Gürcüstanda Şaumyan və Kirovka kəndlərinin adı dəyişdirilir

Gürcüstanın Marneuli rayonunun iki kəndi - Kirovka və Şaumyan kəndlərinin adları dəyişdirilcək.
Sozcu.info-nun yerli bürosu xəbər verir ki, bu barədə “Marneuli” televiziya kanalı məlumat yayıb.
Marneuli bələdiyyə məclisinin toplantısında Kirovka kəndinin Mtsvane qora (Yaşıl təpə) və yaxud Meqobroba (Dostluq), Şaumyan kəndinin isə Yuxarı Şulaver adlandırılması təklif olunub.

Məsələyə ilk olaraq bələdiyyə məclisinin Coğrafi obyektlərin adlandırılması Komissiyasında baxılacaq və yekun qərarı yerli özünüidarəetmə orqanı qəbul edəcək.
Qeyd edək ki, 2011-ci ildə Gürcüstanda qəbul edilən “Azadlıq xartiyası”na əsasən coğrafi adlarda sovet və kommunizm dövrünün xadimlərinin adlarının istifadəsi qadağandır.
Şaumyan kəndinə Bakı komissarlarından biri olan Stepan Şaumyanın adı 1925-ci ildə verilib. Kəndin hazırkı əhalisinin böyük əksəriyyətini ermənilər təşkil edir. Kirovka kəndinin köhnə adı Mamey olub. Bolşevik rəhbərlərindən biri olan Sergey Kirovun şərəfinə adlandırılmış kənddə əsasən azərbaycanlılar yaşayır.



Oxşar Xəbərlər

Xəbər lenti