Bəzi inşaat materialları niyə bahalaşıb - Evlərin qiyməti artacaqmı?


"Azərbaycanda bəzi tikinti materiallarının qiymətinin artması yay mövsümünün olması ilə bağlıdır. Digər səbəb işğaldan azad edilmiş ərazilərimizdə sürətli şəkildə tikinti-bərpa işlərinin aparılmasıdır. Bu da tikinti materiallarına tələbatı artırıb. Həmçinin yanacağın qiymətinin artması birbaşa daşınma xərclərini yüksəldib və nəticədə bir sıra inşaat materialları bahalaşıb".

Sozcu.info xəbər verir ki, bunu daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a bəzi inşaat materiallarının bahalaşmasından danışarkən deyib.

"Tikinti işləri artdıqca inşaat materiallarına tələbat da artır"

Ekspert bildirib ki, hər il yay aylarında fərdi yaşayış evlərinin tikintisinə tələbat artır:

"Çünki yay ayları inşaat prosesinin daha sürətlə aparılması üçün əlverişlidir. Tikinti işləri artdıqca inşaat materiallarına tələbat da artır.

Tələbat çoxalanda bəzən bir sıra tikinti materiallarının çatışmazlığı yaranır və bu da həmin materialların bahalaşmasına səbəb olur".

"Tikinti materiallarının bahalaşması ən çox fərdi yaşayış evlərinin qiymətinə təsir edir"

O qeyd edib ki, sementin, mişar daşının və digər materialların bahalaşması birbaşa tikintinin maya dəyərinə təsir edir və bu da daşınmaz əmlakın satış qiymətinə təsirsiz ötüşmür:

"Tikinti materiallarının bahalaşması ən çox fərdi yaşayış evlərinin qiymətinə təsir edir. Bakıda və Abşeron rayonunda mövcud fərdi yaşayış evləri nisbətən ucuzdur. Bunların da qiyməti təxminən 30-100 min manat civarında dəyişir. Bir mənalı olaraq tikinti materiallarının bahalaşması fərdi yaşayış evlərinin satış qiymətinə təsir edir. Bu da gələcəkdə həmin ucuz həyət evlərinin

bahalaşmasına gətirib çıxardacaq".

Bəzi inşaat materialları niyə bahalaşıb

"Payız mövsümündə bahalaşma gözlənilmir"

Ekspert növbəti aylarda tikinti materiallarının yenidən bahalaşacağını gözləmir:

"Çünki payız mövsümündə tikinti işləri azalır və bu da inşaat materiallarına olan tələbatı aşağı salır və nəticədə qiymətlərdə stabillik yaranır".

Qeyd edək ki, son vaxtlar tikinti bazarında mişar daşı, sement və digər bəzi inşaat materialları bahalaşıb. Belə ki, bir kisə sementin satış qiyməti və bir ədəd mişar daşının satış qiyməti təxminən 20 qəpik qalxıb.

Ölkədə tikinti materiallarının istehsalı artır

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, tikinti materiallarının istehsalı sahəsində 2024-сü ilin yanvar-iyun aylarında istehsalın ümumi dəyəri 642,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,7 faiz artıb. Dövr ərzində kərpiclər və oxşar məmulatların istehsalı 3,1 dəfə, asfalt istehsalı 44,9 faiz, beton istehsalı 32,2 faiz, tikinti gipsinin istehsalı 24,9 faiz, sement istehsalı 13,3 faiz artıb.

Qiymətlərə gəlincə, rəsmi statistikaya əsasən, məsələn, bu ilin yanvar ayında 50 kiloqramlıq sementin orta aylıq istehlak qiyməti 8,80 manat idisə, iyun ayında bu rəqəm 9,08 manat olub.



Oxşar Xəbərlər

Xəbər lenti