"Ay qızım, kömək elə…” – Bakıda eskalator zülmü - Reportaj/Foto


"Ay qızım, kömək elə bu pilləkənləri çıxım..." Bu sözlərlə "Yeni Klinika"nın qarşısındakı yeraltı piyada keçidində rastlaşdığımız yaşlı qadın bizə səslənir. Əlində tibbi sənədlər, ayaqlarında isə hər addımda hiss olunan ağrı... O, klinikaya getmək üçün pillələri qalxmağa çalışır, lakin gücü çatmır. Əməkdaşımız qadına kömək etdikdən sonra o, illərdir həllini tapmayan problemə etirazını gizlədə bilmir.

Musavat.com-un əməkdaşı paytaxtın Heydər Əliyev prospektində, "Yeni Klinika"nın qarşısında yerləşən yeraltı piyada keçidində olub. Müşahidələr zamanı məlum olub ki, keçiddə quraşdırılan eskalatorlar uzun müddətdir işləmir. Halbuki bu keçiddən ən çox istifadə edənlər məhz xəstəxanaya üz tutan yaşlı insanlar, əlilliyi olan şəxslər, əməliyyatdan çıxan pasiyentlər və onları müşayiət edən yaxınlarıdır.

Yaşlı qadın üzləşdiyi çətinliyi belə ifadə edir: "Ay qızım, xəstə adamıq, məcbur gəlirik-gedirik, zülmlə çıxırıq. Ayağımda problem var, bura Yeni Klinikaya gəlmişəm. Bu pillələri çıxa bilmirəm. İnsafları olsun. Onsuz da şəhərdə çox yerdə eskalatorlar işləmir. Heç olmasa bunu düzəltsinlər".
Doğrudan da, keçiddə hərəkət edən zaman görünür ki, insanlar ağır-ağır pillələri qalxmağa məcbur olurlar. Xüsusilə yaşlılar hər bir pilləni ehtiyatla adlayır, bəziləri isə yaxınlarının köməyi olmadan yuxarı qalxa bilmir.

Ən düşündürücü məqam isə odur ki, söhbət adi bir piyada keçidindən deyil, hər gün minlərlə xəstənin müraciət etdiyi tibb müəssisəsinin qarşısındakı keçiddən gedir. Belə bir ərazidə eskalatorların uzun müddət işləməməsi həm insanların rahatlığını məhdudlaşdırır, həm də sağlamlıq problemi yaşayan şəxslər üçün əlavə əziyyət yaradır.

Keçiddən istifadə edən orta yaşlı bir kişi də problemin uzun müddətdir davam etdiyini deyir: "Demək olar ki, hər həftə bu yoldan istifadə edirəm. Neçə aydır eskalatorların işlədiyini görməmişəm. Buradan əsasən xəstə insanlar keçir. Kimisi əlində qoltuqağacı ilə gəlir, kimisi yaşlı valideynini müşayiət edir. Belə yerdə eskalatorun işləməməsi normal deyil. Əgər quraşdırılıbsa, işlək vəziyyətdə də saxlanılmalıdır".

Klinikaya gələn başqa bir vətəndaş isə bildirir: "Anamı müayinəyə gətirmişəm. Lift yoxdur, eskalator da işləmir. Məcbur olub pillələrlə qaldırırıq. Sağlam adam üçün də çətindir, qaldı ki, xəstə və yaşlı insan olsun. Ümumiyyətlə, Bakıdakı əksər eskalatorlar ya uzun müddətdir işləmir, ya da gah işləyib, gah dayanır. Eskalatorların çoxu istifadəyə veriləndən qısa müddət sonra xarab olur. Bayraq meydanında da üç eskalatordan ikisi ümumiyyətlə iki ildən çoxdur ki işləmir, üçüncüsü isə həftədə bir neçə dəfə dayanır”.

Onu da qeyd edək ki, Bakının əsas prospektlərindən olan Heydər Əliyev prospektində yeraltı piyada keçidində eskalatorun işləməməsi problemi 2025-ci ildən bəri aktualdır. Sakinlər dəfələrlə bununla bağlı narazılığını bildirsə də, problem həllini tapmayıb. Bu ilin mayında verilən rəsmi açıqlamaya əsasən, Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində eskalator və bəzi liftlərin yenilənməsi istiqamətində hazırlıq işlərinə başlanılıb. Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən xəbərə görə, bu işlər çərçivəsində sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur. Eyni zamanda, yerüstü piyada keçidlərində quraşdırılmış bəzi liftlərin dəyişdirilməsi və əsaslı təmiri də həyata keçiriləcək.

Qeyd edilib ki, yenilənəcək eskalatorların bəziləri texniki uyğunsuzluğla quraşdırılmış, digərləri isə artıq istismar müddətini başa vurmuş qurğulardır. Vətəndaşların təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə həmin avadanlıqlar tamamilə yeniləri ilə əvəz olunacaq”. Məlumatda o da qeyd edilir ki, Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenilənərək balansa qəbul ediləcək.

Göründüyü kimi, rəsmi açıqlamanın üzərindən üç aya yaxın vaxt keçib, amma hələ ki yenilik görünmür. Bəs proses nə zaman yekunlaşacaq?

Musavat.com-un sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən bunlar bildirilib: “Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yeniləndikdən sonra balansa qəbul ediləcək.Yeni eskalatorlar artıq sifariş edilib və ilin sonunda Bakiya gətiriləcək. Hal-hazırda isə mövcüd eskalatorlara xidmət AAYDA tərəfindən həyata keçirilir”.



Oxşar Xəbərlər

Xəbər lenti