8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Paytaxtın mərkəzi hissəsində istismar müddəti başa çatmış binaların sökülməsi gündəmə gəldikdən sonra ev alanların sayı artır
Son dövrlər insanlar əmlak bazarında qiymətlərin bahalaşmasından narazılıq edirlər. Vəziyyət o həddə çatıb ki, hətta əvvəllər ucuz qiymətə kirayə verilən mənzillər belə baha qiymətə təklif edilir. Bunun səbəbi isə Bakıda istismar müddəti bitmiş binaların sökülməsi ilə əlaqələndirilir.
Yeri gəlmişkən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov hələ ötən il mediaya müsahibəsində bildirib ki, paytaxtda istismar müddəti başa çatmış binalar və fərdi yaşayış evləri söküləcək. Bakı merinin sözlərinə görə, paytaxtda hər iki sakindən biri SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır. Ona görə də Bakıda köhnə binalar sökülüb əvəzində yenilərinin inşa edilməsi nəzərdə tutulur. Söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq. Söküləcək binalar beşmərtəbəli və doqquzmərtəbəlidir. Şəhər meri onu da qeyd edib ki, həmin binalarda yaşayan sakinlər mərhələli şəkildə köçürüləcəklər. Lakin söküntü işlərinin nə zaman və hansı istiqamətdə başlanacağı, eləcə də digər detallar hələlik məlum deyil.
Ekspertlər hesab edir ki, qəzalı vəziyyətdə olan binaların söküntüsü əsasən Bakı şəhərinin mərkəzi rayonlarını əhatə edəcək. İndiyə qədər Bakının müxtəlif ərazilərində istismar müddətini başa vurmuş bir neçə bina sökülüb, amma bəzi yerlərdə çox sayda belə bina qalmaqdadır. Ən çox qəzalı vəziyyətdə olan binaların isə Nəsimi, Nərimanov, Yasamal və Səbayel rayonlarında olduğu qeyd edilir.
Əmlak eksperti Ramil Osmanlının fikrincə, nəinki mərkəzi hissələrdə, paytaxtın digər ərazilərində də onlarla qəzalı vəziyyətdə olan bina var. Ekspertin sözlərinə görə, Bakıda 1970-ci ildən əvvəl tikilmiş yaşayış binaları var ki, onlar ipoteka üçün də yararsız hesab olunur. O əlavə edib ki, qəzalı vəziyyətdə olan binalar çox olduğuna görə onların söküntüsü mərhələli şəkildə həyata keçirilə bilər. Mütəxəssislər bu qənaətdədir ki, köhnə binaların sökülməsi tikinti materialları bazarına da müsbət təsir göstərəcək. Çünki köhnə binaların yerində yeniləri inşa edilərkən tələb edilən materialların müəyyən hissəsi yerli bazardan alınır ki, bu da iqtisadi cəhətdən müsbət amildir, üstəlik, bu, yeni iş yerləri də deməkdir.
Başqa bir mənbə isə iddia edir ki, adətən bu cür xəbərlərin yayılması ev dəllallarının “xüsusi əməliyyatı”dır. Belə ki, paytaxtın mərkəzi hissəsində istismar müddəti başa çatmış 2,3,5 və 9 mərtəbəli binaların sökülməsi gündəmə gəldikdən sonra bu tip binalardan ev alanların sayı çoxalır. İnsanlar 60-80 min manat civarında köhnə binalardan ev almağa üstünlük verirlər ki, bunun da səbəbi bəllidir. Bu həm mümkün söküntü anonsu, həm də ev maklerlərinin oyunu ola bilərmi?
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ölkədə il ərzində təxminən 2.5-2.7 mln. kv.m mənzil inşaat edilir: “Bu binaları inşa edən məlum bir qrup şirkətlər var və onların da orta illik iş həcmləri mövcuddur. İl ərzində bu şirkətlər ya köhnə binaları söküb yerində inşa edir və ya boş torpaq sahəsi tapıb bina inşa edirlər. Bazar isə sabitdir. Bazar əsasən mövsümi aylara və fors-major hadisələrinə reaksiya verir. Qalanı isə uydurma təxəyyül məhsuludur”.
Elnur Fərzəliyev
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, ölkə iqtisadiyyatının böyük bir hissəsi tikinti və əmlak sahəsindən asılıdır: “Tikinti sahəsi nə qədər çox inkişaf etsə, tikintidə istifadə olunan həmin tikinti materiallarının istehsalı və satışı prosesi sürətlənər. Tikintidə istifadə olunan beton, kərpic, sement, qum və digər materiallar var ki, bunlar Azərbaycanda istehsal olunur və ölkəmizin təbii sərvətlərindən ibarətdir. Biz nəzərə alaq ki, bir bina tikilərkən təqribən 2-3 il çəkir, bu da imkan verir ki həmin müddətdə yeni iş yerləri açılsın. Həmin tikinti materiallarını istehsal edən və satışını həyata keçirən bütün mərkəzlər işlək vəziyyətdə olur. Tikinti bitdikdən sonra mənzillərin təmirində istifadə olunan bütün tikinti materiallarının hər biri yerli bazardan alınır, istər parket, divar kağızı və sairə. Mənzillərdə təmir bitdikdən sonra vətəndaşlar evi əşyaları ilə doldururlar. Məişətdə istifadə olunan hər bir əşya da yenə də yerli bazardan əldə olunur ki, bu da yerli tikinti bazarına müsbət təsirini göstərir. Ortalama hər bir binada təqribən 70-200 arası mənzil olur ki, bu mənzillərin hər birinin təmirinə otaq sayına görə 25-50 min manat pul xərclənir. Bundan əlavə evlərin içinin əşyalarla doldurulması yetəri qədər vəsait tələb edir ki, bu da onu deməyə əsas verir ki, hər bir bina tikilib başa çatdıqdan sonra bu iqtisadiyyata milyonlarla xeyir vermiş olur. Başqa tərəfdən, təkcə paytaxtda 11 minə yaxın istismar müddətini bitirmiş binalar var. Çox sayda qəzalı vəziyyətdə olmuş binalar var ki, bunlar da ən qısa müddətdə sökülərək yeni tikili binalarla əvəzlənməlidir. Bir çox insanlar artıq yatırımı həmin sökülmə ehtimalı olan binalara edirlər ki, mənzillər sökülərkən sahibinə bina tikilib təhvil verilənədək kirayə pulu ödənilsin. Onlara köç xərcləri də verilir və daha sonra həmin binanın yerində vətəndaşa mənzilin ümumi sahəsi daha geniş, daha təmirli, yeni tikili binadan mənzil verilir ki, onun da satış qiyməti vətəndaşın köhnə mənzilindən demək olar ki, iki dəfəyədək baha qiymətə dəyərləndirilir. O baxımdan, yatırımçılar bu sahəyə daha çox sərmayə qoyduqlarına görə köhnə binalarda qiymət artımları davam edir”.
Ekspert əlavə edib ki, xüsusən də sökülmə ehtimalı olan binaların qiymətinin artmasına bu sahəyə yatırılan kapitallar təsir edır ki, bu da qiymətlərin hər gün artmasına gətirib çıxarır: “Bundan əlavə, nəzərə almalıyıq ki, Azərbaycanın özündə tikinti materialları ilə bağlı xeyli rəqəmlər var. Və azad olunmuş ərazilərimizdə 140 adda təbii sərvətlər, mədənlər var ki, onların da böyük bir hissəsi tikinti sahəsində istifadə oluna biləcək mədənlərdir. Yaxın gələcəkdə həmin mədənlərin istismarına başlansa, bu həm ölkədə tikinti materiallarının bolluğuna, qiymətlərin enməsinə gətirib çıxara bilər. Azərbaycan artıq həmin mədənlərdən istehsal etdiyi materialları xarici ölkə bazarlarına da sata bilər. Təbii ki, qiymət artımları davam edir. Buna bir səbəb də tikinti şirkətləri əvvəlki illərdə torpaq sahələri alaraq çoxmənzilli binalar inşa edirdilər. Hazırda Bakının mərkəzinə yaxın ərazilər çoxmənzilli binalar üçün yararlı torpaq sahələri olmaması, yaxud da olan torpaqların qiymətinin həddən artıq baha olması səbəbindən artıq tikinti şirkətləri də köhnə pilot layihə üzrə onları sökərək yerində yenisini tikirlər. Bu da onların xərcini iki dəfəyədək artırır. Xərc artdıqca bu da satış qiymətinə öz təsirini göstərir”.
E.Fərzəliyev əlavə edib ki, hazırda Bakıda təqribən 7 minə yaxın vasitəçi - ev dəllalı, el arasında desək, “makler” fəaliyyət göstərir: “Onların işi vasitəçilikdir, satışda olan mənzilləri alıcılara təqdim etmək, onların reklamını aparmaqdan ibarətdir. Qiymətlər artdıqca, əmlak bazarında alıcıların sayı da azalır. Fikrimcə, qiymət artımına səbəb təkcə bu sahədə fəaliyyət göstərən vasitəçilər deyil. Ümumən dünyada baş verən prosesdir ki, qiymət artımları demək olar ki, hər yerdə baş verir, eləcə də bizdə. Köhnə 2-5 mərtəbəli binaların artıq ipoteka predmetinə çevrilə bilməməsi səbəbindən mənzil alan şəxslər 9 mərtəbəli binalardakı mənzilləri və yeni tikililərdəki çıxarışlı mənzilləri alırlar, bu da süni və təbii formada qiymət artımlarına səbəb olur”. “Yeni Müsavat”