8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Yeni Müsavat”ın müsahibi sabiq xarici işlər naziri Tofiq Zülfüqarovdur. Onunla ABŞ-la İran arasında general Qasım Süleymaninin Bağdadda öldürülməsindən sonra yaranan gərginlik, eləcə də müharibə təhlükəsinin hələ də qalıb-qalmaması ətrafında söhbət etdik.
- Tofiq bəy, ABŞ-la İran arasında yaşanan son hadisələri necə dəyərləndirirsiz? Sanki müharibə təhlükəsi sovuşub...
- Nəticə göz qabağındadır. Hesab edirəm ki, indiki mərhələdə məsələlər bu səviyyədə tamamlandı. Amma ortada qarşıdurma səbəbləri mövcuddur. Digər tərəfdən, Yaxın Şərqdəki proseslər onu göstərir ki, regiondan kənarda olan qüvvələr ilk növbədə bölgədə şiə və sünni liderlərin toqquşmasını istəyirlər. Bu amildən istifadə etmə cəhdləri özünü açıq şəkildə göstərir. Şiə ölkəsi olan İran öz iddialarını gizlətmir və nüfuzunu qaldırmaq üçün yürütdüyü siyasət özünü açıq şəkildə büruzə verir. Burada Qasım Süleymaninin fəallığı görünürdü. ABŞ-İran qarşıdurması regiondan kənarda olan qüvvələrin marağındadır. Köhnə ssenari üzərində qarşıdurma davam edəcək.
- Azərbaycan istiqamətindən son prosesləri necə dəyərləndirirsiz?
- Ölkəmizdə İslam dininin müxtəlif məzhəbləri mövcuddur. Xarici qüvvələr istəsə ki, Azərbaycanda hər hansı bir qarışıqlıq olsun, bu istiqamətdə fəaliyyət aparacaqlar. Eyni zamanda Azərbaycanda buna qarşı çox ciddi immunitet var. Hesab edirəm ki, qurulan, həyata keçirilməyə çalışılan planlar nəticəsiz qalacaq. ABŞ-İran qarşıdurmasında tərəflər hər zaman olduğu kimi, çalışacaq ki, Azərbaycan faktorundan istifadə etsinlər. Burada İranın şimalında yaşayan və milliyyətcə azərbaycanlı olan milyonlarla insanı da unutmaq olmaz. Ölkəmizdə bu məsələlərə dövlət olaraq, çox ciddi diqqət ayrılır. İrandakı bəzi dairələrin Azərbaycandakı problemlərdən istifadə etmə cəhdləri olmur. Eyni zamanda oradakı azərbaycanlıların problemləri İranın daxili problemləri kimi qəbul olunur. Deyərdim ki, əldə olunan qeyri-rəsmi saziş ölkələr arasında normal münasibətlərə şərait yaradır. Üçüncü qüvvələrin əli ilə iki ölkə arasında münasibətlərin də pozulmayacağını düşünürəm.
- Qasım Süleymaninin öldürülməsindən sonra çox ciddi iddialar meydana çıxıb. Onlarda biri də odur ki, iranlı general ölkənin gələcəkdə rəhbəri ola biləcək ən şanslı şəxs olub. Hətta onun ölümündə İranı suçlu bilənlər də az deyil. Onu ölkənin ikinci nüfuzlu şəxsi də saymaq olardı...
- Mən sizinlə razıyam ki, Qasım Süleymani nüfuzuna görə ölkənin ikinci şəxsi hesab oluna bilərdi. Son illərdə Qərbin sanksiyalarından sonra onun nüfuzu daha da qalxmışdı. Onun neft məsələsinə bağlılığı daha çox idi. İnsanlar açıq şəkildə deyirlər ki, Qasım Süleymanini öldürmək imkanları həddindən artıq çox idi. İranlı generalın Amerika hərbiçiləri ilə Suriyanın qaynar nöqtələrində şəkilləri mövcuddur. Hansısa mərhələdə Qasım Süleymaninin fəallığı, eləcə də iranlıların İŞİD-ə qarşı döyüşləri Amerika tərəfi qane edirdi. Amma hesab edirəm ki, neft məsələsində "qırmızı xətt”lərin keçilməsi baş verdi. Nəticədə vəziyyət bu yerə gəlib çıxdı. Amerika Administrasiyasının özündə də vəziyyət çox gərgindir. Demokratlar Trampın impiçment məsələsini daim önə çəkirlər. İranlı generalın öldürülməsinə demokratların reaksiyası çox tənqididir. Bu amildən də Trampa qarşı istifadə olunur. ABŞ daxilində baş verən bəzi proseslər bu və ya digər dərəcədə Qasım Süleymaninin fəaliyyəti ilə bağlıdır. Bu istiqamətdə ən müxtəlif fikirlər söyləmək olar. Deyilən səbəblərin hər birində haqlı tərəflər tapmaq olar. Məlumatlar kifayət qədər çoxdur. Hər birimiz generalın öldürülməsi ilə bağlı hansısa nəticələrə gələ bilərik.
- İranın Amerikaya cavabını qənaətbəxş hesab edirsiniz?
- Əlbəttə. Hamıya bəllidir ki, ABŞ-ın gücü İranın hərbi imkanlarından qat-qat çoxdur. Bu baxımdan belə bir müharibənin başlanmasına İranın imkan verməməsi haradasa başa düşüləndir. Populist şüar səsləndirənlər çoxdur. Siyasət elə aparılmalıdır ki, dövlətin inkişaf etsin, yəni itkilərə məruz qalmasın. Belə olan halda real siyasi nəticə qazanmaq olar. Təəssüflər olsun ki, hər bir hökumətdə olduğu kimi, İran hökumətinin də tərkibində radikal ünsürlər var. Onlar hər zaman radikal mövqelərini büruzə verirlər. Onlar öz xalqlarına fayda gətirə bilməzlər. Onların təhriklərinə uymaq çox böyük səhv olardı. Bu fikirlərim hər bir ölkəyə aiddir. Radikallar heç zaman xeyir gətirən deyillər.
- Sizcə, İrana yaxın ölkələr, onun müttəfiqləri cənub qonşumuzu son proseslərdə meydanda tək qoymadılar ki?
- Bu məsələyə öz mövqeyim var. Azərbaycanda da Süleymaninin öldürülməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bunu təqdir edənlər də, generalı şəhid, qəhrəman kimi qələmə verənlər də var. İlk növbədə onu başa düşməliyik ki, Süleymani öz ölkəsi üçün pis və ya yaxşı fəaliyyət göstərmişdi. Biz isə Azərbaycan Respublikasında yaşayırıq. İran hökumətinin rəhbərliyində müxtəlif mövqedə olan insanlar az deyil. Azərbaycan və digər ölkələrə qarşı olanlar da o hökumətdə var. Yumşaq desək, Süleymani Azərbaycanın dostlarından deyildi. Ölkəmizə dost münasibətində olanlar cənub qonşumuzda olublar və biz onların fəaliyyətini zaman-zaman izləmişik. Amma Süleymani onların sırasında deyildi. O, sadəcə, öz ölkəsi üçün qəhrəman ola bilər. Mənim üçün əziz olan o insan ola bilər ki, Azərbaycana yaxşı münasibətdə olsun. Bu, yeganə meyardır. Hər bir vətəndaşın meyarı da bu olmalıdır. Neft ixracı məsələsində onun rəhbəri olduğu təşkilat az rol oynamırdı və ciddi maliyyə mənbəyi əldə olunurdu. Sanksiyalar dövründə İran üçün maliyyə mühüm rol oynayırdı. Problemlər qismən də olsa aradan qaldırılırdı. Biz bilirik ki, iqtisadi gərginlik İranda artıb. Şəxsən mənim onun barəsində deyilən bu iddialarla bağlı heç bir məlumatım yoxdur. Amma maraqların olmaması çətin qəbul edilən bir şey olar. Siyasi rəqabət hər yerdə var və bu təbiidir. Siyasətçilər üçün bu əsas amildir. Bu iddia ilə bağlı konkret bir fikir söyləmək çox çətindir. Amma deyilənləri də istisna etmirəm.
- İran öldürülmüş generalının yerinə İsmayıl Kaani təyin etdi. O, Qasım Süleymanini əvəzləyə biləcəkmi?
- Son olaylar onu göstərdi ki, "qırmızı xətt”lər var və onu keçmək olmaz. Generalın öldürülməsi bunları açıq şəkildə göstərdi. Başqa kimsə də, onun kimi bu xətləri keçsə, eyni aqibəti yaşayacaq. Qərb də artıq başa düşür ki, gərginliyi hansı dərəcəyədək qaldırmaq olar. Eyni zamanda İran da bəzi şeyləri bilməmiş deyil. Çərçivələr daha aydın görünür. Açığı, İranın İraqda Süleymaninin vaxtında olan siyasəti davam etdirəcəyinə inanmıram. Hər halda, İraq neftindən Çin üçün istifadə edilməsi İranın işi deyildi. Çünki fövqəldövlətlər buna heç zaman imkan verməzdilər. Amerika və Çin arasındakı iqtisadi rəqabəti də unutmaq olmaz.