Mingəçevirdə narkomaniya əleyhinə tədbir keçirilib – Fotolar

Mingəçevir şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev şöbənin əməkdaşları ilə birgə narkomaniya və digər zərərli vərdişlərlə mübarizə tədbirləri məqsədilə bu şəhərin 11 saylı tam orta məktəbində olub.
Sozcu.info xəbər verir ki, polis əməkdaşları şagirdlərlə maarifləndirici söhbətlər aparıblar.
Məqsəd ölkəmizdə, eləcə də Mingəçevirdə gündən günə narkomaniyanın artmasının qarşısını almaq üçün gənclərlə maarifləndirici tədbirləri gücləndirməkdir.
Əvvəlcə şagirdlərə Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən videoçarx  nümayiş olunub.
“Narkomaniyaya yox deyək” və digər zərərli vərdişlərə qarşı keçirilən görüşdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib:
“Tərəfimizdən şəhər ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Lakin buna baxmayaraq gizli yolla da narkotikdən isitfadə edənlər var və onun acı nəticələri görülməkdədir. Narkomaniya ilə mübarizədə sizlər də polisə dəstək olmalısınız”.
Daha sonra Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov çıxışı zamanı narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verib.
Digər polis əməkdaşları “Erkən nikah və onun törətdiyi fəsadlar”, “Cinayət məsuliyyəti daşıyan və təhlükəli erkən nikah”, “Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri” və yol hərəkəti qaydaları ilə bağlı mövzularda çıxışlar ediblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyələr verilib.
Qeyd edək ki, tədbirdə məktəbin direktor əvəzi Sevda Şükürova və təhsil sektorunun müdiri Sevinc Həsənova da iştirak edib.






Esmira Hidayətova, Mingəçevir



Oxşar Xəbərlər

Xəbər lenti