GÜRCÜSTANIN XİLASI ÜÇÜN TÜRKİYƏ VƏ AZƏRBAYCAN “ÇƏTİRİ” - Rəsmi Tiflis Rusiya və İranın “qucağına sığınmaqla” ən böyük yanlışa imza atır...


Gürcüstanda ölkənin Avropa ailəsinə qoşulması yönündə müxalif qüvvələrin siyasi mübarizəsi davam edir. Xatırladaq ki, qonşu ölkədə "Avropaya, evə gedək" şüarı altında keçirilən mitinqlərdə ruspərəst baş nazirin istefası tələb olunmaqdadır.

Qeyd edək ki, bu dəfə Tiflisdə parlament binasının qarşısında keçirilən etirazların mərkəzində "Ayıbdır" adlı gənclər təşkilatı var idi. Təşkilat minlərlə insanı Avropa İttifaqının Gürcüstanın namizəd statusu alması üçün irəli sürdüyü 12 tələbin yerinə yetirilməsi üçün meydana toplamışdı. Etirazçıların əsas tələbi Aİ-nin rəsmi Tiflisə yerinə yetirilməsi üçün təqdim etdiyi 12 tələbi həyata keçirəcək "Milli Həmrəylik Hökuməti"nin yaradılmasıdır.

Mitinqə toplaşanlar hazırkı "Gürcü arzusu" hökumətinə getmək üçün bir həftə verdilər. Əgər tələb yerinə yetirilməsə, aksiyaçılar 3 iyul tarixindən Tiflisdə fasiləsiz mitinqlərin keçiriləcəyi xəbərdarlığını da etdilər.

Bəllidir ki, Gürücstandan fərqli olaraq Aİ-yə qəbul üçün namizədlik statusu almış dövlətlərin – Ukrayna və Moldovanın da ərazi problemləri var və ümumiyyətlə, bu ölkələrin hər üçünün də ərazisində rus qoşunları mövcuddur. Ukraynaya qarşı açıq müharibə aparılır, digər iki dövlətə də zaman-zaman rus müdaxiləsi olduğu bəllidir. Odur ki, Kremlin rus qoşunlarını bu ölkələrdən geri çəkmək niyyətinin heç bir əlaməti yoxdur. Avropanı da dilemma qarşısında qoyan əsas amil budur.

Ərazi bütövlüyü faktorundan başqa, Ukrayna və Moldova ilə müqayisədə Gürcüstanın Avropa ailəsinə qoşulmaq naminə göstərdiyi "bütün səylər"ə, Saakaşvilinin dövründən aparılmış islahatlar sayəsində mənimsənilmiş Avropa dəyərlərindən indiyə qalan az-çox "demokratiya qırıntıları"na baxmayaraq, hazırkı administrasiyanın Rusiya ilə Qərb arasında var-gəl etməsi ilə Tiflisə "yox" cavabı veriləcəyi gözlənilən idi. Aİ qapılarının astanasında gözləmə müddətində Gürcüstanda "avropalı prezident" Salome Zurabişvili ilə Rusiyadan ilhamlanan "Gürcü arzusu" hökumətinin arasında da ikitirəlik sürür. Hətta bu ikitirəlik uzun müddətdir ki, mövcud idi.

Maraqlıdır ki, Aİ ailəsinin üzv dövlətləri arasında da namizəd statusuna nail olmuş əzabkeş Ukraynanın (bu ifrata varma, ya başqa məqsədlə deyilməyib, hazırda həqiqətən də belədir) min cür əziyyət müqabilində əldə etdiyi statusa birmənalı münasibət yoxdur. Elə Gürcüstana da münasibət birmənalı deyil. Məsələn, Serbiyanın XİN rəhbəri Aleksandr Vulin bildirib ki, Aİ üzvlüyü üçün Ukraynaya Rusiya ilə münaqişə vəziyyətində olması yetərli oldu. Halbuki Balkan ölkələri illərlə Aİ-yə girmə tələblərini yerinə yetirməyə çalışırlar. Macarıstanın XİN rəhbəri Peter Siyarto isə Brüsselin ikili standartlarını vurğulayaraq Tiflisə səfəri

zamanı Gürcüstanın Aİ-yə namizəd statusundan imtina edilməsini gürcü xalqına qarşı hörmətsizlik adlandırıb. Almaniyanın "Die Welt" nəşri də bu nüansa toxunaraq Ukrayna ilə Moldovaya Aİ-yə namizədlik statusunun Avropa ölkələrini bir-biri ilə fikir ayrılığına saldığını yazır. Yəni dünyaya ali demoktarik tələblərdən “dərs keçən” Aİ-nin üzv dövlətləri içində belə yekcins yanaşma yoxdur. Amma, görək, bu üzvlər arasında Rusiyaya münasibətini açıq göstərmək istəyi barədə namizəd ölkələrdən ilkin tələb nə idi - Rusiyaya qarşı sanksiyalara qoşulmaq.

Ukrayna ilə Rusiya barəsində məsələ aydındır. Çünki iki ölkə arasında savaşın getdiyinə bütün dünya şahidlik edir. Moldovaya gəlincə, Moskva uzun müddət idi ki, Kişnyova dişlərini qıcırdırdı. Hətta bir neçə gün əvvəl bir qrup ruspərəst vətəndaş Qərbyönlü Maya Sanduya qarşı bəzi tələblərlə aksiya da keçirmişdilər. Lakin Moldova artıq Rusiya əleyhinə sanksiyalara qoşuıduğunu açıqladı və rus media resurslarında Moskvadan Kişnyovun ünvanına açıq-aşkar hədə-qorxu xarakterli təhdid mesajları səslənməkdədir.

Qonşu Gürcüstanla bağlı vəziyyət isə bir qədər fərqlidir. Rəsmi Tiflis, daha doğrusu "Gürcü arzusu" hökuməti Rusiyaya qarşı sanksiyalara qoşulmaq fikrində deyil. Məsələn, Gürcüstanın "Mtavari Arxi" telekanalı öz mənbələrinə istinadən xəbər verir ki, Rusiya neft məhsulları ilə yüklənmiş tanker Batumi limanının terminalına varid olub. Jurnalistlərin məlumatına görə, bir gün əvvəl Türkiyə bayrağı altında üzən “Esen Ka” gəmisi Tuapsedə olub. Gəmi oradan tərkində sanksiya altında olan "Rosneft"ə məxsus təxminən 30 min ton vakuum qazoyl ilə Batumiyə gedib. Gəminin texniki xidmət agentliyi tankerin vakuum qazoylu daşıdığını təsdiq edir, lakin onun harada istehsal edildiyini bilmir. Mənbə "Mtavari Arxi"yə bildirib ki, indi gürcü tərəfi yükün "mənşəyini dəyişdirmək" və onu Qazaxıstandan neft məhsulları kimi Avropaya göndərmək niyyətindədir. Telekanal iddia edib ki, tankerdəki vəziyyəti oliqarx Bidzina İvanişvili, Uça Mamatsaşvili və Qriqol Liluaşviliyə yaxın adamlar "kurasiya" edir. Yəqin ki, bu qəbildən faktlar bir-iki deyil və Ukrayna ilə Moldovaya "güc-bəla ilə" namizədlik statusu lüft edən, Gürcüstanı isə qapı arxasında qoyan Aİ də qeyri-leqal yollarla Rusiya enerji resursları almağın əleyhinə deyil.

Aİ-nin bu tövrünə Ursula fon der Lyayenin "Rusiyanın neft-qaz resurslarını ona görə alırıq ki, onu başqaları almasın" kimi bəyanatlara yalnız sadəlövhlər məsumcasına inana bilər. Hərçənd, Tiflisdə keçirilən aksiyalarda Gürcüstanın müxalif siyasi simaları Aİ-nin imtina cavabında Bidzina İvaişvilini suçlayırlar. Bir baxımdan bu doğrdudur. Digər tərəfdən isə Aİ özü də məsum deyil. Onun üçün Rusiya qazına görə yumşaq davranmaq, yaxud rus enerji resurslarına əvəz tapmaq demokratik dəyərlərdən 

daha çox əhəmiyyətlidir.

Əlbəttə ki, "Gürcü arzusu" hökumətinin sponsoru Bidzina İvanişvilinin müdafiəsi onu partiyadaşları tərəfindən tam həcmdə aparılır. Belə ki, Tiflis meri Kaxa Kaladze Avropa Parlamentinin öz qətnaməsində ona qarşı sanksiyalar tətbiq etməyə çağırdığı, milyarder və hakim partiyanın qurucusu Bidzina İvanişvilinin müdafiəsi üçün çıxış edib. Kaladze bildirib ki, Avropa Parlamentinin sərt mövqeyi Gürcüstanın Ukraynadakı müharibəyə qoşulmamasının cəzasıdır.

Məlumdur ki, Gürcüstanın iki böyük ərazisi illər öncə Rusiya tərəfindən işğal olundu və Tiflisin "gözünün odu 2008-ci ildə alınıb". Bundan başqa, Gürcüstan prezidenti Qərbyönümlü, daha doğrusu Fransameylli olsa da hökumət Rusiya yönümlüdür. Yəni gürcü siyasi isteblişmentinin rus qanadı ilə Avropa qanadının çarpışması yaşanmaqdadır. 

Xatırladaq ki, Aİ "darvazalarından keçmək" üçün Tiflisə səsləndirilən 12 şərtin biri də hakimiyyətin oliqarxlaşmadan təmizlənməsidir. Belə ki, bir sıra Avropalı rəsmilər Aİ-dən Gürcüstana imtina cavabının verilməsinin sadalanan qanunun aliliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi, media azadlığı, siyasi və media landşaftının qütbləşməsi kimi səbəblərin içində oliqarxlaşmanı da ifadə ediblər. Avropa Parlamentinin deputatı Marina Kalyurand da "Twitter"dəki paylaşımında bu nüansı qeyd edib. Hazırda AŞ-nın prezidenti Şarl Mişel Gürcüstana qoyulan şərtlərin yerinə yetirilib-yetirilməməsinə 2022-ci ilin sonunda baxılacağını bildirdi.

Dediyimiz kimi, Gürcüstan indi Ukraynanın başına gələnlərlə hələ 2008-ci ildə qarşılaşdı, yəni Rusiyanın qarşısında tək qaldı. Nəticə Abxaziya ilə Cənubi Osetiyanın itirilməsi oldu. O zaman Rusiya indikindən daha güclü idi və Cənubi Qafqazda Türkiyə indiki qədər geniş mövqelərə sahib deyildi. Rusiyanın illər öncə təcavüzünə məruz qalmış Gürcüstanın "ilan vuran ala çatıdan qorxduğu" kmi Moskvadan qorxması yersizdirmi? Xeyr, yersiz deyil. Amma hazırda konturları cızılmaqda olan yeni siyasi dəyişimlər fonunda Tiflisin özünə qoruma çətiri kimi, Avropanı olmasa da, Türkiyəni seçməsi məntiqli olardı. Belə bir deyim var: coğrafi yerləşmə taleyin hökmüdür. Gürcüstan Ukrayna ilə Moldovadan fərqli olaraq onlara nisbətən coğrafi baxımdan Avropadan daha uzaq, Türkiyəyə isə daha yaxındır. NATO baş katibi Yens Stoltenberqin ispan nəşri olan "El Pais"də dərc olunan müsahibəsində müxbirin “Ukraynada hazırkı müharibənin tərəflərdən birinin tam məğlubiyyətindən sonra bitib-bitməyəcəyi ilə bağlı hər hansı proqnozunuz varmı” sualına cavab verib ki, bu, tam mümkündür.

“Yəqin ki, belə də olacaq. Ukraynanı mümkün qədər güclü etmək və daimi suveren və müstəqil Avropa dövlətinə kömək etmək öhdəliyimiz var. Bunun ən yaxşı yolu güclü hərbi dəstək, iqtisadi dəstək və Rusiyaya qarşı sərt sanksiyaların tətbiq edilməsidir”, - deyə Stoltenberq bildirib.

Göründüyü kimi, Avropa üçün öndə olan öz maraqlarıdır və o kiçik Gürcüstan üçün Rusiya ilə üz-üzə gəlməyəcək. Hərçənd, Aİ rəsmilərinin Gürcüstana tövsiyyələri daha çox təskinlik mahiyyətlidir.

Türkiyə isə NATO-nun ikinci güclü orduya malik ölkəsidir. Üstəlik, nə Rusiya, nə Avropa, nə də ABŞ tərəfə "yıxılmır". Əksinə, müstəqil siyasət yürüdür. Böyük dövlət keçmişinə malik dövlətlərin əvvəlki güc və qüdrətlərini geri qaytarmaq meyli bəzi dövlətlərin siyasi xəttində müşahidə olunur və dünya birqütblülükdən çoxqütblülüyə doğru gedir. Türkiyənin də Birinci Dünya Müharibəsindən sonra qollarına vurulmuş zəncirləri qıracağı və əvvəlki qüdrətini bərpa etmək uğrunda yüksəliş dönəminə gedəcəyi o qədər bariz görünür ki, bunu müşahidə etməmək mümkün deyil.

Gürcüstansa Avropa ilə Rusiyanın arasında var-gəl etməkdənsə, həm də İranın əlinə oynamaqla Azərbaycanın Ermənistan kimi üzdə yox, altdan-altdan "ayağının altını qazmaqdansa" yaxşı olar ki, "ətəyindəki daşı tökərək" Bakı və Ankara ilə münasibətlərini düzəltsin və rus təhdidindən salamat qalmaq üçün Türkiyənin genişlənən təsir dairəsinə daxil olmağa "kəm baxışlarla baxmasın".             

Ülviyyə ŞÜKÜROVA



Oxşar Xəbərlər

Xəbər lenti