8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı dünya ərzaq qiymətləri indeksinə görə, son 4 aydır qlobal ərzaq bazarında kəskin ucuzlaşma müşahidə edilir.
FAO-nun məlumatına görə, dünya ərzaq qiymətləri indeksi iyun ayıyla müqayisədə ötən ay 8,6 faiz azalaraq 140,9 bəndinə düşüb. Ekspertlər ərzaq bazarında son 14 ilin ən kəskin ucuzlaşmasının yaşandığını bildirirlər. Qlobal miqyasda baş verən ucuzlaşma - taxıl, bitki yağları, süd, ət və şəkər məhsullarında daha çox hiss olunur.
Taxıl məhsulları 11,5 faiz ucuzlaşıb
FAO-dan bildirilir ki, taxılın qiyməti ötən ayla müqayisədə 11,5 faiz azalıb. Bu dövrdə indeksdə təmsil olunan bütün taxıl məhsullarının qiymətində azalma baş verib. Qiymətlərin enməsi Ukraynanın taxıl ixracındakı maneələrin aradan qaldırılması və Şimal yarımkürəsində məhsul yığımının başlamasıyla əlaqəqələndirilir. Açıqlanan məlumatlara görə, buğdanın qiyməti aylıq 14,5 faiz ucuzlaşıb.
Şəkər məhsulları 3,8 faiz ucuzlaşıb
Braziliya valyutasının dəyərdən düşməsi və ölkədə hasilatın gözləniləndən yüksək olması səbəbindən, şəkər məhsullarının qiymət indeksi aylıq 3,8 faiz azalaraq 112,8 bəndinə geriləyib.
Süd məhsulları 2,5 faiz ucuzlaşıb
Süd məhsullarının qiymət indeksi də iyun ayına nisbətən 2,5 faiz azalaraq 146,4 bəndinə geriləyib. Ən çox azalma kərə yağının, quru, yağlı və yağsız südün qiymətlərində müşahidə olunub.
6 aylıq qiymət artımından sonra ət məhsullarının qiymətidə cuzi də olsa 0,5 faiz azalıb.
Bitki yağı məhsulları 19,2 faiz ucuzlaşıb
Bitki yağı qiymətləri indeksi 19,2 faiz azalaraq, 10 ayın ən aşağı səviyyəsinə enib. Kəskin azalmaya dünya bazarında palma, soya, kolza və günəbaxan yağlarının qiymətlərinin aşağı düşməsi səbəb olub. Palma yağının qiyməti 4-cü ayda da ucuzlaşıb.
FAO-nun məlumatlarından da aydın olur ki, bir neçə aydır dünya miqyasında ərzaq məhsullarının qiymətində nəzərə çarpacaq dərəcədə azalmalar baş verir. Ekspertlər növbəti aylarda qiymətlərin bir qədər də ucuzlaşacağını istisna etmirlər.
Ancaq təəssüf ki, dünya ölkələrindən fərqli olaraq, Azərbaycanda ərzaq məhsularının qiyməti durmadan artır. Hətta son günlər bir sıra KİV-lərdə, TV-lərdə yaxın aylarda un və çörəyin qiymətinin artacağıyla bağlı məlumatlar da tirajlanır. Bəzi ekspertlər ehtimal edirlər ki, qarşıdakı aylarda unun, çörəyin və digər bir sıra ərzaq məhsulların qiyməti növbəti dəfə bahalaşa bilər.
Məlumat üçün qeyd edək ki, 2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyul aylarına nisbətən 13 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 18,7 faiz, qeyri-ərzaq məhsulları 7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 10,1 faiz bahalaşıb. İyul ayında istehlak qiymətləri indeksi əvvəlki ilin iyul ayına nisbətən 13,7 faiz, o cümlədən ərzaq məhsulları da 21 faiz artıb.
İyun ayıyla müqayisədə ötən ay ayrı-ayrı ərzaq məhsulları arasında daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron və kolbasa məmulatlarının, mal, qoyun və toyuq ətinin, qatılaşdırılmış şəkərli südün, xamanın, yumurtanın, bitki yağlarının, limonun, pomidorun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, kola içkisinin, limonadın və pivənin qiymətlərində müşahidə olunub.
Göründüyü kimi, bütün dünyada ərzaq məhsullarının qiyməti kəskin azaldığı bir vaxtda, necə olursa Azərbaycandakı qiymətlər durmadan bahalaşır. Bu qeyri-müəyyənliyin səbəbini öyrənmək üçün ekspertlərə müraciət etdik.
İqtisadçı-ekspert Xalid Kərimli "AzPolitika.info"-ya şərhində bildirdi ki, dünya ərzaq bazarının işləmə prinsipinə əsasən, qlobal miqyasda baş verən qiymət dəyişikliyi bir neçə aydan sonra özünü biruzə verir: "Məsələn, ucuz və ya baha qiymətə alınan taxıldan istehsal olunan makaron məhsulu bir neçə aydan sonra mağazalara gəlib çatır. Çünki istehsalçıların özlərinin anbar qalıqları olur. İstehçalı şirkət anbarda saxladığı məhsulu satıb qurtardıqan sonra növbəti partiyadakı malları satışa çıxarır. Ona görə də real məhsulun mağazaya gəlib çatması üçün 2-3 ay vaxt lazım olur. Hesab edirəm ki, dünya bazarında baş verən ucuzlaşmanın müsbət təsirini bir neçə aydan sonra Azərbaycanda da hiss edə bilərik".
Ekspert son günlər mediada unun, çörəyin və bir sıra digər məhsulların bahalaşacağıyla bağlı səsləndirilən fikirlərə də münasibət bildirib: "Bu barədə səsləndirilən fikirlərlə razı deyiləm. Hazırda dünya bazarında ərzaq məhsullarının inflyasiyasının azaldığını müşahidə edirik. Digər tərəfdən Azərbaycanda avronun dəyərdən düşməsi anti-inflyasiya yaradır və bu da ərzaq məhsullarının bahalaşmasının qarşısını alır. Bu səbəbdən də, növbəti aylarda ərzaq məhsullarının qiymətlərində tədircən azalma baş verə bilər".
"Əsas diqqət çəkən məqam odur ki, dünya ərzaq bazarında qiymətlər yenidən bahalaşarsa, onda vəziyyət necə olacaq? Bu zaman istehsalçılar ucuza aldıqları ehtiyatların qiymətini dəyişməyərək, mənfəət əldə etməyə çalışa bilərlər. Ancaq istənilən halda ərzaq məhsullarının ucuzlaşması üçün qiymətlərin dayanıqlı şəkildə enərək, stabil qalması önəmlidir. Yəni, ərzaq məhsulları bu ay ucuzlaşıb, növbəti ay kəskin bahalaşsa o zaman qiymətlərdə ciddi bir dəyişiklik baş verməyəcək", - deyə ekspert qeyd edib.
Real Partiyasının idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli isə "AzPolitika.info"-ya şərhində bildirib ki, dünyada ərzaq məhsullarının dəyərinin azalması, yüksək qiymətlərə nisbətən baş verən ucuzlaşmadır: "İki ay bundan öncə ərzaq bazarında qiymətlər pik həddə çatmışdı. Bundan sonra qiymətlər yavaş-yavaş aşağı düşsə də, kəskin ucuzlaşma baş verməyib. Azərbaycan ərzaq məhsullarının böyük bir hissəsini xaricdən idxal edir. Qlobal ərzaq bazarında qiymətlər aşağı ensə də, logistika və daşıma xərcləri yüksək olaraq qalır".
Ekspert qeyd edirk ki, hökumət bu sahədə mövcud problemləri aradan qaldırmaq üçün, ciddi addımlar atmır: "REAL Partiyası adından təklif vermişik ki, ərzaq məhsullarına tətbiq olunan Əlavə Dəyər Vergisi (ƏDV) 18 faizdən 2 faizə endirilsin. Ancaq təəssüf ki, hökumətdən heç bir reaksiya görmürük. Qiymətlərin ucuzlaşmasının ən asan və sürətli yolu budur. Hazırda dövlət büdcəsiylə bağlı heç bir problem yoxdur. Çünki neftin qiyməti yüksəkdir, vergilərdən gələn gəlirlər artıb, Neft Fondunun da profisiti var. Ona görə də düşünürəm ki, ƏDV-nin 18 faizdən 2 faizə endirilməsi dövlət büdcəsinə ciddi təsir göstərməyəcək".
"Əgər bu başa versə, ərzaq məhsullarının qiymətində 10-15 faiz aralığında ucuzlaşma görə bilərik. Azərbaycan əhalisinin 80-85 faizi şəbəkə marketlərindən bazarlıq edir. Şəbəkə marketlərində isə ƏDV 18 faizidir. Yəni biz aldığımız hər bir məhsulun üzərində 18 faiz ƏDV ödəyirik. Məsələn, 50 manatlıq bir məhsul alırıqsa, 9 manat ƏDV ödəyirik. Ancaq təklifimiz qəbul edilsə bu, 9 manat yox 1 manat olacaq. Nəticədə qiymətlər ucuzlaşacaq və büdcəmizdə daha çox pul qalacaq. Təəssüf ki, hökumət bu məsələdə əlində olan vasitələrdən düzgün şəkildə istifadə edə bilmir", - deyə ekspert bildirib.
Ekspert rəylərindən belə bir nəticəyə gəlmək olar ki, xalqın cibinə girən bəzi işbazların qarşısı alınsa, yaxın aylarda mağazalarımızda qlobal ucuzlaşmanın müsbət təsirlərini hiss edə biləcəyik...