27-09-2024, 11:44
19-09-2024, 00:17
19-09-2024, 00:12
18-09-2024, 21:22
15-09-2024, 11:28
2020-ci il Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına əbədi həkk olundu. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün sonra tarixi Qələbə ilə başa çatdı. Uzun ayrılıqdan, həsrətdən sonra 8 noyabrda Qarabağın baş tacı sayılan Şuşa düşmən tapdağından azad edildi. 8 Noyabr – Zəfər Günü kimi yaddaşlara qızıl hərflərlə yazıldı. Və nəhayət 10 noyabr 2020-ci il tarixdə imzalanmış Üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. 10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası olmaqla bərabər, uzun illər davam edən işğala son qoydu.Bəyanatın imzalanması münaqişənin hərbi mərhələsinin başa çatması ilə nəticələndi və Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Ən əsası isə 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.
İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.
Bu gün də dillərə dastan olan 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Hər kəs bir daha şahidi oldu ki, həmrəylik Azərbaycan xalqının böyük sərvəti və dəyəridir. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. . Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Bu günlər Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Biz birlikdə güclüyük! Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir.
44 günlük müharibə ərzində qardaş ölkə Türkiyənin açıq dəstəyi bir çoxlarının müdaxilə cəhdlərini alt-üst etməyi bacardı. Türkiyədən gələn bütün dəstək və həmrəylik nümayişi xalqımızı Qələbəyə bir az da ruhlandırdı. Buna görə də, 2021-ci il 15 iyunda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki qardaş ölkə arasında əlaqələri ən yüksək zirvəyə çatdırdı.
10 noyabr Bəyanatının imzalanması ilə ölkəmizin əldə etdiyi ən önəmli siyasi uğurlardan biri Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına razılıq əldə olunması və bu məsələ ilə bağlı müvafiq Komissiyaların yaradılması oldu. Və əlbəttə ki, Bəyanatın ölkəmizə verdiyi ən böyük üstünlüklərdən biri də sonrakı illərdə imzalanmış digər bəyanat və razılaşmalarda Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktının təsbit olunmasıdır. O cümlədən Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanat Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu. Həmçinin bu fakt Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixli birgə Bəyanatlarında da öz əksini tapıb. Beləliklə, üç il bundan öncə savaş meydanında əldə etdiyi tarixi Qələbəsinin Azərbaycan bu gün artıq bütün siyasi-diplomatik müstəvilərdə də yetərincə təsdiqinə nail olub. 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində ‘‘Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu və dövlət bayrağımız dalğalandırıldı. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir.
Vətən müharibəsinin başa çatmasından 3 il sonra – 2023-cü il sentyabrın 19-da cəmi bir gün davam edən Lokal Antiterror tədbirləri nəticəsində Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin
qaldığı digər ərazilərimiz də tam şəkildə Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
Oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici gününü yaşadı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. Artıq Qarabağ tam azaddır. Burada genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Qəbul edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması işləri uğurla həyata keçirilir. Azad edilmiş rayonlarda böyük ərazilərdə minlərlə partlamamış hərbi sursat zərərsizləşdirilib və bu işlər davam edir.
Seyid Seyidov
Zığ RİHB-nın Zığ QİƏD üzrə nümayəndəsinin müavini
Sozcu.info