Gürcüstanda Rusiya rəmzləri qadağan oluna bilər

Gürcüstanda “Müqəddəs Georgi” lenti, “Z” və “V” simvollarından istifadənin qadağan edilməsi təklif olunur.
Sozcu.info-nun yerli bürosu xəbər verir ki, bununla bağlı müxalifəti təmsil edən deputatlar – Salome Samadaşvili və Ana Natsvlişvili İnzibati Xətalar Məcəlləsinə düzəlişlər hazırlayıb.
Qanun layihəsinə əsasən, Rusiyanın Gürcüstan, Ukrayna və ya istənilən digər dövlətə qarşı aqressiyasını istənilən forma və istənilən vasitələrlə şöhrətləndirmə, haqq qazandırma və ya dəstəkləmə, həmçinin simvolikaların yayılması, istifadəsi və gəzdirilməsinə görə cərimələrin tətbiqi nəzərdə tutulub.
Fiziki şəxslərin 2 min lari, hüquqi şəxslərin isə 5 min lari məbləğində cərimə olunması təklif edilib. Qanun pozuntularına təkrar yol veriləcəyi halda fiziki şəxs 5 min lari cərimə oluna və yaxud inzibati qaydada 15 sutkalıq həbs edilə bilər. Hüquqi şəxsə qarşı isə 10 min lari məbləğində cərimənin tətbiqi nəzərdə tutulub.
Qanunvericilik təşəbbüsü parlamentin bugünkü büro iclasında təqdim olunacaq.
Qeyd edək ki, bu yaxınlarda Moldovada “Z” və “V” simvollarından, həmçinin “Müqəddəs Georgi” lentindən istifadə qadağan edilib.


Oxşar Xəbərlər

Xəbər lenti