbaycan əsasən ərzaqlıq buğdanı Rusiya və Qazaxıstandan aldığı, həmin ölkələrdə də ixrac məhdudiyyəti olduğu üçün idxalla bağlı ciddi problemləri ortaya çıxarıb. Bundan başqa Azərbaycanda bu il əkilən 100 min hektara yaxın ərzaqlıq buğda sahələri quraqlıq səbəbindən məhv olub. Eyni zamanda dövlət başçısı bugünlərdə Basqalda verdiyi açıqlamada bildirdi ki, 50 min hektara yaxın ərazidə buğda əkilib, lakin nəticə çox aşağı səviyyədədir və bunun müxtəlif səbəbləri var. Bütün bu arqumentlər onu göstərir ki, Azərbaycanda payız və qış aylarında un təminatı ilə bağlı müəyyən problem yaşana bilər.Hələlik Türkiyə vasitəsilə Azərbaycan ərzaqlıq buğdanın idxalı həyata keçirilir. Lakin bu da xüsusi bir göstəricidir. Alternativ olaraq Hindistanla buğda idxalı barədə danışıqlar aparılsa da, nəticəsiz qaldı. Çünki Hindistanın buğda tədarükü öz tələbatını çətinliklə ödəyir. Qalan az bir hissə isə Asiya ölkələrində satışı həyata keçirilir”.Ekspert deyir ki, bundan başqa dənli bitkilər, qarğıdalı, günəbəxan yağı kimi digər məhsullarla bağlı təminat problemi mövcuddur:“İlk növbədə Rusiya-Ukrayna müharibəsi, eləcə də planetdəki quraqlıq ciddi çəkildə aqrar sektorda göstəricilərin azalmasına səbəb olub. BMT-nin builki hesabatında qeyd edilirdi ki, 2022-ci ilin oktyabr və noyabr aylarından etibarən dünyada aclıq səviyyəsi sürətlə yüksəlməyə başlayacaq. Azərbaycanda da bu məsələ xarakterikdir və dünya iqtisadiyyatı ilə bağlıdır, idxaldan asılı bir ölkədir. Çox ciddi bahalaşma və inflyasiya var. Azərbaycanda idxal inflyasiyasından vətəndaşlar əziyyət çəkirlər. Hökumət postpandemiya dövrü üçün müəyyən sosial paketlər həyata keçirməli idi. Təəssüf ki, bu istiqamətdə ciddi addım atılmayıb.2022-ci ilin dövlət büdcəsində də sosial xərclər üçün 140 milyon manata yaxın əlavə vəsait nəzərdə tutulub ki, bu da pensiya və müavinətlərin cüzi şəkildə artmasına gətirib çıxaracaq. Fundamental olaraq əhalinin sosial vəziyyəti ilə bağlı hər hansı bir dəstək paketi, sosial yardım proqramları həyata keçirilməsi gözlənilmir. Ən yaxşı halda 2023-cü ilin ilk aylarına ümid bəsləyə bilərik. Bunun üçün noyabr ayında növbəti ilin dövlət büdcəsi hazırlanarkən xərclər və proqnozlarla bağlı müəyyən məqamlara diqqət etməliyik.Bundan başqa dünya bazarlarında neftin qiymətində də azalma mövcuddur. 2023-cü ildə yaxşı olardı ki, iri investisiya xərclərini azaltsın və əlavə məsrəflərə gedilməsin. Xüsusilə də Mərkəzi Bank manatla bağlı müəyyən islahatlar həyata keçirib, inflyasiya və bahalaşmadan əhalinin daha az əziyyət çəkməsini təmin etməlidir. Bu ilk növbədə Mərkəzi Bankın üzərinə düşən ağır missisyadır, görək bu proseslərə necə təsir göstərə biləcək”.