Fransada iğtişaşlar özəl sektora 1 milyard avrodan çox ziyan vurub


Fransada polisin əlcəzairəsilli 17 yaşlı yeniyetməni öldürməsindən sonra bir neçə gün ərzində respublikanın hər yerində baş verən iğtişaşlar nəticəsində iş adamları və bankirləri 1 milyard avrodan çox itki ilə üzləşib.

Sozcu.info xəbər verir ki, bunu Fransa Sahibkarlar Hərəkatının (MEDEF) rəhbəri Jofru Ru de Bezyo “Le Parisien” qəzetinə müsahibəsində deyib.

O, bununla belə, dəqiq rəqəm söyləməyin hələ tez olduğunu vurğulayıb.

"Turizmə dəyən zərəri saymasaq, söhbət 1 milyard avrodan çox vəsaitdən gedir. Dünyada yayılan iğtişaşların videoları Fransanın imicinə xələl gətirir", - o deyib.

MEDEF rəhbəri vurğulayıb ki, son günlər ərzində 200 mağaza tamamilə talan edilib, 300 bank filialı dağıdılıb. 250-yə yaxın tütün mağazası da qarət edilib. Bəzi ticarətçilər soyğunçuluqla yanaşı, iğtişaşçılar tərəfindən yandırılan yanğınlardan da əziyyət çəkirlər.

Daha əvvəl AFP xəbər verib ki, iğtişaşlar fonunda, xüsusilə ABŞ-dan olan əcnəbilər Paris otellərində sifarişlərin 25%-ə qədərini ləğv ediblər.

Xatırladaq ki, Fransada iğtişaşlar iyunun 27-də əlcəzairəsilli 17 yaşlı sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayıb. Polisin qətli ölkədə geniş narazılığa səbəb olub. Etiraz və qarşıdurmalar zamanı minlərlə insan saxlanılıb, 200-dən çox polis əməkdaşı yaralanıb. (Report)



Oxşar Xəbərlər

Xəbər lenti