Ceyhun Bayramov Çavuşoğlunun müavini ilə görüşdü - FOTO

13 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Faruk Kaymakcının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramov iki qardaş ölkə arasında mövcud olan və dinamik şəkildə inkişaf edən ikitərəfli əməkdaşlıq məsələlərinin geniş gündəliyi üzrə fikirlərini qarşı tərəflə bölüşüb.
Eyni zamanda, çoxtərəfli platformalarda həyata keçirilən əməkdaşlığımızın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Faruk Kaymakçı nazir Mövlud Çavuşoğlunun salamlarını çatdırıb. İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin inkişafını məmnunluqla qeyd edib. Nazir müavini Türkiyədə baş verən yanğınlar zamanı Azərbaycanın yardımını yüksək qiymətləndirərək, bu xüsusda təşəkkürünü ifadə edib.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparıblar.




Oxşar Xəbərlər

Xəbər lenti