Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin məhkəməsi davam edir

Sentyabrın 20-də Tbilisi Şəhər Məhkəməsi 2007-ci ilin noyabrında hökumət əleyhinə nümayişi zorakılıqla dağıtmaq ittihamı ilə üzləşən Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin məhkəməsini bərpa edib. Saakaşvili və tərəfdarları bu prosesin siyasi motivli olduğunu deyərək, ittihamları rədd edirlər.

Sozcu.info xəbər verir ki, Məhkəməyə video-bağlantı vasitəsilə qoşulan zəifləmiş Saakaşvili Tbilisi xəstəxanasından "Gürcüstanda hər kəsi" salamlayaraq, "mən hələ də zəifəm, amma ruhum yüksəkdir, çünki o, bütün gürcü xalqına məxsusdur" deyib.

Saakaşvili hökumətinin keçmiş üzvləri - Vano Merabişvili, Zurab Adeişvili, David Kezeraşvili və Qiqi Uqulava da eyni iş üzrə təqsirləndirilirlər.

2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Saakaşvili səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq, 6 il müddətinə azadlıqdan məhrum edilib. Başqa bir ittihama əsasən, o, 2021-ci ilin oktyabrında "özünün elan etdiyi" sürgündən Gürcüstana qayıdanda sərhədi qanunsuz keçib.

Keçən ilin may ayından Tbilisidəki özəl klinikalardan birində müalicə almasına baxmayaraq, ailə üzvləri və vəkilləri aylardır Saakaşvilinin səhhətinin pisləşdiyi barədə xəbərdarlıqlar edib.

Saakaşvilinin həkim komandası 2021-ci ilin oktyabrında onun həbsxanaya düşməsindən və həbsinə etiraz olaraq dəfələrlə aclıq aksiyası keçirməsindən sonra səhhətinin pisləşdiyini bildirib.

Saakaşvilinin vəkillər qrupu da onun həbsdə olarkən tərkibində ağır metallar olan maddələrlə zəhərləndiyini iddia edib.

55 yaşlı siyasətçinin 2021-ci ildə həbsindən bəri tərəfdarları və müxalifət fəalları onun dərhal azadlığa buraxılması tələbi ilə bir neçə dəfə kütləvi mitinqlər keçirib.

Saakaşvili Ukrayna vətəndaşıdır və Ukrayna prezidenti Volodimir Zelenski iyulun əvvəlində Rusiyanın Saakaşvilini Gürcüstan hakimiyyətindən özünün müvəkkili kimi istifadə edərək, öldürdürməyə çalışdığını deyib. O, həmçinin ölkəsinin Xarici İşlər Nazirliyinə Gürcüstan səfirini çağırıb etirazını çatdırmasını tapşırıb.

Avropa İttifaqı da Saakaşvilinin səhhətinin pisləşməsi ilə bağlı narahatlığını ifadə edib.



Oxşar Xəbərlər

Xəbər lenti